“Dəən heş zad alan döyülsən, ayna eyt” - Bizim ellər - Qədim Borçalı
13 sentyabr 2022 16:03 (UTC +04:00)

“Dəən heş zad alan döyülsən, ayna eyt” - Bizim ellər - Qədim Borçalı

Lent.az “Bizim ellər” rubrikasında növbəti virtual səyahətə dəvət edir. Yolumuz qədim Borçalıyadır.

İlin-günün bu vaxtında Borçalının hansısa bazarına girsən bərəkətli torpaqların məhsul bayramı ilə qarşılaşarsan. Satıcıların “ay şöytəli alan, ay göəli istəyən, ay təzə, göy cöüz istəyən” çağırışlarını eşidirsən. Bir az irəlidə belinə damalı şal sarımış kök bir xala “a bala, bəriəl, gəl xirniy bəhməzinə, yaxşcana döyğam var, təzə bişmiş, gəl dana, ucuz verəjəm” deyir, piştaxtasına dəvət edir. Alıcıya oxşamadığını görüncə, şirin ləhcəsiylə qovar səni: “Dəən heş zad alan döyülsən, ayna eyt”.
Sonra da dönüb yanındakı yuxa bişirib satan qadına şikayət eləyir. “Ağız, qanım şirindi, çivin, mığmığa gəmirdi məni. Yığvalı qarəlmiş alaxeylər, bazarda ağ günnüyük, elə bilirlər hər peşqunda pul var.  Mağıl əppəyiz var. Süysünü yoğun gədələrin qaşqası nə dumbuz isteer”.

Bir şey anlamadız? Təxmini tərcüməsini deyim: “Qanım şirindi, ditdili yeyir məni. Özü iş görməyən adamlar elə bilirlər sac dalında durmaqnan çox pul qazanırıq, yaxşı ki, çörək tapırıq. Bunu deyən yekəxana adamların alnı yumruq istəyir”

Sazın-sözün yurdu Borçalıya yolunuz düşsə, gərək öncə Borçalı lüğətini əzbərləyəsiniz ki, danışılanları düzgün anlayasız.
Maraqlı ifadələr var. Məsələn; kök-zərdə, düzəltmək-qayırmax, şəlalə-şırşır, tövlə-toola, söyüş-söyünc, yuyulmamış, yağlı-yağlaşoy, o tərəf-bu tərəf-o toy-bu toy, bəri gə-bəriəl, piyada getmək- yəax getmək, başdan xarab –hüştürüm, çuğundur-pazı, acgöz-sümsük, sülöysün, ləlöyün, yumsux, mismar–kora, aptek-həftih, mişar–xırxı, necə?-hancarı?, bu gecə-beyjə, tövbə-tova, bütün- teyxa, üz -gəniz, gözlənilmədən–beyqafıl, sabun–rakkı deməkdir.

Bu ellərin toyu, bayramı, məclisləri bir ayrı büsatdır.

Borçalı aşıqlarının sazının, sözünün qabağına hər mənəm deyən söz adamı çıxammaz. Cənnət mənzərəsindən, havasından, suyundandır yəqin ki, bu torpaqların bağrından saysız hesabsız elm adamları, şairlər, aşıqlar çıxıb. Vaxt olub  Borçalı ellərində aşıq məclisləri düzənlənib, dastan gecələri keçirilib, 40 gün-40 gecə toy çalınıb, beləcə elin adəti, folkloru nəsildən-nəsilə ötürülüb.

Borçalı ellərindən qalma maraqlı bir adətdən danışım. Bir oğlana qız bəyənəndə onun təmizliyi, qoçaqlığı ən önəmli faktor sayılırdı. Bəyəndikləri qızın ayağı altına kəlağayı atardılar. Qızın dabanları çatlaq, çirkli olurdusa, kəlağayının zərif ipək sapları mütləq büzülərdi. Bu da qızın özünə qulluq etməməsinə işarə idi. Gərək qızların ayağının altı şirmayı kimi olaydı. Bu idi türk qızının özünə baxımı.

Borçalıda xüsusi xonça mərasimi var idi. Toya qədər qız evinə "ağxonça", "bayramxonçası", "bəy xonçası", "bəzəkxonçası", "çərşənbə xonçası", "gəlin xonçası", "qəndxonçası", "xızır xonçası", "xınayaxdı xonçası", "xuşkəbər xonçası", "nişan xonçası", "novbahar xonçası", "nübar xonçası", "sərpayı xonçası", "şirinxonça / şirniqabağı xonça / şirni xonçası", "toy xonçası", "üzükxonçası", "yeddilövünxonçası", “ görəlgə”, "yengəxonçası" və s. adlar altında xonçalar gedərdi. Toy günü bəy evinə qız qapısından gedən xonçaya "xon", deyərdilər, içinə mövsümündən asılı olmayaraq qarpız da qoyardılar, xonu qarpızı ifadəsi də burdan dildə qalıb.

Özünüzə hədiyyə vermək istəyirsiniz? O zaman bir dəfə Novruzda, hansısa toyda bayramda qədim Borçalıya səfər edin. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2478
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar