"İllərlə mənə salam verməyiblər" - Məşhur xanəndə
28 iyun 2022 18:00 (UTC +04:00)

"İllərlə mənə salam verməyiblər" - Məşhur xanəndə

Onunla  görüşə çatanda uşaqlıq dostu, Əməkdar  artist Aybəniz Haşımova ilə bir-birlərinə sarılıb, dil-ağız etdiklərini gördüm. Nuriyyə xanım üzünü mənə tutur anındaca: “Aybənizin haqqını itirə bilmərəm. Vaxt olub xəstələnmişəm, ana, bacı kimi  qulluq edib mənə” deyir. Aybəniz xanım isə onu qucaqlayır: “Nuriyyə, əsas insanlıqdır,  insanlıq yoxdursa, sənət, filan boş şeydir. Azərbaycanda  barmaqla sayılacaq qədər dürüst, namuslu müğənni var, onlardan biri də Nuriyyədir. Əsl insandır” deyir. 
Görüşüb ayrılırlar, Nuriyyə xanım  saatına baxıb “namaza  az qalıb” deyir. Elə söhbətə də burdan başlayacam.  Ömrünün 50-ci illərini yaşayan insanların həyat fəlsəfəsi əslində dərsdir. Lent.az-ın bu günkü müsahibi  muğam ifaçısı, Əməkdar artisti, Azərbaycan MEA-nın Folklor İnstitutunun "Dədə Qorqud" ("İrs") ansamblının rəhbəri Nuriyyə  Hüseynovadır. 

- Nuriyyə xanım, nə zamandan namaz qılırsınız?

- 15 il öncə başlamışdım əslində. Sonra tədbirlər, səfərlər səbəbi ilə çatdıra bilmədim, qəzalarım çox yığılırdı. Düşündüm ki, günah edirəm, ya qıl, ya da qılma. Fasilə verdim. Sonra bir yaxın rəfiqəmlə söhbət etdik, çox təsirləndim, yenidən başladım. Müharibə günlərində hər sabah namaz üstündə dualar etdim. Həm öz doğmalarıma, həm bütün əsgərlərimizə (Nuriyyə xanımın oğlu, bacısı oğlu və kürəkəni də müharibədə iştirak edib). Hesab edirəm ki, Allaha olan sevginin, bağlılığın yolu yalnız namazdan, orucdan, ziyarətgahları gəzməkdən keçmir. Ümumiyyətlə, mən kütlənin ardınca gedən adam deyiləm. Nəyi necə idrak edirəmsə, vicdanım o duruma “hə” deyirsə, qəbullanıram. “Bu  gün nəyi səhv etdim, nəyi düz etdim?” Bu sualı özünə verə bilirsənsə, deməli sən Allahın dediyi yolla irəliləməyə başlamısan.  Dünyanı gəzmək, görmək mütləq şəkildə insana nələrsə qatır, hər gördüyün yenilik, hər getdiyin yer sənə təcrübədir. Hər təcrübə bizi yonur, rəndələyir, cilalayır. Bir də ədalətli ola bilirsənsə, demək sən Allahın sevdiklərindənsən, seçilmişlərdənsən.

- İncəsənət sahəsində tanıdığım çox simalar kulis arxasında narazılıq etsələr də, efirdə özlərindən nüfuzlu şəxsləri tərifləyiblər. Buna dəfələrlə şahid olmuşam...

- Mən sözümü dediyimə görə, çox bədəl ödəməli olmuşam. Sağlam tənqid dostlar üçündür. Mənim öz tənqidçilərim var. Hamımızın umub-küsən  tərəfləri var. 

- Nuriyyə xanım bir dəfə demişdiniz ki, həyatınızın formalaşmasında mərhum liderimiz  Heydər Əliyevin rolu olub. 

- Bəli. Mən Ordubadın Anaqurd kəndində doğulmuşam. Oxumağa 6 yaşımdan başlamışdım. O illərdə rayonlarda istedadlı uşaqların müsabiqəsi keçirilirdi. Mən Naxçıvanda qalib seçilərək Bakıya gəlmişdim. Gənc ifaçıların yekun konsertində Heydər Əliyevin diqqətini çəkmişdim. Qaliblər Bülbül adına orta ixtisas musiqi məktəbinə qəbul edilirdilər. Mən qalib olsam da, valideynlərim oxumağa buraxmadılar. Növbəti dəfə yekun konsertində  mərhum Heydər Əliyev məni soruşub, "o qız niyə oxumur?". Lidiya Rəsulova valideynlərimin məni buraxmadığını deyib. Həmin ay Lidiya xanım valideynlərimə məktub yazdı, Heydər Əliyevin  tövsiyəsini çatdırdı, bildirdi ki, bu uşaq oxumalıdır. Valideynlərim də  güvəndilər və məni buraxdılar.  Mən yaşıdlarımdan böyük görünürdüm. Boyum hündür idi, xarici görünüşümə görə deyirdilər, səhnəmizə yeni Leyli gəlib. Bülbül adına orta ixtisas məktəbinə o zamanlar hər adam düşə bilmirdi. Adətən vəzifəli, varlı ailələrin uşaqları oxuyurdular bu məktəbə.  Yemək, geyim, yataqxana dövlət hesabınaydı. Uşaqlar üçün ayrıca avtobus ayrılmışdı. 

- Bəs istedadı olmayan uşaqlar o məktəbə necə düşmüşdülər?

- O zaman dəb idi, şəhərdə hər ailənin uşağı mütləq musiqi məktəblərində təhsil alırdı. Mənim musiqi təhsilim yox idi. Not bilmirdim. Məktəbdə kənddən gələn uşaqlara bir az yuxarıdan aşağı baxırdılar.

- Amma sizi də  Heydər Əliyevin öz istəyi əsasında qəbul etmişdilər. Həmyaşıdlarınız arasında bir az lovğalanmırdınızmı?

- Olmazmı? (gülür). Mən ona qədər dəfələrlə dövlət tədbirlərində çıxış eləmişdim və Aybənizlə mənə xüsusi nəzarət var idi. Məktəbin direktoru Nazim Əliverdibəyov bizi baş tacı eləmişdi. Tapşırmışdı, kimsə bizə bir kəlmə artıq-əskik söz deyə bilməzdi. Sizə deyim ki, rəhmətlik Heydər Əliyev Moskvaya vəzifəyə gedəndə biz pis olmuşduq. Sanki yiyəsiz, dayaqsız qalmış kimi hiss edirdik.  Dedik, yəqin bizi konservatoriyaya götürməyəcəklər, amma o gedərkən bizi unutmamış xüsusi tapşırıq vermişdi. O qədər işinin gücünün arasında iki istedadlı uşaq onun nəzərindən yayınmamışdı.

- Konservatoriyaya girər-girməz də ailə qurmuşdunuz. Çox sevmişdiniz?

- Mənim sevsəm belə, “sevirəm” sözünü dilimə gətiməyə ixtiyarım yox idi. Pərdə var idi, sərhəd var idi. Mənə yaxınlaşıb bir söz deyəndə 10 metr kənara qaçırdım ki, birdən dayım görər, atam bilər. Heç kimə yaxın getməmək prinsipi ilə oxuyurdum. Oxuduğum müddətdə dayımgilin evində qalırdım, dayım həyat yoldaşımı tanıyırdı. Yoldaşım məni izləmişdi, mən onu tanımırdım. Dedilər, namuslu, qeyrətli oğlandı, bu da bizim üçün əsas kriteriya idi. Beləcə biz evləndik. Amma şərt kəsdi ki, səhnəyə çıxmayacam. Konservatoriyanı oxudum. O müddətdə uşaqlar anadan oldu. Aralarında yaş fərqi də az idi deyə, sanki əkiz böyüdürdüm. Əyani oxuya-oxuya onları böyütmək çox çətin idi.  Elə zəifləmişdim ki, bir dəfə müəllimim rəhmətlik  İslam Rzayev məndən soruşdu,  “a qızım, sənə gün vermirlər? Bəlkə sənə pis baxırlar?”. Arıqlamışdım, yorulurdum deyə gözümün işığı çəkilmişdi.

- Bəs üzərinizdə o qədər böyük əmək var idi, istedadlı idiniz bütün bunlardan imtina etmək çətin olmadı?

- Dedilər musiqidən ayrılma, bu sahədə işlə. Mən də razılaşdım. Amma görünür hər şey zamana bağlıymış. Uşaqlar böyüyəndən sonra həyat yoldaşım işləməyimə razılıq verdi. “İrs”  folklor ansamblı ilə işləməyə başladım. Elə folklorun yolları ilə bağlandı yollarım. İndi də “Dədə Qorqud” ansamblının rəhbəriyəm. 

- Amma bu ansambl çox da üzə çıxmır, səsini-sədasını az eşidirik. 

- Çünki şouda bəsit musiqilər meydan sulayır. Bunu normal qəbul edirəm. Qiymətli, bahalı şeyləri hər yerdə tapa bilməzsən. Sənət də belədir. Bizim sənətimiz ecazkardır, antik əşya kimidir, hər kəs tərəfindən dəyəri bilinməz. 

- Toylara gedirsiniz?

- Gedirəm, amma yarım saatlıq. Mən bütöv toy oxumuram, dəvətlər olsa da, getmirəm. Toy idarə eləmək mənim işim deyil, 6-dan 12-yə qədər toy oxumaqla sənətim kiçilər. Toyda hər cür tamaşaçı var, hər  cür musiqi istəyəcəklər. Bu onların haqqıdır. Hər insan öz düşüncəsinə uyğun, öz anlayacağı musiqini istəyir. Mən inanın ki, Amerikaya da yarım saatlıq toy oxumağa getmişəm. Burdan ora köçmüş bir soydaşımız idi. Qızı amerikalı ilə evlənirdi. Toyun yarısı amerikan, yarısı Azərbaycan ənənələri ilə keçdi. Dayanmadan düşüb oynamağı anlamıram. Toyda ruh da dincəlməlidir.

- Öz uşaqlarınızın toyunda  arzularınızı reallaşdıra bildiniz?

- Bəli. Bizim toy konsert kimi keçdi, əsasən klassik musiqilərə üstünlük verdik. Oynamağın da bəlli saatı olmalıdır. Təəssüf ki, pandemiyadan sonra bizdə qaydalar dəyişmədi. Sanki ibtidai icma quruluşudur. Musiqi çalınır, sadəcə ritm var, hamı oynayır, heç kim heç nə  hiss eləmir. Musiqiçi kütləni arxasınca aparmalıdır. Kütlənin arxasına düşməməlidir. 

- Nuriyyə xanım, arıq nəvələriniz var, onlarla nəfəs alırsınız.. Dönüb geri baxanda heç deyirsinizmi kaş fərqli olaydı, mən buna deyil, daha yaxşı yerlərə layiq idim?

 - Olur. Bəzən olur. Səhvlərim olmayıb çox şükür. Amma bəzən özüm özümdə giley -güzar edirəm. Deyirəm, kaş bunu deməyəydim, kaş onu yeməyəydim. Amma sonra deyirəm olmalıydı, oldu, Allahın işiydi.

- Nuriyyənin həyatı qibtə olunacaq həyatdı?

- Bəzə hə, bəzən yox. Bəzən özümün özümə heyfim gəlir. Mən buna layiq deyildim deyirəm. Sonra deyirəm Allaha acıq gedər. Bu mənim həssaslığımdan irəli gəlir. 

- Yolunuza daş qoyanları bağışlayırsınız?

- Əlbəttə. Mən kiməm. Allah bağışlasın. O yetər. 

- Deyirlər cənnətdə iki taxt var, daima boş qalır. Ən yaxşı gəlin və ən yaxşı qayınana üçün qoyulmuş taxtdır. O taxta layiqsiniz? Necə qayınanasınız?

- Vallah, gəlinimlə dost kimiyik. Ayrı yaşayırıq. Bizə gələndə məni evdə görməyəndə küsür. Kürəkənimi də çox istəyirəm.

 -Tanınmış bir aktrisa bir dəfə sizdən söz düşəndə çox sərt qadın olduğunuzu dedi. 

-Yox, sadəcə sərt və ciddi görüntü mənim üz qabığımdır, bu məni qoruyub. Bu üzdn çox adamlar illərlə mənə salam verməyiblər. Tanıyan hər kəs deyir ki,  salam verməyə ehtiyat edirdik, çox mehribansanmış.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6903
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar