Aşıqlar meyxanaçılara uduzur? - Ədalət Dəlidağlı ilə MÜSAHİBƏ
18 avqust 2023 16:02 (UTC +04:00)

Aşıqlar meyxanaçılara uduzur? - Ədalət Dəlidağlı ilə MÜSAHİBƏ

Lent.az-ın müsahibi Dədə Ədalətin yetirməsi, ustad aşıq Ədalət Dəlidağlıdır. Onunla min illərdən üzü bu yana yol alıb gələn saz sənətimizin bu günü barədə danışmışıq. Aşıqlar demiş, aldı görək nə dedi.

- Aşıq Ədalət, adətən insanlar elə sənət seçirlər ki, “çörək verən” olsun. Aşıq sənətinin çörəyi varmı? Bu sənətə həvəs sizdə necə yaranıb?

- Bizim nəsildə həm ana, həm də ata tərəfdə saz çalmaq, şairlik istedadı var. Kəlbəcərli olasan, təbin bulaq kimi qaynamaya? 7-8 yaşımdan radiolarda ustad sənətkarları dinləyirdim. Ədalət Nəsibovu, Hüseyn Saraclını, Aşıq İmranı, Dədə Şəmkiri, Cəlal Qəhrəmanovu eşidə-eşidə böyümüşəm. 18 yaşım yox idi, heç məclislərə çıxırdım. Çörəkli sənət olması barədə nə deyim? Çörəyi, ruzini verən Allahdır. Allah şahidimdir ki, heç vaxt gözüm heç kimin cibində olmayıb, məclisə gedəndə qiymət danışmamışam. Sənətkar günortaya qədər ac qalar deyiblər. Xalq dolandırır. Nə qədər ki, sənətə sənətkara  qiymət var,  saz çörəkli sənət olacaq. Dədə Ələsgər “nizamnaməmizi” yazıb qoyub, biz də onun yoluyla gedirik.

- Müasir aşıq sənəti ilə klassik aşıq sənətinin fərqi çoxdur? Bu gün toylarda müasirlik adı altında aşıq sənətinə gətirilən yeniliklər sizi narazı salır?

- Müasir aşıq sənətinə bir çox bayağı əlavələr edirlər, deyirlər bu yenilikdir. Bu yenilik deyil, süniləşdirmədir. Dədə Ədalət də yenilik edirdi, amma nə klassikanı pozdu, nə sənəti bayağılaşdırdı. Müasirləşdirmək cəhdi klassik aşıq sənətinə zərbə vurmadan edilməlidir.

 - Qadın aşıqların məclis aparmasına necə baxırsınız? Telli Borçalı tamadadır ya aşıq?

- Telli Borçalı sinəsi dolu aşıqlardandır, Çox eşidib çox bilir. Tamada deyil, köhnə aşıqları, müasir şairləri yaxşı bilir, bol söz ehtiyatı var. Aşıq Zülfiyyə, Lətifə Çeşməli, Aşıq Kəmalə, Gülarə xanım, Ulduz xanım bu sənətin layiqli daşıyıcılarıdırlar.

- Çox da uzaq olmayan keçmişdə toyun sonunda bəy tərəfi edərdilər, məclisə aşıq çıxardı, dastan danışardı. Hətta aşığın dastanına dalardılar, məclis günlərlə uzanardı. İndi də dastan danışan aşıqlar var?

- Azdır, amma var. Əslində dastan danışdıran yoxdur, tələbat azalıb. Aşıq Əhliman, Aşıq Arif, Aşıq Şöhrət yaxşı dastançıdırlar. Özüm 10-15 dastan bilirəm. Aşıq Qəmbər, Əli Zeynalabdinov, Aşıq Yolçu, Aşıq Təbriz, Aşıq Qələndər klassik aşıq sənətinin keşikçiləridir. Toylara gedib qazanc naminə hoqqabazlıq edənlər, şou çıxardanlar da var. Onlar aşıq deyillər.

- Sazı başında çalan aşıqlar da var. Onlara sözünüz nədir?

- Sazı başında ifa edənlər şou göstərirlər, onlar aşıq deyillər sadəcə saz çalırlar. Bunu özləri də etiraf edirlər. Amma indi belələrinə tələb daha çoxdur. Gərək yenilik gətirəndə uzlaşdırasan, ağa qara yamaq vurmayasan. Vəhdət olmalıdır. Sazı başının üstündə çalanlara tələb bizdən çoxdur. Bunun da günahı teleməkanlardadı. İnciməsinlər məndən. Düzdür, saz sənətinə ehtiramla yanaşan, samballı verilişlərimiz də var. Amma şou axtaranlar daha çoxdur. Bizim Aşıqlar Birliyimiz var, efirlərə çağıranda Aşıqlar Birliyindən aşıq çağırsınlar. Sazı başında çalanlar aşıq deyillər, sadəcə ifaçıdırlar, çörəklərini qazanırlar. Zaman belə gətirib. Heç onları da günahlandırmıram. Dediyiniz qaydada Aşıq Mübariz, Ziyadxan çalırlar. Yaxşı ifaçıdırlar, şirin barmaqları var. Saza belə münasibət düzgün deyil, amma onlara tələbat var. 

- Aşıqdan tamada olarmı?

 - Xeyr olmaz. Aşıqdan tamada ola bilməz.

- Aşıqlar Birliyi dediniz, aşıqlar arasında birlik var? Bir ara möhkəm xəstələndiniz. İtirib-axtardılarmı sizi?

- Bəli, sağ olsunlar, gəldilər, mən də onların balalarının toyunda borcumu ödəyəcəm.

-Tez-tez Şirvan aşıqları, yoxsa Qərbi Azərbaycan aşıqları deyə mübahisələr olur...

- İkisi də bu xalqın sərvətidir. Aşıqları parçalamaq, ayırmaq günahdır. Şirvan aşıqlarında ritm var, ansamblla daha çox ifa edirlər, özlərinə xas rəqsləri var.  Şirvan da Kəlbəcər də elimin o başı bu başıdır. Aşığa fərq eləməz. Azərbaycanda Göyçə, Tovuz, Borçalı, Gəncə-Şəmkir, Şirvan, Qarabağ, Təbriz, Urmiya, Çıldır və Dərbənd aşıq məktəbləri olub. Borçalı, Çıldır və Urmiya aşıqları təklikdə, Tovuz, Gəncə-Şəmkir, Qaradağ sənətkarları həm təklikdə, həm cüt, həm də balabançı ilə məclis keçirirlər. Şirvan və Təbriz aşıqlarının havacatı və ifa tərzi ilə Göyçə və başqa Qərb aşıq məktəblərindən fərqlənir.

- Bir zamanlar məclislərin bəzəyi aşıqlar idi. İndi meyxanaçılar. Sizlər niyə meydanda onlara uduzursunuz?

-  Mən deməzdim ki, aşıqlar meyxanaçılara uduzur. Əsla belə deyil. Bağlama qıfılbənd yazan aşıq bir bənd deyər min meyxanaçı aça bilməz. Açıqların gəraylısı, dodaqdəyməzi, müxəmməsi, çarpaz qoşması, ustadnaməsi, öz yaradıcılıqlarının məhsulu olan saz havaları var. Bu meyxanada yoxdur. Aşıq sənəti meyxana sənətindən qədimdir. Bəlkə də meyxana aşıq sənətindən mayalanıb. Meyxana da qədim sənətdir, xalqın sinəsindən gəlib. Asan sənət deyil. Məsələn, bədahətən söz deməyi, o süjeti qorumağı hər aşıq bacarmır. Meyxana da biz qabaqlaşmamışıq ki, udaq uduzaq. Hər bir halda aşıq sənəti daha qədimdi. 
- Aşıq meyxanaya qulaq asır?

- Mən asıram. Allah rəhmət eləsin Ağasəlimə, Nizami Rəmziyə çox dinləmişəm. Ağakərimə şəfa diləyirəm. Hamısına hörmətim var. Namiq Məna ilə çox məclislərə düşmüşük, sevərək qulaq asmışam.  

- Deyir ustadına kəm baxanın gözlərinə qan damar. Aşıq sənətində dəyişməz qanunlardan biri ustad aşıqları hörmətlə yanaşmaq, mənəm-mənəm deməməkdir. Hər zaman Aşıq Ədaləti ehtiramla anırsınız. Sizin yetirmələriniz var?

- Bəli şəyirdlərim ( aşıqlar öz yetirmələrinə, şagirdlərinə adətən şəyird deyirdlər) var. Aşıq Əfqan, Aşıq Qalib, Şəhriyar Laçın, Ülvi Cəfərov kimi  yetirmələrin adını fəxrlə çəkə bilərəm. Çünki klassik üsluba hörmətlə yanaşırlar. Bu sənəti gərək urvatda saxlayasan. Dədə Ələsgər 104 yaşına çatmışdı, deyirdi, gərək sazı, ozanlığın sirlərini ustaddan öyrənəsən, hələ özünə ustadam, ən böyüyəm demirdi, hələ də öyrənmək eşqindəydi. Deyirik zaman dəyişib, amma zaman yəqin həmişə insanı narazı salırmış. Aşıq Abbas Tufarqanlı deyirdi ki,

Ay həzərat, bir zamana gəlibdi,
Ala qarğa şux tərlanı bəyənməz.
Oğullar atanı, qızlar ananı,
Gəlinlər də qaynananı bəyənməz.


- Doğulub böyüdüyünüz Kəlbəcərə gedə bildinizmi? 30 illik ayrılıqdan sonra dədə-baba yurdunu görmək möhtəşəm duyğudur.


- ( Kövrəlir) İki dəfə getdim, şəhidlərimizin qanı tökülən torpaqları öpdüm. Xatirələrim dilə gəldi. Məclisdə Dədə Şəmşirin başımı sığallamasını  gördüm, 18 yaşım var idi onda. Çal-çağırlı elatlarımızı gördüm,  xəyal kimi keçdi gözümün önündən, əlimi uzatdım, tapa bilmədim. Cavan Ədalətlə, öz keçmişimlə qarşılaşdım, danışdım. Bu duyğuları saza töksən saz yanar, sözə töksən söz. Allah bir daha ayrılıq yaşatmasın. Bu günümüzə şükür. Allah ordumuzu da, Prezidentimizi də qorusun.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4362
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar