Lent.az növbəti layihəyə start verir.
Bu rubrikamızda Azərbaycanın tanınmış simalarının başına gələn məzəli hadisələr, onların dilindən səslənmiş maraqlı ifadələr, olaylar barədə danışacağıq. Axı heç bir lətifə boşuna yaranmayıb. Gəlin, birlikdə eşidək, birlikdə gülək.
Qara Qarayevin şöhrətinin bütün Sovet İttifaqına yayıldığı zamanlarmış. Hər gün günorta vaxtı Gəncədən bir yaşlı nənə radioya zəng edib, onun simfoniyalarının çalınmasını xahiş edirmiş. Getdikcə xahişlərin sayı artr, nənə gün içində bir neçə dəfə zəng edib Qara Qarayevin əsərlərinin səsləndirilməsini istəyir. Bir gün sənət adamlarının Gəncə şəhərinə qastrolu təşkil olunur və Qara Qarayev də həmin səfərdə iştirak edir. Radio əməkdaşlarından biri Qara Qarayevin gəncəli pərəsətişkarı barədə ona danışır. Dahi bəstəkarı maraq bürüyür, o fanatının ünvanın tapılmasını xahiş edir. Gəncəyə çatar- çatmaz həmin xanımın yaşadığı ünvana üz tutur.
Həyət qapısını döyür və qapını çadraya bürünmüş, 75-80 yaşlarında bir qarı açır. Qara Qarayev təəccüblənir, çünki nənə görünüşündə klassik musiqi pərəstişkarına bənzəmirdi. Bəstəkar soruşur.
- Nənə, siz hər gün radioya zəng vurub, Qara Qarayevin əsərlərinin çalınmasını xahiş edirsiniz?
- Bəli.
- Onu bu qədər çox sevirsiniz?
- Yox, ay bala, mən hara simfoniya hara. Onun əsərləri çalınan kimi uşaqlar radionu söndürür, mən də namazımı rahat qıla bilirəm, oturub Quranımı oxuyuram.