İrandan qaçıb Bakıya necə sığındı? – İndi adına böyük küçə var
10 fevral 2023 20:15 (UTC +04:00)

İrandan qaçıb Bakıya necə sığındı? – İndi adına böyük küçə var

Ağa Nemətulla küçəsi...

Hər gün keçdiyiniz küçələrin niyə bu adları daşıdığını bilirsiniz? 

Doğma küçələrimizin yad adları çox vaxt diqqətimiz çəkir. Niyə qoyulub bu adlar?

İnsanın ağlına ilk gələn budur ki, əgər bir küçəyə hansısa ad verilibsə, deməli, bunun bir səbəbi var. 

Bəs biz, hər gün keçdiyimiz küçələrin tarixini niyə bilmirik? 

Lent.az elə burdan yola çıxaraq “Bizim küçələr” adlı rubrikasının növbəti yazısı “Ağa Nemətulla küçəsi”nin tarixi ilə bağlı olacaq. Haqqında danışacağımız küçə Bakının Nərimanov rayonunda yerləşir. 

Bu küçə paytaxtın Yusif Vəzir Çəmənzəminli küçəsi ilə Heydər Əliyev prospektini birləşdirən, “Nərimanov” metrostansiyasının yanından keçərək xalq arasında “Montin bazarı” kimi tanınan yerə qədər uzanır.

Bəs bu məşhur küçəyə adı verilən Ağa Nemətulla kimdir? Hansı xidmətinə görə küçəyə onun adı verilib?

Arayış:

Ağa Nemətulla - SSRİ neft sənayesi yenilikçisi.

Ağa Nemətulla 1896-cı il fevralın 15-də Güney Azərbaycanın Sərab şəhərində dünyaya göz açıb. İndi adına böyük küçə olsa da onun uşaqlıq illəri ağır və əziyyətli keçib. 

Belə ki, Ağa Nemətulla dörd yaşında anasını itirib. Atası ilə tək qalan Ağa, mülkədar Sultan bəyin kəndində çalışıb. Atası bəyin torpaq sahələrində çalışır, balaca Ağa isə bəyin mal-qarasını otarırmış. 

Uşaq olduğunu unudaraq sübh tezdən gün qaralana qədər çalışan Ağa xəstə atasını, ögey anasını və bacılarına baxmağa məcbur qalıb. 

Uşaqlığın qayğısız dünyasının ləzzətini dadmayan Ağa tay-tuşlarından kənar gəzmiş, əlində çomaq, şaxtadan dona-dona mal-qara otarmış, hələ uşaq ikən həyatın sərt qanunları ilə yaşamışdır. Bu ağır həyat şəraitinə dözə bilməyən Ağa, getdikcə ümidini itirir. Özünə çıxış yolu axtaran zaman bir gün vaxtilə onlara qonaq gəlmiş dayısının "böyüyəndə gələrsən yanıma, soruşarsan Balaxanıda Cavanşirov mədənini" sözlərini xatırlayır. Elə bu sözlərdən həvəslənib Bakıya getməyi qərara alır. 

Ağa bilirdi ki, onun dayısı Podryadçik Cavanşirova məxsus neft mədənlərində işləyir. Amma Ağanın Bakıya getmək üçün bilet almağa belə pulu da yox idi. 

Çox sevindirici haldır ki, dünya xeyirxah insanlardan xali deyil. 

O, günlərin bir günü Mir Ağa adlı bir kişi ilə tanış olur. Onun köməyi ilə İran Astarasından gəmi ilə Bakıya gəlir. Balaxanıda neft mədənində qazmada açarçı işləyən dayısı Məmmədəlini tapır və onun köməyilə işə düzəlir. Və elə 1915-ci ildən Ağanın həyatı neft şəhəri olan Bakı ilə bağlanır.

Ailə həyatı...

Bakıya gəldikdən uzun bir müddət sonra Ağa əslən İranın Ərdəbil şəhərindən olan Anabəyim xanımla tanış olur. 1927-ci ildə isə onunla ailə həyatı qurur. Bu evlilikdən onların 2 qızı, 6 oğlu, 12 nəvəsi və 9 nəticəsi olur. Ağa özü kimi uşaqlarının və nəvələrinin bəzilərinin taleyini Azərbaycanın neft sənayesi ilə bağlayır.

Belə ki, oğlu Habil, qızı Rəhibə "Azneft" sistemində, digər oğlu Sabir və nəvəsi Camal "Azneft" İB Xəzər Dalğıc Qəza-Xilasetmə İşləri idarəsində, nəvəsi Nigar xanım British Petroleum neft şirkətində işləyiblər. 

Ağa Nemətulla 1958-ci illərə kimi Bakının bir sıra rayonlarının qazma idarəsində qara fəhlə, çilingər, qazmaçı kimi işlərdə, Bakının neft rayonlarında müxtəlif vəzifələrdə, o cümlədən Özbəkistanda buruq ustası vəzifəsində çalışıb. O, 1956-1958-ci illərdə "Leninneft" (indiki "Balaxanıneft") Neft Mədənlər İdarəsi Qazma idarəsində sahə rəisi vəzifələrində işləyib. 

Ağa Nemətullanın iki vacib xüsusiyyəti var idi ki, ona ən yüksək vəzifələri fəth etməyə imkan verib: dəmir iradə və daim öz-özünü "inkar etmək", özünə tələbkarlıq. Dahi alman şairi Höte demişdi: "Valehəm əlçatmaz zirvələrə can atan insanlara". O, eşitdikləri və gördükləri ilə deyil, əməyi, fəaliyyəti, yaratdıqları ilə kamilləşmiş, onun ləyaqəti sözlə yox, işi ilə müəyyən edilib. 

Erkən yaşlarından zəhmətə alışan Ağa Nemətulla əmək fəaliyyətinə, dediyimiz kimi, naxırçılıqdan başlamış, zəhmətin zirvəsinə ucalmış, müxtəlif məsul vəzifələrə irəli çəkilmiş, bu vəzifələrdə çalışaraq, tükənməz enerjisi və nadir fitri istedadı sayəsində ölkəmizin iqtisadiyyatının möhkəmlənməsində öz töhfələrini verib. 

Zəngin təcrübəyə söykənən təklifləri nəticə etibarı ilə onun zehni əməyinin bəhrəsindən, intellektual səviyyəsindən xəbər verərək, texnika dünyasının dərk edilməsi sərhədlərini genişləndirmişdi. Ağa Nemətulla 1919-cu ildə ilk dəfə olaraq vurma üsulu ilə müstəqil olaraq quyu qazmışdı. İki ilə qazılan bu quyu neft versə də, o, vurma üsulu ilə quyu qazmağın əleyhinə çıxıb, burma üsulunu yüksək qiymətləndirməyə başlayıb.

1947-ci il neft quyularının maili üsul ilə fasiləsiz qazmaq qaydasını müəyyən etdiyinə və geniş tətbiq etdiyi üçün SSRİ Dövlət mükafatı laureatına layiq görülüb. Yeni texnikanı tətbiq etməkdə qazandığı müvəffəqiyyətlərinə, çoxlüləli quyular qazmaqda təşəbbüs göstərdiyinə və istehsalatı yaxşı təşkil etdiyinə görə Ağa Nemətulla 1951-ci ildə ikinci dəfə SSRİ Dövlət mükafatı ilə təltif edilib. 

Ağa 1941-ci ildə Bibiheybətdə dünyada ilk dəfə olaraq turbinlə mayili quyu qazıb. O, həm də SSRİ Ali Sovetinin (1-ci çağırış) Azərbaycan SSRİ Ali Sovetinin (2-4-cü çağırış) deputatı olub.

Yaşadığı müddətdə həyatın bir çox acı üzünü görən Ağa 1958-ci ildə Bakıda vəfat edib. Elə həmin ildə vətənə verdiyi xidmətlərinə görə Nərimanov rayonunda yerləşən küçəyə Ağa Nemətulla adı verilib. Keçmişdə isə həmin küçənin adı Vodopyanov olub. Hazırda onun şərəfinə Xəzər Gəmiçiliyi İdarəsinin gəmilərindən birinə də onun adı verilib. 

Bu da belə… Bakıda yaşayıb da bu küçədən bir dəfə də olsun keçməyən yoxdur. Doğumundan ölümünə qədər həyatda qalmaq üçün savaşan Ağa Nemətullanı siz də tanıyın…


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13092
avatar

Fidan İlqar

Oxşar yazılar