2023-cü ildən Türkiyə kinematoqrafiyası yeni layihələri tamaşaçılara təqdim etməyi qərarlaşdırıb.
Lent.az bu il yayımlanacaq serialları sizə təqdim edir:
“Veda mektubu” serialı – “Kanal D”də göstəriləcək serialda baş rol ifaçıları Nurgül Yeşilçay, Rabia Soytürk və Selim Bayraktar olacaq. Serialda illər öncə bir məktub üstündə ayrılan aşiqlər övladları ucbatından üzləşəcəklər, fəqət qovuşa biləcəklərmi? Serialın yayımının dəqiq tarixi hələlik bilinmir.
“Ömer” – “Star TV”-də yayımlanan, baş rollarda Selahattin Paşalı, Barış Falay, Merve Dizdar, Gökçe Bahadır və Gülçin Kültür olan serialın mövzusu “Netflix” platformasında yayımlanan “Shtisel” serialından götürülüb.
“Benim Adım Farah” – “Fox TV”-də yayımlanacaq, baş rollarda Demet Özdemir, Engin Akyürek, Özcan Deniz, Ali Sürmeli və Fırat Tanışın oynadığı serial bir həkim serialıdır. Belə ki, oğlunun əməliyyat pulunu toplamaq üçün mafiyanın təmizlikçisi olan bir həkimin hekayəsi ekranlaşdırılıb. Serial gələn aydan tamaşaçı qarşısına çıxarılacaq.
“Taçsız Prenses Dizisi” – Bu gün “Fox TV”-də yayımlanacaq yeni seriallardan biridir. Rollarda İsmail Hacıoğlu, Sümeyye Aydoğan, Tolga Tekin, Merve Şen, Feride Çetin və Elif Kurtaran ifa edəcək. Anası xəstələnən, həyatın soyuq üzünü görən Masal adlı qızcığaz ərköyün, hər pisliyi edəcək bir qıza çevrilir. Masalın ilk dəstək görəcəyi adam isə müəllimi Evgindir, lakin işlər zamanla tərs gedəcək. Bu da izləyicini həyəcanda saxlayacaq.
“Al Sancak” – Bu ay “TRT 1” televiziyasında yayımlanacaq serialın aktyor heyətində Uğur Güneş, Gülsim Ali, İdris Nebi Taşkan, Emre Dinler və Tezhan Tezcan yer alıb. Burada mövzunun əsas predmeti türk əsgərinin böyük fədakarlıqlarıdır. “Al sancak” serialı ilin ən çox gözlənilən ekran işi hesab olunur.
“Aile” – Aktrisa Özge Özpirinçcinin baş rol aldığı serial “Çukur”a bənzəyəcək bir məhlə serialıdır. Ekran işinin çəkilişləri İzmirdəki məhlələrdə aparılıb.
“Ego” serialı – 2023-cü ildə yayımlanacaq ekran işlərindən biri olan serialın baş rollarını Melisa Aslı Pamuk və Alperen Duymaz aparacaq.
“İçimdeki Yabancı” – “Fox TV”də yayımlanacaq serialda Hande Erçel və Burak Deniz baş rolları paylaşacaqlar. Serialda şəxsiyyət pozuqluğu yaşayan bir adamın təsirli hekayəsi tamaşaçılara təqdim olunacaq.
“Hayallerim, Babam ve Sen” – Bu ilin mart ayında “Kanal D”-də ekranlara gələn serialın oyunçuları Berrak Tüzünataç, Ozan Dolunay, Tansel Öngel, Dilin Döğer və Hazar Motandır. Qeyd edək ki, serialın ssenarisini Sırma Yanık yazıb.
“Çekiç ve Gül: Bir Behzat Ç. Hikayesi” – “Blue TV” platformasında yayımlanacaq serialda Erdal Beşikçioğlu və Gökçe Eyüboğlu baş rolları paylaşacaq. Serialda İstanbuldan sürgün edilən Behzat Ç. Ankaraya gələcək və qaldığı yerdən işinə davam edəcək.
“Süper Star” serialında baş rollarda Uraz Kaygılaroğlu və Pınar Deniz olacaq. Ekran işinin çəkilişləri bu ilin yayında tamamlanacaq.
“Hür” serialı – “TRT Dijital”da yayımlanacaq serialda dörd savaş pilotunun hekayəsi ekranlaşdırılacaq. Ekran əsərində aktyorlar Hilmi Cem İntepe, Deniz Çatalbaş, Zeynep Tuğçe Bayat və Taner Ertürkler olacaq.
“Lemi” – Məşhur aktyor Kerem Bürsinin yer aldığı serial bu ay rəqəmsal bir platformada tamaşaçılarla “görüşəcək”. Aktyorla birgə aktrisa Ebrar Alya Demirbilek də baş rolda yer alacaq.
“Olur Olmaz” serialı – Baş rollarda Çağrı Çıtanak ve Başak Gümülcinelioğlu olan serial Türkiyənin “ATV” televiziyasında yayımlanacaq.
“Ateş Kuşları” – Bu serialın baş rol façısı “Kurtlar Vadisi Pusu”ndakı Süleyman Çakırın oğlu “Pusat” obrazını canlandıran Görkem Sevindik olacaq. Ssenaristlər isə Ayşe Ferda Eryılmaz ilə Nehir Erdemdir. Serialın yayım tarixi hələlik bilinmir.
“Lavanta Konağı” – “Star TV”də yayımlanacaq serialın əsas mövzusu bir qadının dramıdır. Aktyor Birkan Sokulluya serialda baş rolu oynaması üçün təklif göndərilib.
“Kral Kaybederse” – serial bu ilin ən çox gözlənilən ekran işlərindən biridir. Belə ki, baş rolları Beren Saat və Kıvanç Tatlıtuğ paylaşır. Serial “Star Tv”də yayımlanacaq.