“Baş prokurorluqda göstəriş verilibmiş ki, hamı bu tamaşaya baxsın” - Ramiz Həsənoğlu
17 yanvar 2023 20:15 (UTC +04:00)

“Baş prokurorluqda göstəriş verilibmiş ki, hamı bu tamaşaya baxsın” - Ramiz Həsənoğlu

Lent.az-ın müsahibi “Topal Teymur”, “Ordan-burdan”, “Ac həriflər”, “Qatarda”, “Günahsız Abdulla”, “Ötən ilin son gecəsi”, “Fatehlərin divanı” kimi onlarla maraqlı ekran işinin müəllifi, tanınmış rejissor Ramiz Həsənoğludur.


- Ramiz müəllim, tanınmış kinoaktrisa Ətayə Əliyevanın oğlusunuz. Ətayə xanım filmlərdə gördüyümüz qədər mülayim, mehriban qadın idi?

- Kinorejissor Arif Babayev anamı “Uşaqlığın son gecəsi filminə çəkmişdi”. Hər dəfə o filmə baxanda elə bilirdim anam evdən çıxıb ekrana daxil olub. Həyatda necə idisə, filmdə də eləydi. O film məndə çox nostalji duyğular yaradır. Özünü oynamışdı. Arif Babayevin realistik səhnələr çəkmək ustalığı möhtəşəm idi.

 - O filmdə bir də nənə obrazı var idi. Ətayə xanımın qayınanasını, Rüstəmin nənəsini oynayan xanım. Bildiyimə görə, o aktrisa deyildi...

- O xanım Arif Babayevin kəşflərindən biri idi. Aktrisa deyildi, mən bilən İçəri şəhərdə yaşayırmış, Arif Babayev onu başqa bir filmlərində də epizodik rollara çəkmişdi. Uğurlu tapıntıydı. Sadəcə özünü oynayırdı. Anamla onun arasında kiçik qaynana gəlin çəkişməsi xətti keçirdi. Çox koloritli alınmışdı. Anam 14 yaşı olanda ailəsi ilə Aşqabaddan köçüb gəlmişdi. Aşqabaddan gəldiklərinə baxmayaraq, cənubi Azərbaycandan idilər. Anam atamla evlənəndə 16 yaşı varmış, atam onun yaşını 4 yaş böyütmüşdü ki, evlənə bilsinlər. Ömürlərində bir dəfə əyri iş görmüşdülər, o da bu idi.

- Arif Babayevin sizin həyatınızda xüsusi rolu olub?

- Bəli. O mənim ustadım, müəllimimdir. Rejissor kimi xüsusi istedada malik idi. Onun insana qəribə yanaşması, stimul verməsi vardı. Mən onun assistenti idim. Televiziya üçün bir proqram çəkilməliydi. Mürəkkəb komponentlər də vardı, onun öz işi çox olduğuna görə, tapşırıqlar vermişdi, proqramı müstəqil hazırladım. Veriliş efirə getdi. O da baxdı və sonra mənə dedi ki, bura bax, sən bu boy-buxunla niyə basketbolçu olmursan? Elə bildim, əl işimi bəyənməyib. Gülümsünüb dedi “istəyirəm incəsənətdə olduğun qədər, idmanda da uğurlu olasan”.

- 1997-ci ildə sizin ekranlaşdırdığınız “Fatehlərin divanı” böyük maraqla izləndi, amma heyf ki, davamı olmadı. Bu əsərə yenidən qayıtmaq fikriniz var?

- Bu tamaşada Bilgə xaqan, Oğuz xan, Atilla, Alp Arslan kimi fateh sərkərdələri, böyük hökmdarları divana çəkəcəkdilər. 4 seriya efirə getdi. Serialın qalan 46 bölümündə Şah İsmayıl Xətai, Sultan Səlim Bəyazid, Mircəfər Bağırov, Nəriman Nərimanov və müasir dövrdəki dövlət və hökumət rəhbərləri, liderlər divana gələcəkdilər. Lakin işlər yarımçıq qaldı, 50 seriya olmadı. Film AzTV-nin “Qarabağ” studiyasında çəkilirdi. Görünür bu əsərin ortaya çıxması çoxlarını narahat etdi, “pavilyon lazımdır” deyib dekorasiyaları sökdülər. 4 bölümün sonuna çatanda, rəhbərlik dəyişdi. Təzə rəhbər belə hesab elədi ki, bu tamaşa bizə lazım deyil. Tamaşa böyük rezonans doğurmuşdu. Eşitdiyimə görə, həmin vaxtlar Azərbaycan Baş prokurorluğunda işçilərə şifahi olaraq göstəriş verilib ki, hər kəs bu tamaşaya baxsın. Səhəri gün tamaşanın müzakirəsi aparılırmış. Bu hadisə barədə 1997-ci ildə Azərbaycan Televiziyasına rəhbərlik edən adama da danışıblar. O da iclasların birində bu tamaşanı öz uğuru kimi qiymətləndirdi. Ancaq, bu tamaşanın qalan seriyalarının çəkilməsinə cəhd etmədi. Filmin davamının çəkilməsi gündəmdədir. AzTV rəhbərliyi bunun üzərində düşünür. Rəhbərimiz Rövşən Məmmədov 4 ildir bu məsələni qaldırıb. İnşallah ki, olacaq. Ola bilər studiyada deyil, Qobustanda çəkilsin. Müəyyən işlər gedir. Yaxın gələcəkdə nəticələri görə biləcəksiniz.

- Bu əsərin çəkilməsi bizə həm mənəvi, həm də maddi qazanc gətirə bilərdi. Türkiyənin “Möhtəşəm yüz il” serialı çox ölkələrə satıldı, həm insanlarda türk tarixinə rəğbət oyandırdı, həm də böyük gəlir mənbəyinə çevrildi. Siz belə bir filmi çəkəcək potensialda rejissorsunuz. Elə təkcə “Fatehlərin divanı” bunu deməyə əsas verir...

- “Fatehlərin divanı” o illərdə Türkiyənin TGRT dövlət kanalında da nümayiş etdirildi.  Kanalla iş birliyi qurmuşduq, tamaşaya Türkiyədən 99 kostyum gətirmişdik. Film 6 seriya şəklində, alt yazıyla TGRT kanalında göstərildi.  O zamanlar türklər bizə hörmətlə “hocam” deyirdilər. Onda hələ “Möhtəşəm yüz il”in ideyası da yox idi. İdeya bizdən gəldi, onlar iş gördülər, qabağa getdilər, bizdə isə... Onlar bizim təcrübəmizdən faydalandılar, biz öz təcrübəmizi qoyduq bir kənara.

- Dünya bazarlarına çıxacaq, böyük maliyyə gətirəcək filmlər çəkmək üçün bizdə nə çatışmır? 

- Dünya bazarına çıxmaq üçün gərək onun tələblərini yerinə yetirəsən. Yaradıcılıq baxımından o güc var. Sadəcə təşkilati məsələlər və maddi baxımdan problem yaşayırıq. Ən böyük problem bunu istəməmək və iş görməməkdir.  

- Bəs Mədəniyyət Nazirliyinin bu barədə hər hansı təklifi, addımı olmayıb?

- Mədəniyyət Nazirliyinin o qədər problemləri var ki, onlar çətin bu işlə məşğul olmaq istəyələr.

- Bu gün kinomuz bataqlığa düşüb, niyə çıxa bilmir? 

-  “Bataqlıq” deyirsinizsə çox cəsarətli adamsınız. Əsas peşəkar kadrlardır, o da var. Kino Agentliyi verilən imkanları dəyərləndirə bilsə, kinomuz xeyli iş görə bilər.

- Ötən illərdə çəkilmiş əsərlərinizə baxanda düşünürsünüz ki, kaş başqa cür çəkəydim? 

- Keçmişə baxanda düşünürəm ki, yaxşı ki, bunu çəkmişəm. Dünən Mədəniyyət kanalında 30 il əvvəl çəkdiyim “Kamança” filmi göstərilirdi. Baxdım, utanmadım. Sevindim ki, 30 il öncə bu günü görə bilmişəm. Bunun üçün Mirzə Cəlilə, Üzeyir bəyə minnətdaram. Məndə o duyğuları formalaşdırıblar.

- Ən çox da onların əsərlərinə, motivlərinə müraciət edirsiniz.

- Yox, mən Vaqif Səmədoğlu ilə də çox işləmişəm. Həm ekranda, həm teatrda. Kaş Vaqif Səmədoğlundan 3 dənə də olaydı.

- Rəhbərlik etdiyiniz “Sabah” eksperimental qrupu əvvəlki məhsuldarlıqla işləyə bilir?

- “Sabah” bu il öz 30 illiyini qeyd edir. 1992-1995-ci illər bizim ən məhsuldar dövrümüz oldu, 3 il ərzində 40 əsər ortaya qoyduq. Ən ağır illər idi, amma hər ay bir premyeramız olurdu. Bizə o imkanlar yaradıldı. “Ac həriflər”, “Kamanca”,  “Bala, başa bəla”,  “Yarımştat” o zamanlar yarandı. Təkcə mənim əsərlərim deyildi. 2 il heç nə çəkmədim, başqa rejissorlara tapşırdım. Hətta dostum, bəstəkar Cavanşir Quliyev dedi ki, sən 2 ildir inzibati işlər görürsən, ən məhsuldar vaxtındır, işlə. Dedim “gərək rəqabət aparmaq üçün, özümə rəqiblər yaradam”. O rəqabəti “Sabah” qrupunda yaratdım. Yaxşı rəqabət olmayanda insan səhvlər edə bilir, nəzarəti itirir. 

- Yaratdığınız ən böyük rəqibiniz kimdir?

- Ən böyük rəqibim də özüməm. 

- 40 yaşlı Ramizlə bu günkü Ramizin fikir davası olur?

- Mənim üçün zaman, məkan söhbəti yoxdur. Deyəsən laməkanam (gülür).

- Haqqınızda film çəkilsə rejissor nəyə diqqət etməlidir? Hansı fikir öndə olmalıdır?

- Çox çətin sualdır. Mən bəxti gətirmiş adamam. 67-ci ildən televiziyada çalışıram. Heç bir rejissorun taleyində mənim gördüyüm iş qədər iş olmayıb. Şikayət etməyə haqqım çatmır. Amma özüm bilirəm ki, gördüyüm işlərin sayı görə biləcəklərimdən qat-qat aşağıdır. Bu mənada özümdən gileyliyəm. 

- Bu gün seriallarımızın əsas qəhrəmanları ya “narkoman”lar, ya villalarda yaşayan zənginlər, ya da nifrəti özündən qat-qat böyük olan mənfi qəhrəmanlardır. Niyə belə? Sadə insanlar qəhrəman ola bilməz?

-  Elə şeylər var ki, onu tamaşaçı, jurnalist olaraq siz deyə bilərsiniz, rejissor olaraq mənim deməyim düz gəlmir. Dərhal qiymət verməkdən çəkinən adamam. Baş verən hadisəyə öz münasibətim var, amma qiyməti zaman keçdikdən sonra verirəm. Bəzən böyük mənzərəni görmək üçün xeyli arxaya çəkilmək lazım gəlir. Pedaqoq kimi yanaşıram.

- Tələbələrinizi danlamağınız var?

- Liberal adamam. Tərifləyə-tərifləyə tərbiyə edirəm. Qoltuqlarına qarpız verə-verə öyrədirəm. Amma o potensialı görürəmsə, qarşımdakının nazı ilə oynaya bilərəm. Mayasında merkantil hisslər gördüyüm adamları dərhal kənarlaşdırıram.

- “Ötən ilin son gecəsi” tək qalmaq  çətin olmadı? Yalnızlıq düşünmək üçün yaxşı fürsətdir yoxsa əziyyət?

- 3 qızım var, üçü də burda deyil. Tək yaşayıram. Biri Amerikada, biri Çində, biri Türkiyədə. Nə yaxşı ki, sosial şəbəkələr var, o bizi tək qalmağa qoymur. Amma təklik ümumilikdə qorxulu bir şey deyil. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6921
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar