“Bakıya bileti görəndə gözünə işıq gəldi” - Ruhəngiz Qasımovanın qızı Lent.az-a danışdı
12 oktyabr 2022 13:03 (UTC +04:00)

“Bakıya bileti görəndə gözünə işıq gəldi” - Ruhəngiz Qasımovanın qızı Lent.az-a danışdı

Ruhəngiz Qasımova Honkonqa niyə getmişdi?

Onun vəfatından sonra telefonuna durmadan zəng edən kim olub? 

Mərhum bəstəkarı kazinolarla nə bağlayırdı? 

Əməkdar incəsənət xadimi, bəstəkar Ruhəngiz Qasımovanın Honkonqda yaşayan qızı Canana Süleymanlının Lent.az-a müsahibəsi

– Ruhəngiz xanım Honkonqa tez-tez gəlirdimi?

– Mən ilk olaraq, müsahibə üçün sizə çox təşəkkür edirəm. Bəli, anam Honkonqu çox sevirdi. Xüsusilə Çin yeməklərini, Çin mətbəxini bəyənirdi. Düzdür, anam Bakıya bağlı biri olub. Çünki orada dostları var, evimiz var, amma Honkonqa da sevgisi var idi.

– Bəs səhhəti nə vaxtdan pisləşmişdi?

– Ən son avqustun 14-də anamla Honkonqa gəldik. Çox darıxmışdı bura üçün. Biz planlaşdırmışdıq ki, 20 sentyabrda Bakıya qayıdaq, bilet də almışdıq. Amma səhər saatlarında anamın halı pisləşdi. Böyrəkləri, demək olar ki, fəaliyyətini dayandırdı. Amma bu qədər ağır vəziyyətinə rəğmən, bizə qətiyyən əziyyət vermədi. Biz onu təcili yardım maşını ilə xəstəxanaya apardıq. Burada dünyanın ən yaxşı böyrək xəstəxanalarından biri var. Ora apardıq. Bilirsiniz, əgər anamı o xəstəxanada xilas edə bilməyiblərsə, deməli, anam artıq yaşamaq istəmirmiş. Yəni mən belə düşünürəm. Anamın vəfat eləməsi peyğəmbərimizin ad günü ilə üst üstə düşdü. Yəni 9 oktyabr axşam saat ona on dəqiqə qalmış...

– Ümumiyyətlə, atanızın vəfatından sonra necə oldu? Onun haqqında nələr danışırdı?

– Atamın vəfatından sonra anam tamamilə dəyişdi, tamamilə başqa adam oldu. Bilirsiniz, mən çalışırdım ki, nəvələri ilə oynamağına şərait yaradım, əhvalını yüksəldim, sevindirim. Amma olmurdu. Azərbaycanda Ruhəngiz xanımın necə yumorsevər, zarafatcıl bir adam olduğunu hamı bilirdi. Bilirsiniz, atamın vəfatından sonra anamın zarafatlarında da qəribə dəyişiklik vardı, az qala, qaranlıq, qaramat hiss olunurdu. Həmişə atamın yanında olmasını istəyib. Ona çox bağlı idi. Anam bir gün də olsun, yataq xəstəsi olmadı. Amma atamın vəfatından sonra  gözlərində ağrı hiss edirdim, kədər hiss edirdim. Ona görə də atamın vəfatından 9 ay keçməmiş o da vəfat elədi. Dözmədi.

– Ruhəngiz xanım sizin yanınızda yaşayıb?

– Yox, sadəcə tətillərdə gəlirdi. Yəni daimi bizimlə yaşamayıb. Anam hər dəfə gələndə deyirdi ki, burda məni heç kim tanımır. Mən öz adamlarımızın, millətimizin sevgisini hiss eləmədən yaşaya bilmərəm. Hər dəfə gələndə, birinci növbədə, bizdən xahiş edirdi ki, birdən mənə nəsə olsa, məni Azərbaycana qaytarın. Deyirdi ki, mən saçımın dibinə qədər azərbaycanlıyam. Mən xatırlayanı, burada, yəni Honkonqda ən çox 2 həftə qalıb. Amma hər altı aydan bir gəlirdi. Pandemiyaya görə, iki il yarım idi ki, gəlmirdi. Ən son gəlişində əhvalı yaxşı deyildi. Zarafatyana demişdi ki, məni bu dəfə meyitimi qaytarmaq üçün gətirmisən, deyəsən.

Bilirsiniz, mən ona 20 sentyabrda Bakıya qayıtma biletimizi göstərəndə anam tamam başqa adam oldu. Gözlərinə işıq gəldi. O qədər sevinirdi ki, əşyalarını bir neçə gün öncədən yığmışdı.

– Siz Honkonqda, qardaşınız da, səhv eləmirəmsə, başqa yerdədir. Bəs atanızın vəfatından sonra necə, Bakıda tək yaşayırdı?

– Yox, anam heç vaxt tək yaşamayıb. Atam vəfat edəndən sonra qohumlarımız yanında olub, mənim öz oğlum da bir müddət onunla yaşayıb. Həmçinin atamın sağlığında ikən yanında özünün köməkçisi, sürücüsü olub. Onları da öz övladları kimi sevirdi. Onlar da anama çox yaxşı baxırdılar, qayğı göstərirdilər. Atamın vəfatından sonra isə ilk dəfə anam Novruz bayramı üçün bizim yanımıza – Dubaya gəlmişdi. Onda biz Dubayda yaşayırdıq. Anam o zaman 2 ildə ilk dəfə idi ki, Azərbaycandan kənara çıxırdı. Apreldə isə birlikdə Bakıya qayıtdıq, atamın qəbrini ziyarət etdik. İyulda isə biz ay yarımlıq Bakıya gəldik, nəvələr də onda gəlmişdi. Yəni heç vaxt tək qalmayıb, tək yaşamayıb.

– Atanızla tanışlıqları haqqında danışaq. Necə tanış olublar?

–  Fikrət Qoca atama “Utancaq oğlan” adlı şeir yazmışdı. Atam çox utancaq, özünə qapanıq adam olub. Anam onu bəstələdi, Rəşid Behbudov isə o mahnını oxudu. Bundan sonra atam anama hisslərini etiraf elədi, nənəmdən anamı istədi.

Yəni “Ay ana, dostum evlənir” mahnısı Rəşid Behbudov tərəfindən ifa olunduqdan sonra atam artıq başa düşdü ki, anamla mütləq evlənməlidir. Atam, dediyim kimi, çox utancaq adam olub. Heç vaxt diqqət mərkəzində olmağı sevməzdi. Bir-iki il tanışlıq, ora-bura, sonra isə evləniblər.

– Ruhəngiz xanım nərd oynamağı çox sevirmiş. Müsahibələrində tez-tez deyirdi ki, nərdi sevirəm, tez-tez oynayıram.

– İlahi, bu sual məni necə kövrəltdi... (bir az ara verir). Anam xəstələnməmişdən iki-üç qabaq onunla nərd oynadıq. Dedim ki, ana, bu dəfə səni udacağam. Birinci oyun məni mars elədi, amma yekunda 3-2 qalib gəldim. Gülümsədi, əlimi sıxıb dedi ki, “Cana, kişi qızısan, sözünü dedin və elədin”. Bilirsiniz, o uduzmağı da kişi qızı kimi qəbul edirdi.

APA-ya müsahibəsində demişdi ki, xarici ölkəyə gedəndə kazinolara belə gedirəm. Məsələn, sizin yanınıza gələndə bu barədə nəsə deyirdimi?

 – Anamın oyun oynamaq həvəsinin necə olduğunu hamı bilirdi. Honkonqa gəlirdisə, mütləq Makauya gedirdi, bir gün orda qalıb istirahət edirdi. Makau əvvəllər Portuqaliyanın koloniyası olub, burada Portuqaliya tarixinə aid abidələr, tarixi yerlər var. Oralarda gəzməyi çox sevirdi.

Kazinolara isə, dediyim kimi, tez-tez gedirdi. Bir dəfə Honkonq pulu ilə 10 min udmuşdu, avro ilə, təqribən, 1000 avro edir. Mənə, nəvələrinə o puldan vermişdi, özünə hədiyyə almışdı. Qalanını isə küçədə gördüyü bir kasiba vermişdi. Bu dəfə isə oynaya bilmədi. Çünki hazırda Çində karantindir, bağlıdır o yerlər.

– Ruhəngiz xanım deyirdi ki, bir neçə telefon işlədirəm. O telefonlar nə vaxtsa sussa, onda mən olmayacağam. Vəfat edəndən sonra telefonuna zəng gəldimi?

– Siz yenə məni ağlatdınız... (yenə bir az ara verir). Anamın 3 nömrəsi var idi. Üstəlik, iki dənə də ev nömrəsi. Bura gələndə, bəli, tez-tez Bakı ilə dostları ilə əlaqə saxlayırdı, danışırdı. Xəstələnəndən sonra bir az ara verdi, danışa bilmirdi. Biz görürdük ki, dayanmadan eyni nömrədən zəng gəlir. Sən demə, bu, anamın ən yaxın dostu, sevimlisi Azər Zeynalovun (Canana xanım yenə bir müddət ara verir) ad günü imiş və prodüseri Təranə xanım zəng edirmiş ki, ola bilməz ki, siz bu günü unudasınız, iştirak etmək istəməyəsiniz. Mən o zaman Təranə xanıma yazdım ki, anam xəstələnib, amma əminəm ki, tezliklə sağalıb sizə zəng vuracaq. Bu anamın telefonunda axırıncı danışığım olub, bundan sonra o nömrəyə yaxınlaşa bilmirəm. Telefona dayanmadan zənglər, mesajlar gəlir, amma baxa bilmirəm. Bu dediyim nömrəni anama o vaxtkı “Yeni ulduz”  proqramında Oqtay Əliyev hədiyyə eləmişdi. Yəni o nömrəni ölkədə hamı bilir...

– Ruhəngiz xanım həm də yazıçı olub. Evdə kitab rəfi var idimi? Ən sevdiyi, ən çox oxuduğu kitab hansı olub?

– Mən sizə bir daha təşəkkür edirəm ki, anam haqqında bu qədər dəqiq məlumatlara sahibsiniz və belə maraqlı suallar verirsiniz.

Bizim evdə kitab əlindən tərpənmək mümkün deyildi, vallah. Anam gələcəyə baxan adam olub, deyirdi ki, bu kitabları nə sən Honkonqa, nə də ki, qardaşın Səudiyyə Ərəbistana aparan deyil. Buna görə də yüzlərlə, vallah, bəlkə də, minlərlə kitabı universitet tələbələrinə, məktəblilərə hədiyyə edirdi. Ən sevimli yazıçıları, romanlarına gəldikdə isə Yaroslav Haşekin “Cəsur əsgər Şveyk” Aleksandr Düma, onun “Üç muşketyor”u, “Qraf Monte Kristo”su, Puşkini deyə bilərəm. Azərbaycandan isə Bəxtiyar Vahabzadəni, Səməd Vurğunu çox sevirdi. Səməd Vurğunla anamın atası yaxın dost olub. Yəni bizim evdə hər zaman kitab söhbəti olub.

Anamla bağlı xatirələr, əhvalatlar o qədər çoxdur ki, vallah, nə bilim. Anam Xalq artisti adını almağı çatdıra bilmədi, ömür imkan vermədi. Amma hər zaman deyirdi ki, Cana, mən xalqın artistiyəm. Buna görədir ki, elə bir məclis olmur, anamın “Ay ana, dostum evlənir” mahnısı orada ifa olunmasın. Abbas Bağırov, Zülfiyyə Xanbabayeva, Faiq Ağayev kimi sənətçilərin anamla iş birliyi olub. Vətən Müharibəsi dönəmində Ordumuza ruh yüksəkliyi verən mahnılar içində anamın da bəstələdiyi mahnılar olub.  Buna görə həmişə mənim ürəyimdə qalırdı ki, kaş sağ ikən haqq elədiyi Xalq artisti adını alsın, amma olmadı. Dünyanın bütün yerlərindən günü bu gün də zəng gəlir ki, sən Allah, deyin ki, xəbər doğru deyil. Bu, xalq sevgisidir. Mən buna görə çox şadam ki, anam xalqdan o sevgini ala bilib.

Sizə bir maraqlı əhvalatı da danışım: İngiltərənin kraliçası vəfat edəndə anam oradan hazırlanan reportajlara çox baxırdı. Deyirdim ki, ay ana, niyə bu qədər baxırsan, nə var orda? Mənə cavab verirdi ki, bax Canana, adam öləndə də adamı belə ötürərlər e... Yəni o situasiyada belə anam yumor hissini biruzə verirdi. Anam hər zaman güclü qadınlardan ruhlanıb, özünə nümunə götürüb.

Mən bir daha sizə müsahibə üçün minnətdarlığımı bildirirəm. Sağ olun ki, dəyər verirsiniz.

# 14706
avatar

Nihat Pir

Oxşar yazılar