Xalq artisti Hacı İsmayılov
15 aprel 2025 16:00 (UTC +04:00)

Xalq artisti Hacı İsmayılov

“Bir dəfə də olsa, lotereya almaq lazımdır” - Xalq artisti Hacı İsmayılovla MÜSAHİBƏ

Lent.az-ın müsahibi Xalq artisti Hacı İsmayılovdur

O, Azərbaycan kinosunun daha çox “Mustafa müəllim”i kimi yadda qalıb.

Hacı İsmayılov  “Həm ziyarət, həm ticarət”, “Ad günü” kimi bir çox məşhur filmlərdə baş rol alıb.

- Hacı müəllim, sənətə həvəsiniz necə yarandı?

- Hələ məktəb illərindən teatra həvəsim var idi. O vaxtı 2 gün mənə bayram olurdu: Biri idman dərsi olan günü, biri də bizi məktəbdən teatra aparanda. Əsasən, Gənc Tamaşaçılar Teatrına aparırdılar. İlk baxdığım tamaşa isə "Pavlik Morozov" idi. Pərdə açılanda səhnədən gələn qoxu mənə xoş gəlirdi. Sonradan bildim ki, dekorasiyalar yanmasın deyə, bir maye ilə sulayırdılar, onun qoxusu idi, ondan əlavə, səhnədəki aktrisaların ətri də vururdu.

4-cü sinifdə oxuyanda məktəbdə bir dram dərnəyi var idi. Rəhbəri Tofiq İsmayılov idi. İlk oynadığım rol isə Novruz Gəncəlinin "Gənc Ustalar" tamaşasında tənbəl obrazı olub. Maraqlı rol idi. Çox yaxşı alındı. O tamaşa məndə həvəs oyatdı. Ondan sonra "26-lar" Mədəniyyət sarayında bir uşaq, bir də böyüklər üçün dram dərnəyi varıydı. Bir müddət ora getdim, sonra Lütfü Məmmədbəyovun dram dərnəyinə qoşuldum. O dram dərnəyi sonra Xalq Teatrı oldu. Orada çox yaxşı tamaşalar oynanılırdı.

Yadıma gəlir, Cəfər Cabbarlının "Aydın"ı, Mir Cəlalın "Bir gəncin manifesti" səhnəyə qoyulmuşdu. O tamaşalar çox böyük ajiotajlar yaradırdı. Həmin dram dərnəyindən oynayanların çoxu sonradan Xalq Artistləri, sevilən sənətkarlar oldu. 

Beləliklə, 1963-cü ildə Teatr İnstitutunun Kino və Dram fakültəsinə daxil oldum, bu, indiki Mədəniyyət və İncəsənət Universitetidir. 4 il oxudum, sonra bizi göndərdilər İrəvan şəhərinə. Azərbaycanın qədim yurdu İrəvanda teatr olub və o, fasilələrlə işləyib. Məkrli qonşularımız qoymayıblar o teatr inkişaf eləsin. 1967-ci ildə teatrı bərpa etmək üçün bizim kursun hamısını göndərdilər İrəvana. Cəfər Cabbarlının "Sevil" pyesini səhnəyə qoyduq. Onunla da İrəvan Teatrının bünövrəsi qoyuldu.

Daha sonra ailə vəziyyətimlə əlaqədar Bakıya gəlməli oldum. O vaxt danışığım daha yaxşı, nitqim daha səlis idi. Teatrlar İnstitutunun rektoru məni səhnə  danışığı kafedrasına dəvət etdi. 1 il səhnə danışığından dərs demişəm. Mənim dərs dediklərimin çoxu indi Xalq Artistləridir.

- Məsələn, kimlər?

- İlham Namiq Kamal, Fuad Poladov Elxan Ağahüseynoğlu. Həmin vaxtlar Sumqayıt Dövlət Dram teatrı açıldı, oraya qəbul olundum. 1 il işlədim. Sonra Akademik Milli Dram Teatrına getdim. 1970-ci ildən bu günə qədər Akademik Milli Dram Teatrında aktyor kimi çalışıram.

- Son çəkilən filmləri, serialları izləyirsiz?

- Yox. Birincisi, vaxtım olmur. İkincisi, maraqsızdır. Adamı cəlb eləmir.

- Nə ilə bağlıdır bu?

- Peşəkarlar yoxdur. Mən "Ailəm var" serialına çəkilmişdim. Çox yaxşı serial idi, uzun müddət də getdi. Sonra 1-2 seriala dəvət etdilər, 5 seriya çəkildi və dayandı. Məlum oldu ki, peşəkar olmayan bir adam haradansa pul tapıb. Beyninə düşüb ki, film çəksin. Bu cür iki serial bağlandı. Ondan sonra ümumiyyətlə, həvəsim olmadı.

- İmtina elədiyiniz film olub?

- Xeyr, imtina eləməmişəm. Mənim aləmimdə, aktyor üçün kino daha vacibdir, nəinki serial. Kinonun bir ssenarisi olur. Serialı axşam yazıb səhər gətirirlər ki, çəkin. Kinonun haradan başlayıb hara getdiyini bilirsən. Kinoya dəvət alanda məmnuniyyətlə gedirəm. Son illərdə 2 filmə çəkilmişəm. Biri "Olimpiya", digəri isə "Doğma torpaq" filmidir. Kinoda çəkiləndə aldığım ləzzəti serialda ala bilmirəm. 

Çəkilən seriallara baxıram, biri danışanda digərini göstərirlər. Adi peşəkar texniki cəhətləri bilmirlər ki, heç olmasa danışanı göstərmək lazımdır. Aparatı qoyurlar və aktyorlara deyirlər ki, oynayın. Sən onun üz ifadəsini, gözlərindəki emosiyanı görmürsən. "Doğma torpaq" filminə dəvət edəndə adı diqqətimi çəkdi. Etiraz etmədim.

- Oynadığınız obrazlardan sizə ən doğma olanı hansıdır?

- Hamısı doğmadır, çünki onlara həyatımı vermişəm. Onları oynamamışam, yaşamışam. Hərdən "Ad günü" filmindən söz düşəndə deyirəm ki, mən ona çəkiləndə elə bilirdim, möcüzəli bir yuxuda idim, ayıldım ki, film çəkilib. Hamısı mənə əzizdir. "Ad günü" ilə "Həm ziyarət, həm ticarət"də oxşarlıq var. "Həm ziyarət, həm Ticarət" filminə çəkiləndə çətinliklər çox olub. 

- Hansı çətinliklər?

- "Ad gün" iki hissədən ibarətdir: bir ad günü hekayəsi, ikincisi ezamiyyət. Orada yüküm az idi. Amma "Həm ziyarət, həm ticarət"də tam qapanmaq, yaşamaq lazım idi. Bu da aktyorda yorğunluq, sıxıntı yaradır. 

- "Ad günü"dəki Mustafa ilə "Həm ziyarət, həm ticarət"in Mustafa müəllimi arasında necə paralel aparırsız?

- Eyni Mustafadır. "Ad günü"ndə Mustafa kənddən Bakıya gəlir. "Həm ziyarət, həm ticarət"də isə Bakıdan İstanbula gedir.

- Teatrla başlayıb sonra kinoya gəlmisiz. Sizə hansı yaxındır, teatr, ya kino?

- Uşaq vaxtı kinonu sevirdim. İçərişəhərdə anadan olduğuma görə, bir çox filmlərin çəkilişinə şahid olmuşam, məsələn, "O olmasın, bu olsun". İlk dəfə meylim orada olub. Sonra dram dərnəyinə gedəndə artıq teatrı seçdim. Mən hərdən deyirəm ki, teatr həyatımdır, kino isə sevgim. Teatr kinoya nisbətən az imkanlara sahibdir. Teatr canlı bir orqanizmdir. Tamaşaçı ilə üz-üzə olursan, onu hiss edirsən. Kinoda isə nisbətən sərbəstlik var.

- Kinoda alınmayan bir səhnə dəfələrlə çəkilə bilir, teatrda belə bir şans yoxdur. 

- Bəli, bir fraqment 10 dəfə çəkilə bilir. Hərdən fikirləşirəm ki, şansı gətirmiş adamam. Teatr aktyoru olmaq istəmişəm və olmuşam da. Teatr olmayanda isə kino olub. Kinoda oynadığım rolları teatrda oynamayacaqdım. İstəyərdim bütün aktyorlar həm kinonu, həm teatrı görsün, bu, aktyora çox təcrübə qatır.

- Elə aktyor və ya rejissor olub ki, sizin yaradıcılığınıza təsir etsin?

- Bəli, olub. Əvvəla, mənim çox yaxşı müəllimlərim olub. Qrup rəhbərim Xalq Artisti Məlik Dadaşov idi. Teatrda, kinoda bir çox rejissorlarla işləmişəm. Amma məni kəşf edən, tanıdıb tamaşaçı sevgisi gətirən Rasim Ocaqov olub. Rasim Ocaqova ömrüm boyu borclu olacam. O məni yetişdirdi, "Ad günü" və digər filmlərə çəkməklə ampulamı təyin etdi.

- Deyirlər, Rasim Ocaqovla işləmək çətin olub...

- Onunla işləmək çətin deyildi, Rasim Ocaqov çox məsuliyyətli və dəqiq adam idi. Xoşlamazdı ki, aktyor geciksin. Ad günü filminə çəkiləndə deyirdi ki, saat 7-də Kinostudiyada ol. Dediyi vaxtda gedib görürdüm ki, xadimələrdən başqa heç kim yoxdur. Saat 10-da qrimçi gəlib qrim edirdi. Saat 11-də Rasim müəllim gəlirdi və çəkilişə gedirdik. Çəkilişi uzatmağı xoşlamazdı. Hər çəkilişdən qabaq evdə kağızlarına hər şeyi qeyd edirdi. Artıq çəkilişə hazırlıqlı gəlirdi. Daha durub meydançada düşünmürdü ki, aktyor harada dayansın, kamera haradan çəksin. Aktyorlardan da bu məsuliyyəti tələb edirdi. Vay o gündən ki, aktyor çəkilişə geciksin. Onda onu cəzalandırırdı.

- Necə cəzalandırırdı?

- Çox qəribə. Bir dəfə çəkilişə gecikmişdim. "20 Yanvar" metrosu tərəfdə bir klinika var. Çəkiliş orada idi. Guya İstanbuldakı otelin vestibülü idi. Xeyli gecikmişdim. Gələ-gələ düşünürdüm ki, Rasim müəllim məni danlayacaq. Gəlib üzrxahlıq elədim. Dedi, eybi yox, gecikdin, gecikdin də. Soruşdu, pulun var?  Düşündüm ki, pulun söhbətə nə dəxli? Dedim, bəli, var. Dedi, çıxart ikinci rejissora 10 manat ver. O vaxtı da 10 manat böyük pul idi. Pulu verdim, dedi, get indi qrimlən, geyin, çəkilişə hazırlaş. Fikrim qalmışdı orada ki, 10 manatı niyə aldı?

Düşündüm, yəqin, qaytarar. Sonra gördüm, yox ey, qaytarmadı. Çəkiliş bitdi, hamısı aparatları yığıb avtobusa minib getdilər. Təkcə qaldım çəkiliş meydançasında. Sən demə, həmin gün o qrupdan kiminsə ad günü imiş, onlar da doğum gününü qeyd etmək üçün pul yığıblar. 10 manat da məndən aldılar, amma aparmadılar. Baxın, bu cəza idi. 

- Sovet dövründə çəkilən filmlər hələ də maraqla izlənir. İndi niyə o filmlərdən çəkilmir?

- Sovet dövründə çəkilən filmlər bir dərslikdir, sənət, peşəkarlıqdır. Onlar məktəb üzərində qurulmuşdu. İndi də o filmlərə baxanda ləzzət alıram. O filmlərlə indikiləri müqayisə etmək olmaz. Onları çəkənlər, aktyorlar peşəkarlar idi. Filmin əmələ gəlməsi üçün Azərbaycanfilm Kinostudiyası aktiv deyil. Filmlər çəkilmir. Bu da bizdən asılı olmayan şeylərdir. Yəqin ki, dövlət məşğul olacaq. 

Oranın 2000-dən artıq işçisi var idi. İndi, bəlkə də, 20 nəfər var, ya yox. Orada pavilionlar, operatorlar, rejissorlar, güclü yaradıcılıq rəqabəti olurdu. Ona görə, il ərzində çəkilən 5-6 filmdən 2-3-ü maraqlı olurdu. İndi hərə bir tərəfdə film çəkir. Yaxşı filmlərin hamısı orada yaranıb.

- Özünüzü uzaq hesab elədiyiniz rol olub?

- Kinoda yox, amma teatrda olub. Düzdür, yaxşı oynamışam, amma ürəyimcə olmayıb. Teatr belədir ki, sənə nə versələr, oynamalısan. Məsələn, o vaxt "Sizi deyib gəlmişəm" tamaşasında cavan oğlan idim, amma yaşlı kişi rolu oynamışam. Ümumiyyətlə, aktyor gərək roldan imtina etməsin.

- İlhamla oynamaq önəmlidir, ya texnika ilə?

- Sözsüz ki, aktyorun texnikası olmalıdır. Cümlənin məntiqi vurğusu haradadır, cümləni kimə deyir, deyəndən sonra hara dönür? Bunlar çox önəmlidir. Kinoda göz qapağını bağlamaq belə böyük bir rol oynayır. İlk müəllimlərimdən biri Məlik Dadaşov olub. Cəfər Cabbarlının "1905-ci ildə" əsərini səhnələşdirəndə mən general qubernator rolunu oynayırdım. Onda çox şeyi bilmirdim, mətni götürüb danışırdım. Məlik Dadaşov dedi, dayan, elə deyil, sən bu cümləni gör kimə deyirsən? Sonra dayan gör o sənə nə cavab verir?

- Elə məqam olub ki, rejissorun demədiyi bir şeyi əlavə etmisiz, amma qəşəng alınıb deyə, qalıb.

- Bəli, olub. "Həm ziyarət, həm ticarət" filmində bir hissə var. Güzgünün qabağında danışdığım səhnə. Mustafa müəllim güzgünün qabağında məşq edir. O iri monoloqdur. İlk dəfə cəsarət edib Rasim Ocaqova dedim, gəl, bu monoloqu belə edək: kamera güzgüdən məni çəksin. Mən də kostyumda, saçları daranmış, səliqəli çıxış edirəm. Elə effekt yaranacaq ki, televiziyada çıxış edirəm. Sonra isə kamera yavaş-yavaş aşağı düşür və görünür ki, heç əynində şalvarı yoxdur.

- Elə həmin hissədə Mustafa müəllim bir lotereya lətifəsi danışır. Hətta bu yaxınlarda lotereya reklamında sizi gördüm. Özünüz heç lotereya oynamısız?

- O qədər... Sovet vaxtında 30 qəpiklik lotereya var idi. Ümumittifaq çərçivəsində idi. 2-3 ay sonra qəzetin axırıncı səhifəsində qaliblər çap olunurdu. Uduşlarda bütün məişət əşyaları var idi.

- Nəsə udmusuz?

- Bəli, "Riqondo mono" adlı bir radioqəbuledici udmuşam. Qiyməti də 141 manat idi. Onda bizdə radioqəbuledici yox idi. O vaxt udmaq olurdu. İndi çoxalıb, adam çaşıb qalır ki, hansını alsın. Amma bir dəfə də olsa, lotereya  almaq lazımdır (gülür).

- Hansı filmə baxıb "bu obrazı oynamaq istəyərdim" demisiz?

- O vaxt bir film var idi. Etel Voyniçin "Ovod" əsəri. Ona baxandan sonra istəyirdim ki, “Ovod” obrazını oynayım. Hətta o vaxt “26-lar” dərnəyində o əsər səhnələşdirildi. Mənə isə “Ovod”u yox, başqa rolu verdilər. Həmin rol isə “Ovod”un tam əksi idi. 

- Bu yaxınlarda bağınızı satışa qoymuşduz. Necə oldu, sata bildiz?

- Satdım, bəli. Mən özüm yayda istirahət eləməyin tərəfdarıyam. Yoldaşımın səhhətində problem oldu. Yeriməyində çətinlik yarandı deyə, satdım. 

Foto - İlkin Nəbiyev ©️ APA GROUP

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2525

Oxşar yazılar