Əri tez-tez onu döyür, alt paltarında mahnı oxuyurdu - Tina Terner ömrü
25 may 2023 20:15 (UTC +04:00)

Əri tez-tez onu döyür, alt paltarında mahnı oxuyurdu - Tina Terner ömrü

Lent.az “Bir ulduz axdı” layihəsində dünya şöhrətli müğənni, rok-n-roll kraliçası Tina Ternerin ömür yolundan bəhs edir.

Dünən gecə 83 yaşlı Tina Ternerin ölüm xəbəri yayıldı. O, İsveçrənin Sürix şəhəri yaxınlığındakı evində uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi. Bu möhtəşəm səs sahibi ömür yoluna çox şey yazdıra bildi. Adı dəfələrlə biletləri ən çox satılan, albomları ən çox qazanc əldə etmiş müğənni kimi “Ginnesin Rekordlar Kitabı”na düşdü. 

Tina Amerika vətəndaşlığından imtina edib, İsveçrə vətəndaşlığı almış tək sənətkardır. O həmçinin, fotosu nüfuzlu  “Rollinq Stoun” jurnalına düşmüş ilk qadın, yeganə qaradərili müğənni idi.

Əsl adı Anna Mey Bullok olan Tina 1939-cu ildə ABŞ-ın Tennessi ştatında kasıb bir ailədə doğulmuşdu.

Yaradıcılıq yolu 50-ci illərdə kilsə xorunda başlamış, dünyanın ən nəhəng səhnələrində böyük alqışlarla başa çatmışdı

23 il öncə, 60 yaşında səhnədən getdiyini bəyan etsə də, bu sadəcə yeni albomunun uğurlu satışları üçün aparılmış piar kampaniyası olmuşdu. 2008-ci ildə yenidən tamaşaçıları ilə vidalaşan Tinaya kimsə inanmasa da, o bir daha səhnəyə qayıtmadı. Lakin müxtəlif filmlər üçün oxuduğu sountreklər yüz milyonlarla dinləyicini heyran etməkdəydi. 

Kilsə xorundan sonra rok qruplarla çalışan müğənni tezliklə solo fəaliyyətinə start verir. 1973-cü ildə öz prodüseri Aykla ailə qurur. Lakin narkotik maddələrə qurşanan Ayk tez-tez onu döyür, qazandığı pulları əlindən alır, Tinadan şəxsi biznesi kimi istifadə edirdi. Verdiyi müsahibələrindən birində Tina uzun illər öz gəncliyi, gözəlliyi və yaradıcılığı ilə ərinin köləsi, biznesi, qazanc mənbəyi olduğunu demişdi. Düz 14 illik evlilikdən sonra Tina cibində cəmi 36 sentlə vəhşi ərindən qaça bilir.

Ayrıldıqdan 2 il sonra o öz həyatı barədə kitab dərc etdirir. 1993-cü ildə bu kitab əsasında rok ulduzun haqqında film çəkilib. Baptist keşişin ailəsində doğulan Tinaya əri o qədər əzab vermişdi ki, o reabilitasiya olunmaq üçün müxtəlif dinlərdə özünün axtarırdı. Və nəhayət Tina buddizmdə könül rahatlığını tapır.

Tinanın ayaqları o qədər gözəl imiş ki, hətta ən gözəl ayaqlı qadın kimi də rekordlar kitabına adını yazdıra bilmişdi. Bir dəfə konsert təşkilatçıları onun gözəl bədənini görə bilmək üçün səsyazma studiyasında temperaturu o qədər yüksəyə qaldırmışdılar ki, Tina alt paltarında ifa eləməli olmuşdu. 

1988-ci ildə Rio de Janeyroda “Marakana” stadionunda 188 min insanın qarşısında saatlarla canlı ifa sərgiləmişdi. Bu konsertin biletləri də ən bahalı biletlər kimi rekordlar kitabına düşüb.
Tina Terner 4 övlad tərbiyə edib. O birinci əri Aykın ilk evliliyindən olan iki oğlu Ayk və Mayklı da öz doğma oğulları Kreyq və Ronaldla birlikdə böyütmüşdü. Tina iki doğma oğlundan uzun yaşadı. Kreyq 59 yaşında öz evində intihar etdi. Ronald isə gənc yaşında həyatla vidalaşmışdı.

2007-ci ildə Ayk həbsxanada kokaindən istifadə nəticəsində ölərkən, jurnalistlər Tinaya nə hiss etdiyini soruşmuşdular. O isə keçmiş əri ilə uzun illər, düz 35 il ünsiyyətdə olmadığını bildirmişdi.

"Private Dancer" albomunun böyük uğurundan sonra Tinanı “Ağılsız Maks3” filminə də çəkmişdilər. Lakin o kino karyerasına davam etmək istəmədi.

Bu illər ərzində tək yaşayan ulduz müğənni 1985-ci ildə alman prodüser Ervin Baxla tanış olur və onunla birlikdə yaşamağa başlayır. Cütlük 30 il bir dam altında yaşadıqdan sonra, 2013-cü ildə rəsmi nikaha girir. Evləndikdən sonra ailə Köln şəhərində yaşamağa qərar verir. 2013-cü ildən Tina əriylə birlikdə İsveçrəyə Kyüsnaxt şəhərinə köçür, Amerika vətəndaşlığından imtina edir. O İsveçrədə daşınmaz əmlaka çoxlu maliyyə yatırır. Hətta yaxın müddətdə 76 milyon avroya böyük bir malikanə almaları barədə xəbər də yayılmışdı.

Ervin Tinadan 16 yaş kiçik idi. O həmişə deyirdi ki, yaşa önəm vermir. “Ervinin ruhu 60 yaşlı kişi, mənim ruhum 16 yaşlı qız ruhuydu”

Son illərdə Tinada böyrək çatışmazlığı meydana gəlmişdi. Əri öz böyrəyinin birini Tinaya versə də, (bəlkə elə buna görə, münasibətlərini rəsmiləşdirmişdilər) orqan nəqli uğurlu alınmamışdı. Ardınca insult keçirən böyük ulduz üstəlik bağırsaq xərçənginə də yoluxunca inzivaya çəkilib, gözlərdən itmişdi.

Bu xəstəliklərlə mübarizədə Tina qalib gələ bilmədi. Lakin ölümün onun möhtəşəm səsinə, pərəstişkarlarının ona olan sevgisinə gücü yetmədi. Bir ömür bitdi, bir əfsanə başladı. Tina Terner əfsanəsi.


 

# 4392
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar