Hollivudun ən məşhur ulduzlarından biri, dünya şöhrətli Robert De Nironun Şən və Hazırcavablar Klubunun rəhbəri Anar Məmmədxanlı ilə xaş yediyini bilirdiniz?
Lent.az bu barədə maraqlı məlumatı təqdim edir.
2000-ci illərin əvvəllərində Robert De Niro Moskvaya qonaq gəlib. Həmin vaxt Moskvada səfərdə olan Anar Məmmədxanlı dostları vasitəsilə bir məclisdə Robert De Niro ilə tanış olur. Həmin gecə onlar arasında xoş münasibət yaranır. Səhərə qədər yeyib-içən məclis üzvlərinin çoxu masa başında mürgüləyir. Bircə Robert Ne Niro ilə Anar Məmmədxanlı oyaq qalırlar. Onlar sübh tezdən şəhəri gəzməyə çıxırlar. Yolda Hollivud ulduzu soruşur: “Bakıda bu vaxtlar nə edirlər, səhərlər insanların əsas məşğuliyyəti nə olur?”
Anar zarafatla cavab verir ki, bu vaxt ancaq xaş yeyirlər. Ulduz xaşın nə olduğunu soruşur, Anar da başa salır. O xaş yemək istədiyini bildirir.
Anar səhər tezdən bütün tanışlarına zəng vurub, harada xaş yeyə biləcəklərini soruşur. Nəhayət Bakı yəhudilərinin xaş bişirdiyi balaca bir kafe tapırlar.
Kafe gözlənilənin əksinə lüks yer olmayıb. Zirzəmidə yerləşən sadə bir yeməkxanaya giriblər.
Anar qonağı ilə xaşxanaya daxil olanda heç kim Hollivud ulduzunu tanımayıb. Onunla görüşüblər, “sənin qonağın bizim də qardaşımızdır” deyirlər. Lakin qonaqlarının dünya şöhrətli aktyor olduğunu biləndə onlardan birinin həyəcandan ürəyi gedib. Anarın təbiri ilə desək, yağlı, sarımsaqlı dodaqları ilə Roberti öpməyə başalyırlar.
Həmin gün o balaca yeməkxanadakı məclis Robert De Nironun o qədər xoşuna gəlib ki, onlar səhər saat 6-da getdikləri xaş məclisindən ayağa qalxanda axşam saat 6 imiş.