Almazxan: Mən səsimi cibimə qoyub gəzmirəm
Onu çoxu sosial şəbəkələrdə yayılmış səsi ilə tanıyır “Şəhidlər”, “Qatarımız ilan kimi süründü”, “Turan ellər” mahnıları ilə bu gün özünün xəbəri də olmadan məşhurlaşmış müğənni Almazxan Ağdamlı ilə söhbət edirik.
Almazxan çox qəribə, çox sadə, kənd adamı ruhunu itirməmiş bir sənətkardır. Ağdamın Üçoğlan kəndində doğulub, elə orada da yaşayır. Maraqlı səs tembri var. İfa edəndə elə bilirsən mahnını bir yox, iki nəfər oxuyur. Qəribəsi budur ki, bu səs texnikasını mükəmməl ifa edən bu adamın musiqi təhsili yoxdur. Söhbətimiz heç də asan alınmır. Müsahibə verməyə sıxılır.
- Vallah, xoşum gəlmir televiziyaya, qəzetə, sayta çıxmaqdan.
- Niyə?
- Nə bilim, yorulmuşam. Müsahibə verməmişəm indiyə qədər. Guya versəm nə olacaq ki?
- Axı, insanlar sizi daha yaxından görmək, bilmək istəyirlər. Toydan yorulan tək müğənni də sizsiniz.
- Mən bəzi məşhurlar kimi səsimi cibimə qoyub getmirəm toya. Canlı oxuyuram. Bir dəfə fonoqram oxumaq istədim, bildilər, utandım. Bizim zonanın toyları mənsiz keçmir. Hətta başqa yerdən müğənni çağıranda belə mağardan çıxan kimi musiqiçilər də, oynayanlar da dayanır. Deyirlər Almazxan qayıtsın sonra. Ağdamda toy oxumaq asan iş deyil. Bura başqa yerdən müğənni gəlib oxuyanda mənə deyir, “anan ölsün, sən nə zülüm çəkmisən?!” Amma hər toya da getmirəm, toy üçün ölən adam da deyiləm.
- Xəbəriniz varmı ki, mahnılarınız sosial şəbəkələrdə çox yayılıb.
- Doğrudan? Hansı mahnı?
- “Turan ellər” son zamanlar trend olub.
- Bilmirdim. Şəmistan Əlizamanlının ifasında eşitdim. Dedim mən də oxuyum. “Şəhidlər” mahnımdan sonra məni televiziyaya çağırdılar, amma bilmirdm ki, o mahnını orda Şahmarla duet oxuyacaqlar. Onunla da səsimizin zili bəmi tutmadı. Utandım etiraz eləməyə. Gərək oxumazdım. İndi fikrim var, bu 3 mahnını studiyada səliqəli şəkildə yazdırım.
- Toylara neçəyə gedirsiniz?
-700-1000 manat arası. Camaatın dolanışığını nəzərə almaq lazımdır da.
- Öz dolanışığınız necədir?
- Şükür, hər şeyim var.
- Musiqi təhsiliniz var? Çünki muğamları, populyar mahnıları peşəkar tərzdə ifa edirsiniz.
- Yox musiqi təhsilim yoxdur. Ağdamın özü elə məktəbdir.
- "Qatarımız ilan kimi süründü" mahnısı necə yarandı?
- Qardaşım həbsxanadan bir kitab gətirmişdi. Sözləri ordan götürdüm. Zakir Fəxri yazmışdı. Onun bu şeirini əvvəl “Sarıköynək” mahnısının melodiyası üstündə oxudum. Sonra bədahətən bu melodiya yarandı. Sevildi. Əgər Zakir Fəxri sağdırsa o adamı görmək istəyərdim. Heç tanımıram onu.
- Almazxan bəy, sizin haqqınızda tamaşaçılar çox şey öyrənmək istəyir . Necə bir insansınız?
- Yeyib içən oğlanam. Hər kişi yeyib içən ola bilmir ha. Adam var simicdi, 5 əlli yapışıb bu 5 günlük dünyadan. Yaxşı kişidən bu dünyada yaxşı da ad qalmalıdı. Yaxşı kişinin çörəyini yeyərlər.