O, dünyanın ən məşhur çirkinlərindən biriydi. Yalnız şöhrətləndikdən sonra dəfələrlə üzündə plastik əməliyyat etdirdi. Seyrək, iri və qabarıq dişlərini düzəltdirib səliqəyə saldırdı. Söhbət səsinə görə kral elan edilmiş, əfsanəvi “Queen” rok qrupunun lideri Fredi Merküridən gedir.
Onun əsl adı Fərrux Bulsara idi. 1946-cı il sentyabrın 5-də Tanzaniyada Zanzibar şəhərində fars əsilli ailədə doğulmuşdu. Ailə zərdüşti, başqa sözlə atəşpərəst idi. Fredi ömrünü elə bu inancla başa vurdu. Amma bu barədə bir az sonra.
12 yaşına qədər o ailəsi ilə Hindistanda Bombey şəhərində yaşayıb. İngilisdilli məktəbdə dostları Fərruxu Freddi deyə çağırırdılar. Müəllimləri Fərruxun musiqi qabiliyyətini görüb valideynlərinə onu musiqiyə yönəltməyi tövsiyə edirlər. 12 yaşında Freddi dostları ilə rok qrup yaradır, bu qrupla konsertlərə qatılır və pul qazanmaq üçün bacardığı hər yerə əl atırdı. Freddinin ailəsi 16 yaşına çatanda Londona köçür. O, daha aktiv şəkildə musiqi ilə məşğul olmağa başlayır. 1971-ci ildə sonralar bütün dünyada “Queen” adı ilə məşhurlaşacaq rok qrupuna üzv yazılır. O, Bulsara adını Merkuri təxəllüsünə dəyişir. Şöhrətin qapıları açılır. Həm “Queen”, həm Freddi Merkuri böyük sevgi qazanır.
1985-ci ildə Merkurinin 10 treki daxil edilən plastinkası böyük qalmaqala səbəb oldu. Çünki bu musiqilərə həm də kliplər çəkildi və 39 yaşlı müğənni kliplərində açıq-aşkar transvestitləri, gey mədəniyyətini, eynicinslilər arasında münasibətləri təbliğ edirdi. “Living On My Own” mahnısına çəkilmiş klip açıq aşkar təbliğat idi və bu klip efilərə yalnız Freddinin ölümündən 2 il sonra çıxa bildi.
Elə həmin illərdə Freddi Merkurinin şəxsi həyatı da müzakirəyə səbəb oldu. O, köməkçisi Meri Ostinlə vətəndaş nikahına girib, bir neçə il birlikdə yaşasa da, dostcasına ayrıldı. Ayrılığa səbəb Freddinin biseksual olduğunu etiraf etməsi olmuşdu.
Lakin bu ayrılıq onların ömürlük dost qalmalarına mane olmadı. Freddi hətta mülkünün böyük bir hissəsini, Londondakı evini Meriyə vəsiyyət etdi. O, həm də Merinin 2 oğlunun xaç atası oldu. Merkuri “Love Of My Life” mahnısını bu xanıma həsr etmişdi.
Meridən sonra o aktrisa Barbara Valentin ilə qısa bir macəra yaşadı. Zərdüştilik inancına görə, yetkinlik yaşına çatmış kişinin arvadı və uşağı yox idisə, o günahkar hesab olunurdu. Tez-tez atəşpərəstlərin məbədinə gedən Merkuri ailəsi olmadığına görə, özünü pis hiss edirmiş və günahlarının yuyulması üçün məbədə ehsanlar göndərirmiş.
Yaxınlarının dediyinə görə, o biseksual deyil, “gey” olduğuna görə, evlənmirmiş. Onunla eyni qrupda çıxış etmiş yoldaşları Brayan Mer və Rocer Teylor mətbuata bu barədə açıq bəyanatlar verdilər. Yaxın köməkçisi Piter Fristoun mətbuata onun həyatında bir neçə kişinin olduğunu iddia etdilər.
1986-cı ildə Freddinin QİÇS testi verməsi və nəticənin pozitiv olması barədə söhbətlər yayıldı. Freddi yayılan söz-söhbətləri təkzib etsə də, ağır xəstəlikdən əziyyət çəkdiyi üz-gözündən tökülürdü. O, yorğun və zəifləmiş vəziyyətdə idi. 1989-cu ildə deyilənlər təsdiqini tapdı. Freddi kliplərdən birini ağ-qara çəkdirdi. Çünki dərisinin rəngindəki qüsurları başqa cür ört-basdır etmək mümkün deyildi. Öləcəyini bilirmiş kimi bütün gücüylə işləyir, ard-arda disklər yazdırırdı. Bu musiqilər sonralar əsrin 100 ən yaxşı melodiyası siyahısına daxil edildilər.
1991-ci il noyabrın 23-də 45 yaşlı Freddinin QİCS xəstəsi olması, bir gün sonra isə ölümü barədə rəsmi məlumat yayıldı. Həkimlər onun bronxial pnevmaniyadan öldüyü bildirdilər.
Rok ulduzun Zərdüştilik qayda-qanunları ilə dəfn ediləcəyi bildirildi. Dəfn təşkil edilmədi, meyiti yandırıldı, külünün hara edildiyi isə indiyə qədər sirr olaraq saxlanılır.
Freddinin həyatının ən böyük sevgisi pişikləri idi. O, evində 10 pişik saxlayırdı və qastrollara gedəndə pişiklərinə zəng edirdi. Xidmətçilərdən tələb edirdi ki, telefonun dəstəyini pişiyin qulağına dayasınlar. Freddi 10 pişiyinin hər birinə müəyyən məbləğdə vəsait də vəsiyyət etmişdi. Onun evi də, pişikləri də Meri Ostinə qaldı. Bu gün onun disk və vallarından gələn böyük gəlir də Meriyə çatır. Meri atəşpərəst inancı ilə yaşayır və Freddinin külünün harda qorunduğunu sirr kimi saxlayır.