Sovet dönəmində Azərbaycan dilində səsləndirilən xarici filmlərin (bu filmlər əsasən Sovet kino sənayesinin məhsulları olurdu) dublyajının dadı hələ də damağımızdadır. Filmlər o qədər yüksək keyfiyyətlə tərcümə edilir, səsləndirilirdi ki, orijinalından çox az fərqlənirdi. Yadıma gəlir, o zaman bir çox rus filmlərini səsləndirən Səməndər Rzayev damağında siqaret çəkən adamı səsləndirərkən, barmağını siqaret kimi ağzına qoyub danışmasından bəhs etmişdi. Səsdə bənzərlik olsun deyə. Bu yüksək peşəkarlıqdan və işə sevgidən irəli gəlirdi.
Sonrakı illərdə dublyaj sahəsində ciddi boşluq və böyük problemlər yarandı. Maliyyə çətinlikləri səbəbi ilə bütün filmi yalnız bir aktyor səsləndirdi və bu səsləndirmə sadəcə texniki xarakter daşıyırdı. Nə emosiya var idi, nə bədiilik. Sadəcə hərfi tərcümədən söhbət gedirdi. Sonrakı illərdə müxtəlif dublyaj studiyaları fəaliyyətə başladılar və hər biri də özünəməxsus bir yolla getməyə başladı. Eyni bir filmi üç müxtəlif tərcümədə, üç müxtəlif səsləndirmədə dinləyərkən tamamilə fərqli filmlərə baxırmış kimi hiss edirdin. Bir dəfə tərcüməsinə baxdığım bir Hollivud filmində ingilisin “Ətağa” deyərək and içməsi diletantlığın zirvəsi kimi məni heyrətləndirmişdi. Film komediya deyildi, amma komediya olsaydı belə, bunu sadəcə tragikomediya adlandırmaq olardı.
Bu gün Azərbaycanda dublyajda hansı problemlər var? Dublyaj aktyoru Rəşad Səfərlinin sözlərinə görə, dublyajda problemlər çoxdur. Ən birinci problem bu sahəyə az maliyyənin ayrılmasından qaynaqlanır.
“Filmlərin keyfiyyətsiz səsləndirilməsində bir neçə problemlər var. Televiziyaların dublyaj studiyalarında avadanlıqlar istənilən səviyyədə deyil. Qulaqcıqdan monitora qədər əksər qurğular köhnədir. Filmlərin lisenziyalı olmaması da problem yaradan səbəblərdəndir. Filmlərdə səslər 4-5 xətdən ibarət olur- aktyorun səsi, interküy, təbiətin səsi və s. Pirat filmlərdə bu itib-batır. Maliyyə az ayrılanda ciddi kadr və aktyor çatışmazlığı yaranır. Dünyanın bir çox ölkəsində filmlərdə uşağı uşaq səsləndirir. Bizdə isə yaşlı nənə-babalar uşaq səsi çıxarırlar. Ciyildəməklə həm qulağı incidirlər, həm filmi gözdən salırlar, bu uşaq səsi olmur axı. İllərdir adını çəkmək istəmirəm, 60 yaşlı aktrisamız uşaq rollarını səsləndirir. Bəyəm istedadlı bir uşaq tapıb gətirmək olmaz? İncəsənət Kollecində o qədər istedadlı uşaqlar var ki, onları yetişdirsinlər. Kinostudiyaya cəlb etsinlər. Televiziyalarda təcrübə keçməyə aparsınlar”,- deyə aktyor qeyd edib.
“Filmlərdə səslər düzgün seçilmir. Orijinala oxşar səs tapılmalıdır”,- deyən aktyor qeyd edib ki, bütün dünyada məşhur olan ulduzları adətən hər ölkədə yalnız bir aktyor səsləndirir:
“Bizdə buna əhəmiyyət verilmir. Bir zamanlar hansısa ulduzun səsi olmaq özü böyük prestij sayılırdı, dublyaj aktyoru həmin ulduzu səsləndirdiyinə görə, xüsusi qonorar alırdı. Bir zamanlar Türkan Şorayı səsləndirən aktrisa dünyasını dəyişəndə Türkan Şoray daha mənim səsim öldü, səsim batdı demişdi”.
Dublyaj aktyorlarının qazancı da narahatlıq yaradan məqamlardandır.
Keçmişdə kateqoriyaya bölünərdi, baş rol səsləndirən aktyor artıq pul alırdı. İndi bir filmi 5 aktyor dublyaj edirsə, hamısına 40 manatdan ödəniş edilir, hər səs dəqiqəsi üçün 1 manat ayrılır. Tərcümənin keyfiyyətinə fikir verilməlidir. Bəzən frazeoloji ifadələri də olduğu kimi tərcümə edib gülünc vəziyyət yaradırlar.
Azərbaycan tamaşaçısı türk filmlərinin bizim dilə tərcümə edilməsindən narazıdır. Məsələn, Kamal Sunal filmlərində Şabanın türk dilində, qalan rolların Azərbaycan dilində səsləndirilməsi fikir qarışıqlığı yaradır. Amma keyfiyyətli iş ortaya qoyan studiyalar da var. Dövlət televiziyasında, İctimai kanalda maraqlı və keyfiyyətli materiallara rast gəlmək olur.
Bir çox ekspertlər qeyd edirlər ki, bütün televiziya kanalları üçün filmlər vahid mərkəzdə dublyaj olunmalıdır. Dublyaja peşəkarların cəlb edilməsində yaşanan problemin bir səbəbi də Azərbaycanda hər telekanalın özünün dublyaj studiyasının fəaliyyət göstərməsidir. Bədii, sənədli, cizgi filmlərinin mərkəzləşdirilmiş qaydada, peşəkar səviyyədə dublyajına ehtiyac var. Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası da bu quruma nəzarət etməlidir. Bu, həm televiziyaların təkrarçılıq etməmələrinə kömək edər, həm də ortaya keyfiyyətli iş çıxarar. O zaman ingilis dayı daha özünə inandırmaq üçün Ətağaya and içməz, Ceki Çan Sarı Seyidin cəddinə sığınmaz.