Onlar hər gün bizim icazəmiz olmadan evimizə girirlər. İstəməsgk də, hətta zəhləmiz getsə belə. Onlar oğru deyillər.
Amma… Yox, niyə ki? Məhz onların ictimai yer sayılacaq televiziyada törətdikləri, hə, məhz törətdikləri mənəviyyatın oğurlanmasına səbəb olur. Azərbaycan telekanallarında şou-əyləncə problemi var. Və bu problem artıq əndazəsini aşıb. Bu adamlar, ucuz və keyfiyyətsiz şou proqramların aparıcıları anlamalıdır ki, televiziya bayağı və ucuz mövzuların müzakirəyə çıxarıldığı, necə deyərlər, şouya çevriləsi məkan deyil! Xüsusən də, milli-mental dəyərlərin hər zaman yüksək tutulduğu Azərbaycanda min illərdir formalaşan dəyərlərimizi, milli kimliyimizi qorumaq prinsipindən imtina etməməliyik.
Təsəvvür edin, məhz bu cür zövqsüz verilişlər səbəbindən əhali daha çox Rusiya və Türkiyə kanallarına baxır. Efir məkanını dəyişmək məcburiyyətində qalır. Şou proqramların aparıcıları, bu proqramlar o qədər bərbad vəziyyətdədir ki, hətta ikrah doğurur. Nə konkret ssenarisi, nə də rejissor işi olmayan bu bayağı proqramlar cəmiyyətin güzgüsü deyil əslində. Televiziyada mənəvi dəyərlər yoxa çıxır, biabırçılıq baş alıb gedir. Dərd ondadır ki, bu şou proqramların çoxu oğurluq layihələrdir. Söhbət həm də ondan gedir ki, bunlar oğurluğu da düz-əməlli edə bilmirlər. Bundan başqa, bu proqramlara dəvət olunanların əksəriyyəti efir mədəniyyətindən uzaq adamlardı. Bəzən mövzudan anlayışı olmayanlardı, müstəqil fikir yürüdə bilmirlər. Efir etikasına uyğun olmayan nalayiq ifadələr işlədirlər. Veriliş ərəfəsində işlətdikləri sözlərə fikir vermirlər. Televiziyalar qonağı tamaşaçı qarşısına çıxarmamışdan öncə onun hansı mədəniyyət sahibinə malik olduğunu bilməlidir. Bəzən az qala hər yoldan ötəni qonaq qismində verilişlərə dəvət edirlər. O yoldan ötən də…ötüb efirdən evlərimizə girir.
Bir məqamı da nəzərə alaq: Heç kimə sirr deyil ki, şou xarakterli proqramlara daha çox gənc nəsil baxır, o zaman efir mədəniyyətinə uyğun olmayan kəlmələrin səslənməsi həmin gənclərin tərbiyəsinə hansı formada təsir edə bilər? Keçmiş ABŞ prezidenti Con Kennedinin maraqlı bir fikri var: “İkinci dünya müharibəsindən sonra ABŞ xalqını televiziya formalaşdırıb”. Kennedi əslində televiziyaların imkanlarının nə qədər böyük olduğunu qısaca ifadə edib. İndi təsəvvür edin, bu şou proqramlar xalqın mənəviyyatını necə aşılamaqdadır.
Telekanallarda reytinq problemi və hazırkı reytinq ölçmə mexanizmini də bir problem yaradır. Bu verilişlərin reytinqini müəyyənləşdirmək üçün tutaq ki, 200 Bakıda, 200 də regionlarda olmaqla, cəmi 400 evdə (ailədə) "reytinqi ölçən cihaz quraşdırılır" və beləliklə, həmin insanların zövqünə və mədəni səviyyəsinə uyğun olaraq, 9 milyonluq xalqın efir zövqü və istəyi müəyyən edilir. Bu hələ harasıdır? Dərd həm də ondadır ki, monitorinqə cəlb edilən əhali qrupu düzgün seçilmir, mədəni və təhsil səviyyəsi çox da yuxarı olmayan qrupa daha çox üstünlük verilir, əhalinin intellektual hissəsinin zövqü və istəyi isə tamam kənarda qalır.
Maarifləndirici, vətənpərvərlik ruhda olan verilişlər, gənclərin intellekt səviyyəsini artıran proqramlar, debatlar demək olar ki, yox səviyyəsindədir. Eyni süjet xəttinə malik elə proqramlar var ki, əksər halda dünyagörüşü zəif olan müğənnilər tərəfindən aparılır. Doğma dilində belə səlis danşa bilməyən adam və ya adamlardan nə gözləmək olar? Bunları haradan tapıb efirə çıxarırlar? Elə verilişlər var bir dəstə ekspert dəvət edirlər. Bunlar haranın ekspertidir, onları kim seçib, hansı təşkilatı təmsil edirlər? Ağzını Allah yoluna qoyub danışmaq bu və ya digər sahənin eksperti olmaq deyil axı. Bu sahədə köklü dəyişikliyə ehtiyac var. Bu ucuz şou proqramlar Milli jurnalistika deyil. Bunun Azərbaycan jurnalistikasına aidiyyatı yoxdur. Bu, ümumiyyətlə jurnalistika deyil. Bu nəsə əcaib bir şeydi. Azərbaycan televiziyaları bu gündə ola bilməz və olmamalıdır.