“Qafqazın uzunömürlülər diyarı olması barədə deyilənlər keçmiş SSRİ vaxtı uydurulmuş əfsanədən başqa bir şey deyil”.
Lent.az-ın Rusiya mediasına istinadən xəbərinə görə, bu fikri rusiyalı professor Valeri Novoselov səsləndirib.
“SSRİ dövründə Abxaziya, Azərbaycan və Yakutiya uzunömürlü insanların yaşadığı 3 əsas region hesab olunurdu. Burda çoxlu sayda yaşı 120-dən çox olan insanların yaşadığı iddia edilirdi. Məsələn, Azərbaycanda Məcid Ağayev 143 il (1835-1978), Mahmud Eyvazov 151 il (1808-1959), Sərəli Müslümov 168 il (1805-1973) yaşamışdı. Amma əslində bu insanlar uzunömürlü deyildilər, “uğurlu” qocalma nümunəsi idilər. Onların təxminən 90 yaşı var idi”, - Novoselov iddia edib.
Onun sözlərinə görə, bu insanlar doğumun dəqiq qeydə alınmadığı və bölgədə müntəzəm hərbi xidmətin olmadığı bir vaxtda doğulmuşdular. Buna görə də sakinlərin dəqiq yaşını təyin etmək üçün heç bir mənbə yox idi.
“Qafqazda çox zaman kişilər öz yaşlarını böyüdürdülər. Həm müharibə vaxtı döyüşə gedə bilmək, həm də bu yerlərdə ağsaqqallara böyük hörmət qoyulduğu üçün. Qadınlarsa, əksinə müharibədən sonra ərə gedə bilmək üçün yaşlarını azaldırdılar. Fikir verirsinizsə, yaşı 120-dən çox olanların hamısı kişilərdir. Bu da həmin faktların yalan olmasından xəbər verir”, - professor vurğulayıb.