Bir zamanlar teatrlarda çalışan aktyorlarımız dolanışıqlarından, güzəranlarından gileyli idilər. Bəs görəsən indi onların maddi durumu nə vəziyyətdədir?
Lent.az kiçik bir araşdırma aparıb. Azərbaycanda yaşayıb yaradan aktyorların ortalama nə qədər maaş alması barədə məlumatı təqdim edirik.
Öncə onu deyək ki, bir neçə il öncə mədəniyyət xadimləri ilə ölkə Prezidentinin görüşündə Xalq artisti Afaq Bəşirqızı dövlət başçısından aktyorların maaşlarının artırılmasını xahiş etdi. Bu xahişdən sonra teatrlarda vəziyyət köklü surətdə dəyişdi.
Ona qədər minimum 300-350 manat olan maaşlar indi 550-600 manat təşkil edir. Bu akademik status almayan teatrlara aiddir.
Akademik status almış teatrlarda orta kateqoriyalı aktyorun maaşı 800-900 manat arasında dəyişir. Bu statusu almamış kiçik teatrlarda isə teatrın rəhbərliyi eyni məbləğdə əmək haqqı alır. Əməkdar artistlər maaşdan əlavə 100, Xalq artistləri 150 manat alırlar. Aktyorun kateqoriyası yüksəldikcə maaşı da yüksəlir. Bəzən intizamı pozan aktyoru kateqoriyası teatr rəhbərliyi tərəfindən ləğv edilə bilər. Bu aktyor üçün ən arzuolunmaz haldır.
Prezident mükafatı alan aktyorlara il boyu mükafatlarından əlavə 500 manat verilir. Buna görə də bu mükafatın oğrunda böyük rəqabət var.
Hər bir aktyorun maaşından əlavə serial, kino, reklam çəkilişlərindən gəlirləri var. Bundan əlavə aktyorlar özəl dərslər verir, İncəsənət Universitetinə qəbul olunmaq istəyən abituriyentlərə qabiliyyət dərsləri verirlər. Elə aktyor var ki, ilə 20-30 tələbə hazırlayır. Hər tələbənin hazırlıq xərci ayda ən az 100 manat təşkil edir.
Seriala çəkilən aktyorlara aylıq 1000-1500 manat təklif olunur.
Reklam çəkilişi də ən az 500-1000 manat arasında dəyişir. Bu aktyorun nə dərəcədə populyar olmasından, reklam etdiyi məhsulun aid olduğu şirkətin imkanlarından asılıdır. Böyük şirkətər reklam çarxına çəkilmək üçün aktyora böyük məbləğdə vəsait də təklif edə bilər. Lakin onlar təbii ki, bunu sirr saxlamağa üstünlük verirlər.
Aktyorlar həmçinin məclislərə tamada kimi gedir, mövsümə uyğun olaraq müxtəlif korporativ şənliklərdə şaxta baba, kosa, kloun və bu kimi obrazları oynamaq üçün də dəvətlər alırlar.
Qastrol səfərinə çıxmaq aktyorlar üçün bayram şənliyi hesab oluna bilər. Çünki səfərə çıxarkən maaşlarından əlavə ezamiyyət pulu alır, getdikləri yerdə təntənəli qarşılanır, geriyə də əlidolu göndərilirlər.
Aktyorlar oynadıqları rolların sayına görə yox, aylıq maaş alırlar. Yəni aktyor il ərzində teatrda rol oynadı-oynamadı, o maaşı alır.
Bir neçə kəlmə də teatra bağlı çalışan ssenaristlər, musiqiçilər və rəssamlar barədə deyək. Bir tamaşa illərlə səhnədə oynanırsa, ssenarist, rəssam və bəstəkarı kassa gəlirlərindən müəyyən məbləğ əldə edirlər.
Aralarında sorğu keçirdiyimiz aktyorlardan akademik teatrlarda çalışanlar vəziyyətlərinin çox yaxşı olduğunu bildirdilər. Kiçik teatrların aktyorları isə eyni işi görmələrinə baxmyaraq, az maaşla işlədiklərinə görə bir az giley güzar elədilər.
“Əslində biz fədailərik. Maaşa görə, hamı akademik teatrlara qaçmaq istəyir, orda daha çox gözə görünür, tanınırlar. Bizlər kiçik kütlə və maaşla kifayətlənib, eyni sənəti nümayiş etdiririk”,- deyə adının çəkilməsini istəməyən bir aktyor bildirdi.
Yenə adının çəkilməsini istəməyən məşhur bir aktyor isə belə dedi.
“Biz aktyorlar daim narazıyıq. Kim aktyorlar pis yaşayır deyirsə, inanmayın, yaşayışımız lap yaxşıdır. Ağlaşma qururlar ki, daha çox şey əldə etsinlər”.