“Bunu Ucardan başqa yerdə eşitməzsən” - Ellərimiz, obalarımız
10 iyun 2022 18:45 (UTC +04:00)

“Bunu Ucardan başqa yerdə eşitməzsən” - Ellərimiz, obalarımız

Lent.az daha bir layihə ilə qarşınıza çıxır. “Bizim ellər” adlı bu rubrikamızda hər rayonun özünəməxsus toy, yas, bayram ənənələri, yeməkləri, dialekt sözləri, məşhurları barədə məlumat verəcəyik. Yaxın gəlin, bizimlə maraqlı olacaq.

İlk söhbət açacağımız rayon Azərbaycanın “göbəyi”ndə yerləşən, qışı çox sərt, yayı çox isti, insanları isə çox sadiq, istiqanlı, duzlu-məzəli olan Ucar rayonudur.

“Ucar”ca – Azərbaycanca lüğət

Ucarda qədimi türk sözlərinin  çoxu qorunub saxlanıb. Hərçənd güclü assimlyasiyaya da uğrayıb. Məsələn, bu bölgədə kürəkənə “göy” deyirlər. Bu da qədim oğuzların işlətdiyi güvey - kürəkən sözündən irəli gəlir. Türklərdə “gəlin-güvey olmaq”  ifadəsini yəqin eşitməmiş deyilsiniz. Zaman içində “güvey” sözü dəyişərək dönüb olub müasir ucarlıların dilində “göy”.

Burda anaya “ciji” deyildiyini eşidərsiniz. Bu kəlmə də qədim bir ənənənin tarixini daşıyır. Çox arvad alan kişilərin əvvəlki arvaddan olan uşaqları təzə gələn anaya çiçə, cici (təzə) ana deyərdilər. Beləcə cici sözü də dönüb oldu ciji. Zaman içində hər kəs elə öz doğma anasına da “ciji” deyə səsləndi. Axtarsan tarixin tozlu səhifələrini silkələyən yüzlərlə belə söz taparsan. 

Bir də sözlər var ki, o kəlmələri Ucardan başqa yerdə eşidəmməzsən. Məsələn, Ucarda ağ gilasa da, qırmızı gilasa da, albalıya da bəhli deyirlər. Camış balasına xötək, eşşək balasına qoduq əvəzinə “xotuq” deyərlər. Uzun adama uzundraz, şit danışan adama sərək, tələsik işə çaparax, it balasına quçük, əməköməcinə cırdana, cır armuda çaqqalboğan, baməzə adamlara itoynadan, inadkar adama və ya yolunda getməyən işə tərsməssəf deyirlər buralarda. Bu yerlərdə qardaşın, əminin, dayının arvadına gəlinbacı demək adətdi. Hətta gəlinbacının yaşı 60-70 olsa da, ailə üzvləri onu “gəlinbajı” çağırmaqda davam edirlər.

Ucar rayonunda əvvəllər çox maraqlı toy-düyün adətləri olub. Elçilikdən sonra nişan, nişandan sonra da qız üçün “parçabiçdi” mərasimi keçirilərdi. İndiki deyimlə desək- qız toyu. Parçabiçdi mərasimində oğlan evinin  yeni gəlinə aldığı bütün hədiyyələr xonçalardan çıxarılıb, qonaqlara göstərilirdi. Parçabiçdi mərasiminə əsasən qadınlar toplanardılar. Xınayaxdı da yalnız qadınların toplaşdığı mərasim idi. Xınayaxdı adətən gəlin köçməzdən bir gün qabaq, axşam üstü təşkil olunar, əlinə xına yaxan hər qadın bunun üçün ayrılmız xüsusi siniyə pul atardı. Həmin pul gəlin köçən qıza hədiyyə edilirdi. Gəlin köçən qızın ovcuna atası dəsmalla birlikdə pul da bağlayardı. Hər ehtimala qarşı gəlini pula ehtiyacı olsa işlətsin deyə.

Oğlan toyu da iki cür keçirilərdi Ucarda. Birinci “sofuyana” toy deyilən toyda musiqiçilər olmaz, gəlin gətirilməzdi. Oğlan evi uzaqdan gələn xüsusi qonaqları üçün  böyük ziyafət təşkil edərdi. Sofuyana toy sözü  sufiyanə sözündən götürüb. Yəni sufi məclisi.

Gəlin oğlan evinə adətən gündüz vaxtı, saat 11-12 radələrində aparılardı.  Toy karvanı düzülərdi yollara. Qız evindən yüngülvarı nəsə oğurlamaq da dəb idi. Yəni gəlin də oğurluq  əşya kimi, geri qayıtmayacaq anlamında. Gəlinin oğlan evinə yaxınlaşdığı müjdəsini verənə  oğlan atası yaxşı bir muştuluq verərdi. Bu arada “muştu” sözü şad xəbər anlamındadı, muştuluq da müjdəlik  hədiyyə anlamına  gəlir. Gəlin gələndə ayağının altında qoç qurban kəsilər, bu qoçun əti paylanardı.  Qadınlar kişilərlə eyni mağarda oturmazdılar (indi yeni qaydalar tətbiq olunur). Toyun sonunda mütləq meydana aşıq çıxardı. Bir zamanlar Ucar toylarını məşhur aşıq Əhlimansız  təsəvvür eləmək olmazdı. Aşıq toyun sonunda “ bəy tərifi” edib, nəmər yığardı. Bəy tərifi çox az rayonda müşahidə olunan mərasimdi. Bu mərasimdə bəyin  adına bayatılar çəkilir, adı çəkilən qohum ya aşığa nəmər verirdi, ya da bəyin boynuna  ipək parça, kəlağayı kimi hədiyyələr salardı. 

Dəryada batıbdı nuhun gəmisi
Gəlsin xələt versin bəyin əmisi.

Göydə bir ulduz var adı Talıbdı
Bəyin xalası yaddan çıxıb qalıbdı.

Aşığın bu çağırıçından sonra əmi də, xala da mütləq meydana çıxıb nəmərini verib, rəqs edib, meydanı verirdi başqa qohumlara. Toylar bəy tərifi mərasimi ilə bitir,  toy gecəsi mütləq tüfəng atılırdı.

Gəlini öz cehizində qaynatasına mütləq  mütəkkə və yun yastıq hədiyyə aparması indi də adətdəndi.
Ucarda ən təntənə ilə keçirilən bayram ramazan bayramıdır. Hamı bir- birilə görüşür, küsülülər barışır. Novruz, Qurban bayramı qeyd edilsə də, sakit keçir. 

Yas mərasimləri

Ucarda rəhmətə gedən adamı əgər gecə deyilsə və uzaqdan gələni yoxdursa,  mütləq elə həmin gün dəfn edirlər. Ölən şəxsin 40 mərasimi ilə yanaşı, 52 mərasimi də keçirilir. Ölənin ili çıxana qədər həmin qapı yas qapısı sayılır. Ölən şəxsin darvazasına  qara yaylıq bağlamaq adəti var. Ölənin paltarları mütləq ehtiyac sahiblərinə paylanılır və bu paltarlara sovxa deyilir (“sovxaya qalsın” qarğışı da burdan alınıb. Yəni öləsən, paltarların  sovxa kimi paylansın).

Ucarın yeməkləri

Döşəməli aş bu zonanın şah yeməyidir. Yerli çəltik düyüsündən hazırlanan plovun aşqarası düyünün altında dəmə qoyulur. Belə plovun ətri ucarlılar demiş “yeddi öy qonşunu” bürüyür. Burda təndir çörəyi bişirəndə balaca uşaqları nəzərə alıb, kökə də yapırlar. Kökə dediyimiz nədir? Adi çörək xəmirinin içinə bol kərə yağı yaxıb, təndir çörəyi kimi bişirilir. Bişən kimi uşaqların əli yanmasın deyə, onu bir ağac çubuğa keçirib verirlər uşaqların əlinə. Yağlı təndir kökəsinin üstünə şor yaxanda dönüb olur şorəppək. Bu yerlərdə əməköməcinə  və ondan hazırlanan şorbaya cırdana deyilir. 
Boranıdan bişirilən “pırtdama” adlı yemək də ucarlıların icadıdır. Horra, səlmə dovğası, kartof bozbaşı da buralara məxsus yeməklər sayılır.

Ucarın gözəl mənzərəsi yoxdur. Hara baxsan, uzanıb gedən şoran torpaqlar, düzənliklərdir. Amma günəşin bol-bol isitdiyi, yandırıb qovurduğu bu torpaqların insanları gözəldir. Hansı qapını döysəniz, mütləq qonaq edəcəklər. Gedəndə də əlinizə mütləq dolu bir zənbil verəcəklər. Siz siz olun, ucarlının hədiyə verdiyi çantanı geri qaytarmayın. Xətirlərinə dəyərsiniz. İçində mütləq bir kənd çolpası, ucar narı, heyvası, şor, pendir, qatıq olacaq. Varını verən utanmaz deyiblər. Yolunu bu ellərdən salan axtardığını tapacaqmı bilmirəm. Amma mütləq özünə ömürlük dost qazanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4674
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar