Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi 32, 32A, 38A və Səməd Vurğun 2 küçələrinin kəsişməsində yerləşən 3462 və 3417 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidələrinə müdaxilə faktı qeydə alınıb.
Lent.az-ın xəbərinə görə, memarlıq abidəsinə müdaxilə haqqında Mədəniyyət Nazirliyinə daxil olan məlumata əsasən Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilib, hər iki tarixi abidənin birinci mərtəbəsinin fasad hissəsinin boya ilə rəngləndiyi müəyyən edilib.
Qeyd edək ki, bu bina Səfərbəylik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin istismarındadır.
Hazırda Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları abidənin ilkin vəziyyətinə gətirilməsi ilə əlaqədar tədbirlər keçirir. Faktla bağlı qanuna müvafiq tədbirlər görülməkdədir.
Bir daha diqqətə çatdırırıq ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanunun 10-cu maddəsinə əsasən, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır.
Abidələrin qorunması haqqında Azərbaycan qanunvericiliyini pozan şəxslər qanunvericiliyə uyğun olaraq cinayət, inzibati, intizam və mülki məsuliyyət daşıyırlar.