Kitab oğurlayan deputatımız kimdir? - Özü  AÇIQLADI  - SORĞU
08 iyun 2021 17:42 (UTC +04:00)

Kitab oğurlayan deputatımız kimdir? - Özü AÇIQLADI - SORĞU

İyunun 7-də iki gəncin Bakıdakı məşhur mağazadan kitab oğurlaması ilə bağlı sosial şəbəkələrdə yayılan xəbər hər kəsi təəccübləndirib. 

Gəncləri polisin saxlaması isə birmənalı qarşılanmayıb. Bəziləri mağaza sahibini polisə müraciət etməkdə qınasa da, digərlərinin fikrincə, hər bir oğurluğun cəzası olmalıdır.

Lent.az məsələnin aktual olduğunu nəzərə alıb tanınmış yazıçılar arasında sorğu keçirdi: Kitab oğurluğuna necə baxırsınız və kitab oğurlamısınız? 


Deputat Aqil Abbas

"Dəyəri yüz manatdan aşağı olan oğurluq cinayət sayılmır. O dərəcədə böyütməli deyildilər. Elə oradaca məsələni həll etməli idilər. “Əli və Nino” pul vermədən reklam olundu.

Dost-tanışdan o qədər kitab oğurlamışam ki... Mənim kitablarımı oğurlayanlar da olub. 

Bir dəfə M.F Axundov adına Milli Kitabxanadan “Molla Nəsrəddin”nin toplusunu oğurlamışdım. Sonra bir dostum gedib kitabxanaya, axtarıb tapmamışdı. Dedim ki, məndə var. Haradan əldə etdiyimi soruşanda, Axundov kitabxanasından oğurladığımı söylədim. Onun dediyinə görə, kitabxana hamınındır və mən hamının kitabını oğurlamışam. Bu sözdən sonra kitabı təhvil verdim. Nəzarətçi qadın polisə zəng edəcəyini dedi. Bildirdim ki, istəsəm, gətirməzdim. 

Dostlardan da kiminsə kitabını götürəndə, bir-birimizə zəng edib demişik ki, kitabın məndədir. 

Yazıçı Elçin Hüseynbəyli 

Bu çoxdanın deyimidir: "Kitab oğurluğu, oğurluq hesab olunmur". “Facebook”da iki gəncin kitab oğurluğu məsələsi ilə qarşılaşanda, əvvəlcə düşündüm ki, bu, yəqin kreativ gənclərin piar kampaniyasıdır. Kitab nə qədər əhəmiyyətli, qiymətlidir ki, hətta oğurlamağa cəhd edənlər də var. Düzü, mən əvvəl belə düşündüm. 
Sonra gördüm ki, bu ciddi məsələdir və “Əli və Nino”dan iki kitab götürülüb. Mən buna oğurluq deməzdim.

“Əli və Nino”nun bu addımı niyə atdığını bilmirəm. Etməyə də bilərdilər. Bunun həm də kitabın piarına hesablandığını düşünürəm. Əlbəttə, “Əli və Nino”nun rəhbərliyi polisə müraciət etməyə bilərdi. Ola bilər ki, həm özlərinin, həm də kitabın reklamı üçün ediblər. Bunun ədəbiyyata, kitaba bir ziyanı olmadı. 

Mənim otağımdan cavan şairlərdən biri oğurluq etmişdi. İlk kitablarımdan biri idi və arxiv üçün saxlamışdım. Müəyyən vaxt keçəndən sonra özü də etiraf elədi. Bağışladım. 

Bir dəfə mağazada lotoreya oynayırdıq. Pozurduq, necə manat düşürdüsə, kitab alırdıq. Pozdum, gördüm ki, heç nə düşmür. Bir kitabın arasına lotoreyanı qoyub, aradan çıxdım. Səhv etmirəmsə, Dostoyevskinin “Cinayət və cəza” əsəri idi. 

Yazıçı Sevinc Elsəvər

Satıcıları pis vəziyyətdə qoyacağıma görə heç vaxt belə iş tutmaram. Məsələn, öz övladlarıma da tövsiyə etmərəm. Əslində, heç kimə tövsiyə etmirəm. Amma bu nadir bir hadisə kimi yaşandığından, maraqlı gəldi. Bizim ölkədə kitaba münasibəti bilirsiniz. Kitabı zəruri ehtiyac kimi görən insanların olmasını bilmək xoş idi. Kaş ki, o kitablar hamısı kitabxanalarda bütün oxucular üçün əlçatan olaydı. Ehtiyac duyan adamlar kitabxanalara üz tutardı. Qiyməti çox bahadır.

"Əli və Nino" kitab mağazasında 400 manata da kitab var. Böyük bir atlasdır. Hətta coğrafiyanı çox sevən oğlum üçün məmnuniyyətlə alardım onu. Ancaq heç olmasa, 100 manata olsaydı. Qiymətini öyrənəndə sındı qol-qanadım yanıma düşdü. Təsəvvür edin, mən necəsə o kitabı oğurlayıram. 400 manatlıq malı. Bunun cavabını kim verir? Satıcı. Təbii ki, bu mənada yaxşı qiymət vermirsən. Kitab oğurlamayan" kitab qurdu" yoxdur.

Mən də oğurlamışam. Ancaq hansısa mağazadan yox! Hətta elə yerdən oğurlamışam ki, orda o kitaba ehtiyac görülmədiyini anlamışam. Belə işi də axırıncı dəfə tələbə olanda tutmuşam. İndi həm qorxağam, həm utancaq, həm də daha ədalətli. 

Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı Rəşad Məcid 

Kitab oğurluğu digər oğurluqlardan fərqlidir. Amma bütün hallarda kitab mağazasından oğurluq eləmək məqbul və yaxşı hadisə sayılmaz. 

Gəncliyimdə sevdiyim kitabları dostlarımın evində görəndə götürmüşəm. Bir dəfə Şuşada dostum Vaqifin nənəsi Tubu nənənin evindən Cəmşid Əmirovun “Qara volqa” kitabını oğurladım. Sonra Vaqifə dedim və kitabı qaytardım. Kitab oğurluğu zarafatyana olub, oxuyub qaytarmışıq. 

Bu hadisənin ictimailəşməsi yersiz idi. Bir az qınaqla yola vermək olardı. 

Filosof Müşfiq Şükürlü 

Həyatımda iki dəfə kitab oğurlamışam. 15 və 19 yaşlarımda. Yaxşı xatırlayıram. Biri fizika kitabı idi, digəri kimya. Çox utanmışdım. Özümə Leninin bir sözü ilə təskinlik verirdim: "Kitab oğrusu oğru sayılmaz". İkisini də yaxşı xatırlayıram. Çünki oxuya bilmədim onları. Sanki kitablar qoymadı. Ateist idim, amma bu "anomaliya" da yaxşı qaldı yadımda. Haramın bərəkəti olmaz. 

Kitab oğurluğu pis şeydir. Heç cür haqq qazandırıla bilməz. İnsanlar zəhmət çəkirlər, kitab yazırlar, sonra naşirlər maya qoyub kitabı nəşr edirlər, satıcılar da alıb satırlar... nə qədər insanın haqqı var o kitabda. 

Amma sərt cəzalandırma tərəfdarı da deyiləm. Onqat qiymətini alıb buraxardım oğruları.

Yazıçı-jurnalist Ayxan Ayvaz 

İlk dəfə məktəb kitabxanasından oğurlamışdım. Mopassanın kitabı idi. İlk dəfə Mopassanı oğurluq kitabdan oxudum. Sonra işin üstü açıldı, kitabxanaçı vaxt qoydu ki, gətirməsən, pulunu verəcəksən. Məndən başqa da kitabxanaya gedən yox idi. İlk şübhələndiyi mən olmuşdum. Pulu aparmağa gedəndə dedi, lazım deyil, qalsın səndə. Ondan sonra oğurlamaq istəmişəm, alınmayıb. Bacarıqsızam bu sahədə. Yoxsa xeyli kitab oğurlayardım.

Düzü, oğurluq oğurluqdu. Amma yazı yazmışdım bu haqda, rəylərdən məlum oldu ki, insanlarımız kitab oğurluğunu oğurluq saymır. Hətta kitab oğurlayanları alqışlayanlar da vardı. Məncə, ölkədə milyonlar oğurlayanların yanında kitab oğurlamaq çox pak hadisə kimi görünür. Ona görə də heç kim kitab oğurluğunu qəbahət saymır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5583
avatar

Nigar Adil

Oxşar yazılar