“Cəmiyyətdə başında beyin əvəzinə peyin gəzdirənlərin sayı günü-gündən çoxalır. Kino nədir, tamaşa nədir, rol nədir, bilmir, amma namusdan, mədəniyyətdən dəm vurur”.
Bu sözləri Lent.az-a aktrisa Könül Yusifqızı söyləyib
Onun sözlərinə görə, bir çoxları aktyorlara, aktrisalara oynadıqları rollara əsasən qiymət verirlər.
“Bizə göstərilən münasibət bəzimizi şəkər, bəzimizi depresiya, bəzimizi əsəb xəstəsi, bəzimizi də içki səbəbindən sirroz edir. Xaricdən aktyor, aktrisa gələn kimi başımızın üstündə gəzdiririk. Baha qiymətə bilet alırıq, tamaşasına gedirik. Özümüzünkülərə qiymət vermək bir yana, yuxarıdan aşağı baxırıq, təhqir edirik”, - o qeyd edib.
O qeyd edib ki, aktyorlar həssas insanlardır: "Oynadığım filmə görə şərəf və ləyaqətimi təhqir edirlər. Bu məni həddən artıq məyus edir. Bu nə cəmiyyət, nə cahillikdir? Müxtəlif ölkələrin komediya proqramlarında hər cür açıq- saçıq zarafata qəhqəhə atırıq. Bunu bizimkilər edəndə, niyə adımız pozğun kimi hallanmalıdır? Belə yaşamaq çətindir, çox çətindir”.
Qeyd edək ki, aktrisa Könül Yusifqızının oynadığı “My nayme iz İntiqam” komediya filmindəki erotik qadın obrazı bir sosial şəbəkə izləyicisi təhqir edib. O, aktrisanın filmdəki görüntülərini dəfələrlə paylaşaraq, onun əxlaqsız olduğunu yazıb.