Dondurulan filmlərimiz, hesabatı aparılmayan yüz minlər
01 may 2023 11:32 (UTC +04:00)

Dondurulan filmlərimiz, hesabatı aparılmayan yüz minlər

Bir neçə il öncə “Azərbaycanfilm” kinostudiyasında çəkilişi başlamış bir neçə filmin istehsalı dayandırıldı və ya təxirə salındı.

Misal üçün Mirbala Səlimlinin, Pərviz Həsənovun filmlərini qeyd edə bilərəm. Təxirə salınmasına qərar verilmiş filmlərdən biri də Elçin Musaoğlunun “Məryəm” filmi idi. Elçin Musaoğlu filmin çəkilişlərinin başa çatdırılması üçün mübarizə apardı və işi başa vurdu. Lakin çəkilmiş “Məryəm” filmi gün işığı görmədi, filmin taleyi bəlli deyil. 

Film çəkilişi böyük istehsal prosesidir, çəkilişlər başlayana qədər hazırlıq işlərinə, təchizat məsələlərinə xeyli miqdarda pul sərf olunur. Tamaşaçıya nə demək istədiyim aydın olsun deyə, böyük xərcləri demirəm, ən bəsitini nümunə göstərəcəm. Dekorasiyaları quran, fəhləlik edən əməkdaşların gündəlik yemək - içməyi, tikilən paltarlar, dekorasiyaları qurmaq üçün alınan materiallar, dərzilər, sürücülər və bir çox xırda addımlar ( əslində xırda sayılmaz) filmin çəkilişinə hazırlıq prosesinə daxildir, əlbəttə bütün bu işçilərin görülməsi üçün pul sərf edilir. Bu qədər maliyyə buraxılıb yarıya qədər çəkilmiş filmlərin dondurulması, təxirə salınması o deməkdir ki, xeyli miqdarda dövlət vəsaiti çölə atılır. Belə çıxır ki, korrupsiyanın ən yaxşı yolu film çəkilişinə başlayıb onu dondurmaqdır. Nə də olsa, havaya atılan pullardır, kimsə gəlib hesabatını aparmır, çəkilmiş xərcləri geri tələb etmir. Söhbət 3-5 manatdan getmir.

Məsələn, bir ara başladılmış “İnterakt” layihəsinin ortaya çıxması üçün 300 000 dolar pul ayrılmışdı. Ortada nə ciddi  iş oldu, nə də o 300 000 manatın taleyini sorğulayan tapıldı. Kino mütəxəssisləri bu layihəni gərəksiz, boş yerə çəkilən xərc hesab edirlər.

“Qarınqulu” animasiya filminin çəkilişlərinə 500 000 manat vəsait ayrılmışdı. Ortada məhsul yoxdur. Ümumiyyətlə, bu gün Azərbaycan kinosunda animasiya filmlərinin, uşaq filmlərinin boşluğu hiss olunur.

Bəs bu filmlər  kimin rəyi və ya tələbi ilə dayandırılıb. Nə üçün çəkilişinə icazə verilmiş, xeyli vəsait çəkilmiş kinolara yarımçıq qoyulur? Hesabatı aparılırmı? Bu filmlərə nə qədər maliyyə  ayrılmışdı?  Konkret neçə filmimizin çəkilişi təxirə salınıb? Bu suallarla Lent.az Mədəniyyət Nazirliyinə müraciət etdi.

Aldığımız cavab belə oldu: 

“Məlum olduğu kimi, ölkədə kinematoqrafiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi və şəffaf idarəçilik mexanizmlərinin tətbiqi məqsədilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsin yaradılması haqqında” 2022-ci il 20 aprel tarixli 1667 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) adlı publik hüquqi şəxs yaradılmış, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2022-ci il 16 noyabr tarixli 1880 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Kino Agentliyinin Nizamnaməsi təsdiq olunmuşdur. Hazırda ARKA-nın ən yaxın zamanda fəaliyyətə başlaması üçün aidiyyəti qurumlarla birgə lazımi tədbirlər görülür.

ARKA öz işinə başladıqdan sonra ölkədə kinematoqrafiya sahəsində bir çox islahatların aparılması, o cümlədən dövlət dəstəyi ilə film istehsalının dünya təcrübəsinə uyğun yeni mexanizminin formalaşdırılması, eləcə də bu mexanizmləri tətbiq etməklə yeni və icrası dayandırılmış layihələrə yenidən baxılması prosesi həyata keçiriləcək”

Heç də qənaətbəxş cavab sayılmaz.

“Azərbaycanfilm” kinostudiyasının mətbuat xidmətinin rəhbəri Ramil Ələkbərov Lent.az-a bildirib ki, filmlərin təxirə salınması və ya dondurulması haqqında rəyi Mədəniyyət Nazirliyinin təşkil etdiyi komissiya verib. “Hansı əsaslarla verib bu onların hesabatında yer alır. Bəzən maliyyə, bəzən də rejissor işindən narazılıq əsas gətirilib. Əgər təxirə salınmış filmlərin dayandırılma səbəbi maliyyə çatışmazlığıdırsa, onlar nə vaxtsa yenidən başladıla bilər”,- deyə o qeyd edib.

Bax belə. Suallar açıq olaraq qalır. Ümid edək, yeni Mədəniyyət naziri məsələ ilə maraqlanacaq. Biz isə bu söhbəti burda bitirmirik. Ardı mütləq olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1884
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar