Bu gün Əməkdar artist, Gənc Tamaşaçılar Teatrının aktrisası Nəsibə Eldarovanın 65 yaşı tamam olur.
Ömrünü teatra həsr eləmiş aktrisa yubiley yaşını səssiz-sədasız qeyd edir. Bəs görəsən buna görə, işlədiyi teatrdan, Mədəniyyət Nazirliyində incikliyi var?
Lent.az-a açıqlama verən aktrisa bildirib ki, heç kimdən gözləntisi və bir incikliyi yoxdur.
“İncik olmaq yada düşmədiyini etiraf etmək deməkdir. Niyə inciyim? Bu sadəcə ad günüdür. Yenə işlərimə davam edəcəm. Özümə can sağlığı arzu edirəm”,- o qeyd edib.
"Yaşadığınız nələr üçünsə peşmansınız və ya nəyisə etmədiyiniz üçün “kaş ki...” deyirsiniz?" sualına cavabı belə oldu:
“Kaş ki, deməklə nəsə düzəlməyəcək. Ona görə, peşmanlıqlarla yaşamaq istəmirəm. Səhvlərim də olub, doğrularım da. O səhvləri edə-edə, çətinliklərdən keçə-keçə mən olmuşam. Bu yəqin hamının ömründə belə olur. Pisi ilə, yaxşısı ilə bir ömür yaşamışam, Yaşanan heç nəyi dəyişmək olmur”.
Hazırda heç bir tamaşada rol almadığını bildirən Əməkdar artist oynamaq istədiyi çoxlu sayda rolların olduğunu bildirib.
Nəsibə Novruz qızı Eldarova 1959-cu ildə Bakının Bülbülə qəsəbəsində anadan olub. İki dəfə ailə qurub. Onun birinci evliliyi Rus Dram Teatrının aktyoru Ömür Nağıyevlə olub. Bu evlilikdən aktrisanın Rüfət adlı oğlu dünyaya gəlib.
Nəsibə Eldarova Gənclər Teatrında çalışdığı müddətdə rejissor Hüseynağa Atakişiyev ilə ailə qurub.
Aktrisanın oğlu Rüfət narkotik istifadəçisi olub. Narkotik vasitələri və ya psixotrop maddələri satmaqda təqsirli bilinərək həbs olunaraq bir il məhkumluq həyatı yaşayan Rüfət 2013-cü ilin sentyabr ayında 29 yaşında ağır xəstəlikdən dünyasını dəyişib.
Anası ilə ömrü boyu yaxşı münasibətləri olmayan aktrisa onunla qalmaqal yaşayıb. Oğlu vəfat etdikdən sonra aktrisa anasının evindən ayrılıb.
Hazırda Gənc Tamaşaçılar Teatrında aktrisa kimi fəaliyyət göstərən Nəsibə Eldarova tamaşalarla yanaşı, seriallarda da iştirak edir.