Yoxlama ilə bağlı əmr bizə gəlib çıxmamış artıq mətbuatda yayılmışdı ki, Kukla Teatrına yoxlama gəlir. Bu cür məsələlərin ictimailəşdirilməsi teatrın fəaliyyətinə zərbədir.
Lent.az-ın xəbərinə görə, bunu Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə deyib.
Rəşad Əhmədzadə teatrdakı yoxlamadan da danışıb: "Maraqlandım, yenə də yoxlama ilə bağlı əmri tapa bilmədim. Sonra tapılan əmrdə möhür yox idi, ikinci əmr də düzgün formada deyildi. Nəticə etibarilə belə çıxdı ki, nazirlik və oradakı əməkdaşlar bizim teatrımızın adını bilmir".
Direktor nazirliyin dövlət planı siyasətini tənqid edib: "Bütün söz-söhbətlər teatrımızın 90 illik yubileyi və ondan sonra verdiyim müsahibəyə görə başladı. Keçmiş nazir müavini ilə aramızda olan söhbətdən sonra ölkədə olan teatrların dövlət planı azaldıldı, bizimki isə artırıldı. Bir neçə dəfə xahişdən sonra bir az azaltdılar".
Direktor deyib ki, Kukla Teatrında korrupsiyadan söz gedə bilməz: “Bu, mənə yönəlmiş plandır, məni işdən çıxarmağa çalışırlar. Çünki yayda Lent.az saytına müsahibə verərək, nazirliyin teatrımıza yanaşmasını tənqid etmişdim".
Onun fikrincə, təşkil olunan yoxlamalar qərəzli xarakter daşıyır və onun işdən atılmasına hesablanıb:
"Heç vaxt heç kimə iş üçün yalvarmamışam. İşə girmək də olar, işdən ayrılmaq da. Nöqsan varsa, cavab verməyə hazıram. Amma sifarişli olmasın. Yoxlama bitəndən sonra ad çəkəcəyəm ki, bu, kimin sifarişidir".
***
18:06
Azərbaycan Dövlət Kukla Teatrında yoxlamalarla bağlı mətbuat konfransı keçirililəcək.
Mətbuat konfransından öncə teatrın mətbuat katibi Həmidə Nizamqızı Lent.az-a bildirib ki, komissiyanın yaradılmasında əsas səbəb iyul ayında Lent.az saytına teatrın direktorunun verdiyi müsahibədir.
"Həmin müsahibədə direktor, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə bildirib ki, mədəniyyət naziri bütün teatrları təltif etsə də, qocaman Kukla Teatrının yubileyinə gəlməyib. Halbuki teatrın yubileyi nazirlik səviyyəsində qeyd olunmalı idi.
Məhz bu çıxışdan sonra nazirlikdə Rəşad Əhmədzadəyə qarşı soyuq münasibət yaranıb və onlar davranışlarında bunu təsdiq ediblər. Nazirlik əməkdaşları gecə ilə bir-birinə xəbər veriblər ki, Kukla Teatrına yoxlama gələcək və bu barədə teatra heç bir xəbərdarlıq edilməyib.
Bundan başqa, teatra göndərilən yoxlamalarda 5 nəfər əməkdaşın əvəzinə 7 nəfər gəlib. Yoxlamaların absurd şəkildə həyata keçirildiyi bildirilir. Bir nöqsan tapmasalar belə, teatr əməkdaşlarının dilindən izahat alınıb.
Bu şəkildə yoxlamaları teatr rəhbərliyi qanunsuz hesab edir".