“Anarı Azərbaycan Yazıçılar Birliyinin yeni sədri kimi qəbul etmirəm”
Bu fikirləri Lent.az-a açıqlamasında şair Emil Rasimoğlu deyib.
Xatırladaq ki, bu gün Azərbaycan Yazıçılar Birliyinin 13-cü qurultayı keçirilib. Xalq yazıçısı Anar növbəti dəfə AYB-nin sədri seçilib. Qurultay nümayəndələri olan Emil Rasimoğlu və Fuad Cəfərlinin namizədliyi isə səsə qoyulmayıb.
Emil Rasimoğlu deyir ki, Azərbaycan Yazıçılar Birliyinin 13-cü qurultayı birmənalı olaraq bundan əvvəlki qurultayların təkrarı oldu:
“Qurultayın məqsədi isə Anarı Azərbaycan Yazıçılar Birliyinin nizamnamə qaydalarına zidd olaraq yenidən sədrliyə gətirmək idi. 2019-cu ildən Azərbaycan Yazıçılar Birliyinin sədrliyinə namizəd olacağımı elan etmişdim. Bu günlərdə qurultay nümayəndəsi seçildim. Qurultay nümayəndəsi seçilən şəxsin öz namizədliyini irəli sürmə hüquqları da var. Bu, Azərbaycan Yazıçılar Birliyinin nizamnaməsində də qeyd olunub. Bundan irəli gələrək mən də öz namizədliyimi irəli sürdüm. Çox təəssüflər olsun ki, 13-cü qurultayda namizəd olaraq bizə söz verilmədi, bizi dinləmədilər. Namizədlərin haqqını hüququnu tanımayıb, Azərbaycan Yazıçılar Birliyinin nizamnaməsinə zidd olaraq Anarı sədr seçdilər. Məsələ ilə bağlı kifayət qədər öz etirazımızı bildirdik”.
Rasimoğlunun dediyinə görə, Anarı Azərbaycan Yazıçılar Birliyinin yeni sədri kimi qəbul etmir:
“Anar 35 ildir ki, Azərbaycan Yazıçılar Birliyində demokratik fikir, islahat, gənc kadr kimi amilləri zərrə qədər tanımayıb. Əgər, tanıyırsa, Azərbaycan Yazıçılar Birliyinin rəhbər heyətində fəaliyyət göstərən 5 gəncin adını çəksin. Azərbaycan Yazıçılar Birliyindən getmək fikrim yoxdur. Mənim məqsədim Azərbaycan Yazıçılar Birliyini Anardan xilas etmək olacaq”.