Əfsanəvi komandir:  Vəzifədən imtina edib Qarabağa getdi – adını küçədə yaşadırlar
07 aprel 2023 18:28 (UTC +04:00)

Əfsanəvi komandir: Vəzifədən imtina edib Qarabağa getdi – adını küçədə yaşadırlar

Hər gün keçdiyiniz küçələrin niyə bu adları daşıdığını bilirsiniz? 

Doğma küçələrimizin yad adları çox vaxt diqqətimiz çəkir. Niyə qoyulub bu adlar?

İnsanın ağlına ilk gələn budur ki, əgər bir küçəyə hansısa adı verilibsə, deməli, bunun bir səbəbi var. 

Bəs biz, hər gün keçdiyimiz küçələrin tarixini niyə bilmirik? 

Lent.az elə burdan yola çıxaraq “Bizim küçələr” adlı rubrikasının növbəti yazısı “Xəqani Rüstəmov küçəsi”nin tarixi ilə bağlı olacaq. Haqqında danışacağımız küçə Bakının Xətai rayonunda yerləşir. 

Bəs, Xaqani Rüstəmov kimdir? Hansı xidmətinə görə küçəyə onun adı verilib? 

Şəhid – Xaqani Rüstəmov

Arayış: 

Xaqani Xanıbəy oğlu Rüstəmov 1969-cu il noyabrın 7-də Bakı şəhərində fəhlə ailəsində dünyaya gəlib. Ailədə beş uşaq olan Xaqaninin iki qardaşı, iki bacısı olub. Atası Xanıbəy kişi Lerik rayonunun Brkandül kəndindən idi. Babası Xanəli kişi isə 1937-ci ilin repressiya qurbanlarından olub. 

Xaqani paytaxtın Sahil metrosunun yanında yerləşən 7 saylı tam orta məktəbin birinci sinfinə gedib. İdmanı çox sevən Xaqani məktəbdə oxuyarkən ”Cüdo” üzrə idmançı olub. Məktəbdə yeddi il oxuyub, sonra C.Naxçıvanski adına Ali Hərbi məktəbdə təhsilini davam edib. 

Məktəbi bitirdikdən sonra Kazan Ali Hərbi Tank məktəbinə daxil olub. Bu məktəbi bitirdikdən sonra isə Rusiyanın Sverdlovsk (indiki Yekaterinburq) şəhərində xidmət edib. Burada xidmət edən ili Yarovaya (sonradan Rüstəmova) Olqa Borisovna adlı qızla tanış olur və ailə qurub. Daha sonra keçmiş Sovetlər birliyinin Əfqanıstandakı xüsusi dəstəsinin komandiri təyin olunub. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş Sovet ittifaqının qoşun hissələri Bakı şəhərinə yeridilmiş və dinc silahsız əhaliyə qarşı güllə açmışdılar. Bu hadisələri Xaqani eşidib biganə qala bilmədiyini Olqaya və yoldaşlarına söyləyib. Sovet ordusunda daha xidmət edə bilməyəcəyini deyən Xaqani raport yazır və Rusiyanı tərk edib. 1990-cı ilin fevral ayında Olqa ilə birlikdə Bakıya gəlib.

Bakıya gələn Xaqaninin səsi döyüş bölgələrindən gəlib. 1991-ci il yanvar ayının 20-də Xaqani şad xəbər alıb. Dünyaya bir oğul gəlib və adını Ruslan qoyublar. 

Bir il sonra, 1992-ci il fevralın 26-da  Xocalı faciəsi baş verib. Həmin vaxt Ağdamda olan Xaqani həlak olan insanların Ağdam məscidinə gətirilməsini izləyib. O, həmin faciəli hadisələrin şahidi olub, qadınların, uşaqların, qocaların başına gətirilən dəhşətləri öz gözləri ilə görüb. Bu ona çox pis təsir edib.

1992-ci ilin mart-aprel aylarında Xaqani Rüstəmov Əfqanıstanda xidmət edən döyüşçülərdən və igid gənclərdən ibarət dəstə yığmağa başlayıb. Bu işdə ona Tarlan Eyvazov kömək edib və nəticədə dəstənin komandiri Xaqani olub.

Xaqaninin dəstəsi Bakıdan Laçına yola düşüb. Şuşa şəhəri artıq işğal olunub. Xaqani Rüstəmovun 100 nəfərdən ibarət dəstəsi Turşsu kəndində qərargah qurub. Oradan dəstə Zarıslı kəndinin ərazisinə irəliləyib. Düşmən güclü əməliyyat hazırlayıb: üç tərəfdən hücum etmək və Laçını zəbt etmək. Düşmən çoxlu saylı ordu qüvvəsini – artilleriya, zirehli texnika, piyada qoşunlarını döyüş mövqelərinin yaxınlığına cəlb edib. Tərlan Eyvazov, Fərman Cəfərov, Abdulla Rəhimov, Eldar Məcidov öz qrupları ilə böyük çətinliklə mövqelərini qoruyublar. Ciddi döyüşlər başlayır və Xəqani Rüstəmovun dəstəsi rəşadətlə vuruşub və ilk şəhidlərini verir. 

15 may 1992-ci ildə Şuşa rayonunun Zarıslı kəndi uğrunda gedən döyüşlərdə dəstənin komandiri Xaqani Xanıbəy oğlu Rüstəmov şəhid olub. 

Xaqaninin ölümündən sonra Xaqani Rüstəmovun və milli qəhrəman Eldar Ağayevin iki dəstəsi birləşir və xüsusi təyinatlı tabor olub. Tabora Xaqani Rüstəmovun adı verilib. Həmin tabor döyüş bölgələrində şərəfli döyüş yolu keçib, böyük şücaətlər göstərib. Bu tabor Qarabağın müxtəlif döyüş bölgələrində öz qüvvəsi ilə yağı düşməni lərzəyə salıb. 

Xaqaninin yoldaşı Olqa da bu taborda xidmət edib, oğlu Ruslan isə əsgər və zabitlərin içində böyüyüb. Taborda Ruslana sevgi, diqqət və qayğı göstərilib. Sonradan Olqa oğlu Ruslanla birgə Azərbaycandan köçüb Rusiyaya qayıdıb və hazırda da orada yaşayır. 

Bu da belə... Bakıda yaşayırsınızsa, keçdiyiniz küçələrin tarixindən xəbərdar olun.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8874
avatar

Fidan İlqar

Oxşar yazılar