İspaniyanın Kataloniya bölgəsində səhiyyə orqanları əhaliyə və turistlərə təhlükəli heyvanlardan, xüsusilə də yarasalardan uzaq durmağı tövsiyə ediblər.
Lent.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Əsas narahatlıq – quduzluq
Rəsmi açıqlamaya görə, bölgədə baş verən heyvan hücumlarının 21 faizi quduzluq ötürülməsi riski daşıyır. Ən böyük təhlükə mənbəyi isə xəstə yarasalardır. Hakimiyyət xəbərdarlıq edir: hətta yarasa zərərsiz və ya yaralı görünsə belə, ona toxunmaq olmaz. Belə hallarda mütləq yerli qurumlara məlumat verilməlidir.
Hansı heyvanlar risk daşımır
Kataloniya yerüstü endemik quduzluqdan azad zona hesab olunur. Bu isə itlər, pişiklər və tülkülərin infeksiyaya yoluxmadığı anlamına gəlir. Lakin bölgədə quduzluq daşıyan yarasaların aşkarlanması halları qeydə alınıb.
Turistlər üçün xəbərdarlıq
İyun, iyul və avqust aylarında heyvan hücumları ən çox artıb. Çoxu turizm səfərləri zamanı küçələrdə və ya məişətdə baş verib. Quduzluq əsasən dişləmə, cızıq və yoluxmuş heyvanla sıx təmas nəticəsində keçir.
Əgər turist yarasa ilə hər hansı təmasda olubsa, zədələnmiş nahiyəni dərhal sabunlu su ilə yumaq və ən yaxın tibbi mərkəzə müraciət etmək lazımdır. Belə hallarda həkimlər adətən quduzluq əleyhinə dərmanlar tətbiq edir və zəruri hallarda peyvənd kursu təyin edirlər.
Ölümcül nəticə riski
Səhiyyə xidmətləri bildirir ki, quduzluğun qarşısını vaxtında tibbi müdaxilə ilə almaq mümkündür. Lakin xəstəliyin simptomları başladıqdan sonra onu sağaltmaq mümkün deyil və demək olar ki, həmişə ölümcül olur.