Azərbaycanın “Santa Barbarası”  – Lent.az "Ata Ocağı" nın çəkiliş meydançasında...
29 sentyabr 2022 20:15 (UTC +04:00)

Azərbaycanın “Santa Barbarası” – Lent.az "Ata Ocağı"nın çəkiliş meydançasında...

Səs, kamera, oyun...

Hə, yəqin ki, bu sözlər sizə çox tanışdır. Hansı ki, film, serial çəkilişlərində tez-tez rastlaşırsınız. 

Zabratdayıq. Məşhur “Ata ocağı”nın çəkildiyi o evdə... Bütün ev bürünüb köhnə əşyalarla, sanki 90-cı illərə geri qayıtmısan. Yavaş-yavaş evin qapısına yaxınlaşırıq. Səslər daha da aydın eşidilir:

“Həmidə xanım, yenidən başlayaq. Könül həyətdə danışsın. Sonra Həmidə xanımgil çıxsın”.

Qapını açıb həyətə daxil oluruq. Ətrafda hər yer kamera, ştativ, mikrofonlarla doludur. Elə bu zaman “Ata ocağı”nın rejissoru Rüfət Şahbazov bizi qarşılayır. 

Həyətdən evin içərisinə keçirik. Divarda üç şəkil var: Qurban İsmayılovla Həmidə Ömərova, Qurban müəllimin ata və anası, Qurban müəllimin baba və nənəsi. Sanki Nazim kişinin ailəsidir...

Rüfət bəylə söhbət etmək üçün yavaş-yavaş qonaq otağına keçirik. Rejissor kino sahəsinə necə gəlməsindən danışır:

- İqtisad Universitetini bitirmişəm. 2000-ci ildə təhsil aldığım müddətdə kinostudiyada Elxan Cəfərov, kino-rejissor Namiq Ağayevgilin komandalarında olmuşam. O zaman Elxan Cəfərov məni özünə təcrübəşi kimi götürdü. Bununla yanaşı, İqtisad Universitetinin KVN komandasında olmağım məni gətirib kinostudiyaya çıxartdı.  

Mənə bu sənəti Elxan Cəfərov sevdirib. Daha sonra digər rejissorların yanında tələbə kimi çalışmışam. Nəticədə Valeh Əhmədovun təşəbbüsü ilə “Xəzər TV”də layihələrə başladıq. İlk layihəmiz “Aramızda qalsın” serialı idi. Bundan sonra “Qaynana” serialımızı çəkdik. 

“Ata ocağı”nın yaranmasından danışan Rüfət Şahbazov dəfələrlə serialın bağlanmaq qorxusu olduğunu açıqlayır:

- Dram sahəsinə keçmək üçün Valeh Əhmədov, Amiran Babayev və mən “Bir ailəm var” layihəsinə başladıq. Bizə 2 müşketyor deyirlər. İllərdir çiyin-çiyinə işləyirik. 

Valeh Əhmədovun qələm qrupu var. Onlar “Ata Ocağı”nın ssenarisini yazdılar. Qurban müəllim və Həmidə xanıma bu serialın baş rolları verildi. İlk 1-2 ayda biz tamaşaçı sayının çox olmasını yox, keyfiyyətli layihə ərsəyə gətirməyi düşünürdük. Təbii olaraq, ilk aylar reytinq vermədi. Hətta bağlanmaq təhlükəsi də var idi. Televiziyanın o vaxtki rəhbərliyi kommersiya layihəsi olduğu üçün reytinq verməsə, bağlanacağını dedi. 

Biz də kollektivlə oturub uzun bir iclas etdik. Qərara aldıq ki, axıra kimi mübarizə aparaq. Elə oldu ki, gözləmədiyimiz anda reytinqlər qalxdı. Reytinq yüksək, hər kəs işin davam etməsini istəyir. 

Biz ən çox istəyirik ki, “Ata ocağı”na milli kolorit qataq. Tamaşaçılarımız bu seriala baxanda öz xalqımızı görsünlər. Hər mövsüm bitirmək istədik, bitmədi. Beləcə artıq 6-cı mövsümə gəlib çatdıq. 

“Ata ocağı”nı Azərbaycanın “Santa Barbarası” adlandırırlar...

- Arada xoşumuza gəlir. Deyirlər ki, “Ata ocağı” Azərbaycanın “Santa Barbarası”dı. Xarici seriallara baxsaq, uzun ömürlü kinolarla çox rastlaşarıq. Adı dəqiq yadıma deyil, amma 30 il davam edən serial var idi. Dünyanın ən uzun siyahısı serialına o düşmüşdü. 

“Ata ocağı”ının davam etməsinə gəldikdə isə, buna hər mövsümün sonunda Amiran, Valeh, mən və Murad Dadaşovla birgə qərar veririk.

Köhnə mövsümdən çıxan aktyorları bu mövsüm geri qaytardıq...

- Bu il keçən illə müqayisədə yeni aktyorlardan çox, ötən mövsümdə iştirak edən aktyorları geri qaytarırıq.  Məsələn, birinci mövsümdə Elman Rəfiyev, Xatirə Süleymanova vardı. Daha sonra üçüncü mövsüm Sənubər İsgəndərli, Vidadi Həsənov orda idi. Tamaşaçılar onların geri qayıtmağını istəyirdi. 

Biz üçümüz oturub qərar verdik ki, köhnə aktyorları geri qaytaraq. Və qələm qrupu yaxşı bir ssenari yazdı. Biz onları geri qaytardıq. Mən Kəmalə Müzəffər ilə əməkdaşlıq etməyi çox istəyirdim. Bu il qismət oldu onunla “Ata ocağı”nın yeni mövsümündə əməkdaşlıq etdik. 

Bu mövsüm maraqlı həyat hekayələri var...

- Artıq iki aya yaxındır ki, yeni mövsümün çəkilişləri başlayıb. Müşahidələrimiz onu göstərir ki, ötən illərlə müqayisədə bu il daha yaxşı “Ata ocağı” çəkilir. Çünki bu mövsüm maraqlı hekayələr və böyük sənətkarların sayı çoxdur. 

Artıq “Ata ocağı”nı sonlandırmaq istəyirik, adımıza yeni layihələr yazılsın...

- Biz ilk mövsümün sonunda bitirmək istəyirdik. Heç kim razı olmadı, gedən maşını durdurmazlar dedilər. Biz də davam etdik. Artıq 3-cü mövsümün sonunda biz yekun vurmağı düşünürdük. Serial olaraq bilmirik. Bu bitməlidir ki, yenisinə başlayaq. Filmlərimiz var, amma serial hələ ki, düşünmürük.

Bitirmək istəməyimizin bir səbəbi yeni layihəyə başlamaq istəyimiz idi. Çünki uzun illər bir layihə üzərində işləmək çox da yaxşı deyil. Adına yeni layihələr yazmalısan. Amma yenə də bitirə bilmədik. Həm də əgər bir serialı uzunömürlü etmək istəyirsənsə, çoxlu hekayələrin olmalıdır. Burda ən böyük yük elə ssenarinin üzərinə düşür.  

Qurban müəllim əməliyyat olunduğu üçün çəkilişlərdə axsaqlıqlar var...

- Bu vaxt ərzində çox çətin anlarımız olub. Elə vaxt olub ki, material axşam efirə getməlidir hazır deyil. Qurban müəllim bu yaxınlarda ürək əməliyyat olundu. Onun çəkilişləri, epizodları hələ də qalır. Onu o vəziyyətdə çəkməyimiz mümkün deyil. Son efir başlayana qədər yəqin ki, gəlib çəkilişlərdə iştirak edəcək.

Ən çətini isə günlük serial olduğu üçün epizodların çəkilməsinə vaxt qalmamasıdır. Çünki bizdə 1 həftə montaj, 1 həftə səs və rənglənmə, kanalda senzura baxır, daha sonra efirə verilir. Hər 5 bölüm belə təsdiqlənir. 

Bu mövsüm uşaqları dəyişməli idik, amma...

- Təzə gələndə çox əziyyət çəkirdik. Uşaqlarımızdan biri Uşaq Teatrının aktyorudur. Başlanğıcda çox çətin olurdu. Adaptasiya olana qədər uzun zaman aldı. 

Düzünü desəm, bu mövsüm uşaqları dəyişməli idik. Çünki ötən mövsümdən sonra Natavan Abbaslının oynadığı Reyhan obrazının bir uşağı olub. Və onun qızının dünyaya gəlməsindən 3 il keçib. Əslində onlar artıq böyük uşaqlardır. Sadəcə uşaqlar o qədər öyrəşib ki, risk edib dəyişə bilmədik. Uşaqların özləri istedadlıdır. 

Zabratın sakinləri “Ata ocağı”nın ən böyük sponsorlarıdır...

- Mən həmişə demişəm Zabratın sakinləri “Ata ocağı”nın ən böyük sponsorlarıdır. Uşaqdan böyüyə kimi hər biri bizə çox böyük dəstək verir. Məhəllədə çəkilişlərimiz olur, qonşular çıxıb köməkçi aktyor kimi qıraqda çəkilirlər. Zabratın kafesi, mağazası, apteki deyir ki, gəlin burda çəkin. Gecə saat 3-də çəkilişimiz olur, qonşular maşınlarının həyətdən yığışdırırlar. 

Türkiyə filmlərində olur, məhəllə camaatı ailə kimi. Bax burda hamı elədir. Qonşuların hamısı ilə dostuq. Hamısını bu 6 ildə serialın hansısa obrazında çəkmişəm. Zabratın kafesi bizim seriala görə divarlarına dibçək güllə bəzədi. 

Şuşanın azad edilməmişdən bir neçə gün qabaq bizim serialda bir epizod var idi ki, Nazim kişi gətirib bayraq verir. Həmin epizodda bütün Zabrat camaatı əlində bayraq gəlib o səhnədə çəkildi.  

Rüfət bəylə söhbətimizi bitirib çəkiliş məkanına gedirik. Evin həyətindən səslər gəlir:

“Həmidə xanım çox yavaş, pıçıltı ilə Ləmana baxaraq. Kamera, səs, oyun...”

Stop. Dostlar yemək fasiləsi. 15 dəqiqə. 

15 dəqiqəlik yemək fasiləsində Həmidə Ömərova ilə həmsöhbət olduq. Bu barədə növbəti yazımızda oxuyacaqsınız. Lent.az-da qalın...

Serialın balaca qəhrəmanları Adil və Elay ilə tanış olmağa çalışırıq. Yemək yeyən balacalara yaxınlaşıb:

- Uşaqlar, necəsiniz?

Adil: Super. Mənim 9 yaşım var. 

Elay: Mən həm superəm, həm də yorğun. Mənim də 6. 

- Bəs, çəkilişlər necə gedir?

Adil və Elay ikisi bir anda: Əla. Super. (bu sahəyə həvəsli olduqları burdan bəllidir).

Elay: Ən çox epizodlara o biriləri çəkilir. Bizdə 1-2 dənədi. Burda çalışmağı çox sevirəm. Çox maraqlıdır.

Adil: Bizdə 1-2 epizod, onlarda isə 50 epizod. 

Balacalar artıq 1 ildir ki, “Ata ocağı” ailəsinin üzvüdür. Uşaqların isə sevimlisi Ofeliya xanımdır. 

Elə bu anda Elaya bizimlə bir sirr bölüşmək istəyi gəlir.

“Bilirsiniz, sizə bir sirr verim. Ofeliya xanım bir şeyi yüz dəfə çəkdirir. O rus dilli olduğu üçün Azərbaycan dilində danışmaqda çətinlik çəkir. Çalışanda “bir dəqiqə, bir dəqiqə” deyir” – sözlərini gülməkdən güclə bitirən Elay uğunub gedir.

Bu da belə... Balacalarla söhbətimiz yarıda kəsilir. Çünki, Rüfət Şahbazov 15 dəqiqənin tamamında:

“Səs, oyun, kamera...”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11289
avatar

Fidan İlqar

Oxşar yazılar