"Güləbatın"  - nakam məhəbbətin xatirəsi,  yoxsa... -  VİDEO
29 iyul 2026 15:36 (UTC +04:00)

"Güləbatın" - nakam məhəbbətin xatirəsi, yoxsa... - VİDEO

0

Bəzən bir mahnı bütöv bir dövrün xatirəsini yaşadır. Bir vaxtlar hər evdən, hər toy məclisindən eşidilən, dillər əzbəri olan mahnılar zaman keçdikcə yeni hitlərin kölgəsində qalır, efirlərdən yoxa çıxır və yavaş-yavaş unudulur.

Lent.az-ın  "Səssizləşən nəğmələr" rubrikasında vaxtilə milyonların sevə-sevə dinlədiyi, bu gün isə nadir hallarda səslənən əsərlərin tarixçəsini, maraqlı faktları təqdim edəcəyik.

Rubrikada haqqında danışacağımız ilk mahnı "Güləbatın"dır. 

Uzaqlardan gələn səs

"Güləbatın" bir vaxtlar Azərbaycanın ən çox sevilən xalq mahnılarından biri olub. Xüsusilə toy məclislərində, el şənliklərində, televiziya və radiolarda tez-tez səslənən bu mahnı uzun illər dillər əzbəri kimi yaşayıb. Bu gün isə "Güləbatın" əvvəlki populyarlığını xeyli itirib. Mahnı televiziya və radiolarda nadir hallarda səslənir, gənc nəslin böyük hissəsi isə onu ya ümumiyyətlə tanımır, ya da yalnız adını eşidib.

Vasif Adıgözəlovun "Güləbatın" imzası

Maraqlı məqamlardan biri də odur ki, "Güləbatın"ın müəllifi məlum deyil. O, Azərbaycan xalq mahnısı hesab olunur və nəsildən-nəslə ötürülərək günümüzə gəlib. Mahnının bugünkü formada səslənməsində bəstəkar Vasif Adıgözəlovun da böyük rolu var. O, xalq arasında oxunan melodiyanı işləyərək peşəkar ifa üçün uyğunlaşdırıb. Bu da mahnının daha geniş auditoriyaya çatmasına kömək edib.

Haqqındakı rəvayətlər

"Güləbatın" adının kimə aid olması bu gün də sirr olaraq qalır. Bəziləri bunun real bir qızın adı olduğunu desə də, bunu təsdiqləyən tarixi sənəd yoxdur. Musiqi tarixçiləri hesab edirlər ki, Güləbatın daha çox xalqın yaratdığı bədii obrazdır. Mahnıda sevgi, gözəllik və sədaqət tərənnüm olunduğu üçün bu obraz zamanla xalq arasında əfsanəvi bir simaya çevrilib.

Ən çox danışılan rəvayətə görə, Güləbatın dağ kəndində yaşayan, gözəlliyi ilə seçilən bir qızın adı olub. Ona vurulan gənc sevgisini açıq deyə bilmədiyi üçün hisslərini bayatılarla ifadə edib.

“Dağlarda çiçək”, “hamıdan göyçək” sözlərinin də qızın gözəlliyinə işarə etdiyi düşünülür. Lakin Güləbatın oğlandan uzaq gəzdiyi üçün mahnıda sevgi ilə yanaşı, inciklik də hiss olunur. Bir rəvayətdə isə Güləbatının sevdiyi oğlana qovuşmadığı, ailəsinin onu başqa birinə verdiyi söylənilir. Oğlanın sonradan bu mahnını məclislərdə oxuduğu, mahnının da həmin nakam məhəbbətin xatirəsi kimi yayıldığı deyilir. 

Azərbaycanın düyaya ayaq açan nəğməsi

Mahnının ən böyük şöhrəti ötən əsrin 60-cı illərinə təsadüf edir. Həmin dövrdə radio və televiziya vasitəsilə tez-tez səsləndirilən "Güləbatın" qısa müddətdə ölkənin ən məşhur xalq mahnılarından birinə çevrilib.

"Güləbatın"ın şöhrəti Azərbaycandan kənara da məhz Rəşid Behbudovun ifası ilə yayılıb. Məşhur sənətkar 1960-cı illərin əvvəllərində Türkiyə və İranda verdiyi konsertlərdə bu xalq mahnısını səsləndirib. 

Sonrakı illərdə Gülağa Məmmədov, Əbülfət Əliyev və digər tanınmış ifaçılar da mahnını repertuarlarına daxil ediblər. Hər sənətkar onu fərqli tərzdə oxusa da, mahnının ruhu və melodiyası dəyişmədən qorunub saxlanıldı. 

Fərqli dəyişikliklərdən vahid formaya 

"Güləbatın"ın maraqlı xüsusiyyətlərindən biri onun uzun illər vahid formada oxunmamasıdır. Mahnı yazılı mənbələrdən daha çox şifahi ənənə vasitəsilə yaşadıldığı üçün zaman keçdikcə müxtəlif bölgələrdə fərqli ifa üslubları formalaşıb. Bəzi xanəndələr və xalq müğənniləri onu daha lirik tərzdə səsləndirib, digərləri isə öz repertuarlarına uyğun olaraq bəzi bəndləri dəyişdirib və ya yeni bayatılar əlavə ediblər. Nəticədə mahnının melodiyası əsasən eyni qalsa da, sözlərində və bəndlərin ardıcıllığında müəyyən fərqlər yaranıb. Məhz bu xüsusiyyət "Güləbatın"ı canlı xalq yaradıcılığı nümunəsinə çevirib. Bu gün də müxtəlif arxiv yazılarında və ifalarda mahnının bir-birindən cüzi fərqlənən variantlarına rast gəlmək mümkündür. Bu isə onun illər boyu xalqın yaddaşında yaşayaraq hər dövrün və hər ifaçının nəfəsi ilə zənginləşdiyini göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 314

Oxşar yazılar