Aktyor Natiq Fərzəliyev
05 may 2026 14:08 (UTC +04:00)

Aktyor Natiq Fərzəliyev

“Əbülfəs Qarayev kimə gəldi fəxri ad payladı” – Natiq Fərzəliyevlə MÜSAHİBƏ

0

Lent.az-ın müsahibi aktyor Natiq Fərzəliyevdir.

- Əvvəl tez-tez efirlərə çıxırdınız. İndi o qədər görünmürsünüz.

- Arada oluram efirlərdə. İki gün əvvəl mənim haqqımda ailəvi veriliş çəkmişdilər. İndi işlərim çoxdur deyə, vaxt ayıra bilmirəm. Gənc Tamaşaçılar Teatrında tamaşalarım olur, paralel olaraq Xalq artisti Vidadi Həsənovun "M Teatr"ında tamaşam var, orada baş roldayam. Eyni zamanda "Bakı Balacalar Teatrı"nın məşqləri olur. Sağ olsun, Hacı İsmayılov bizə burada - Teatr Xadimləri İttifaqında yer verib, məşqlər edirik. Bunlardan başqa "AzTv"də layihəm, "AzDrama"da tamaşam var. Yəni işlərim çoxdur, ona görə, efirlərdə çox görünməyə vaxtım olmur.

- Bu qədər tamaşada rol alırsız, işlər görürsüz. Gəlir sizi qane edir?

- 1990-cı illdərdə biz düşünmürdük ki, maaş, pul alacağıq. Sənətin fanatı olmuşuq. Bu mənim işim, sənətimdir. Serial olanda çəkilirik. Teatrdan da maaş alırıq, indi nisbətən normaldır. Əlavə getdiyim yerlərdən də qonorar alıram. Amma müəyyən həddən yuxarı olmur.

- Gənclik dövründə haradasa qane olmaq olur. Amma ailəli biri üçün çətin deyil ki?

- İndiki gənclər bir az gəlib, sonra deyirlər, bu maaşa qane ola bilmərik. Bu sənətdə qalmaq istəyirsənsə, gərək dözəsən. Ailəm də dəstək olur, yoldaşım, oğlum işləyir. 

- Oğlunuzun neçə yaşı var?

- 30 yaşı var. Bu dəqiqə Azərbaycanın bir nömrəli problemi var - evləndirmək (gülür). Qızımı "köçürmüşəm", oğlum hələ evlənmir. Hər ikisinin təhsili var. Oğlum deyir ki, özümə şərait qurum, sonra evlənəcəm. Özüm də subay idim, kirayələrdə qalırdım, anam dedi, evlənmək lazımdır, mən də evləndim. Amma indiki uşaqlar bizi eşitmir. Ailə olanda bilirsən ki, pulunu hara xərcləyirsən, dağıtmırsan. 

- Siz necə ailə qurdunuz?

- Anam dedi, evlən, mən də evləndim (gülür). Qohumumun qonşusu var idi, gedib gördüm, bəyəndim. Qızın anası ilə razılaşdılar. Özü də yoldaşım çox ərköyün böyümüşdü, evdə çay belə dəmləyə bilmirdi. Dedi, mən heç nə bacarmıram, bilmirəm. Dedim, narahat olma, öyrənərsən. Evlənəndən qısa müddət sonra bir dəfə evə gəldim, gördüm, kirli qablar hamısı yığışıb üst-üstə. Qonaqlar gəlib-getmişdi. Yoldaşım məni görəndə ağladı, dedi, o qədər qabı kim yuyacaq? Dedim, nə olacaq ki? Gəl, kömək edim, yuyaq. Elə yanında söhbət elədim, o yavaş-yavaş yudu. Bir də baxdıq ki, qutardı hamısı. Desəydim ki, necə arvadsan, bacarmırsan? Onda ailə olmazdı. O da mənə çox şeyi keçib. Bir vaxtlar dolanışıq üçün sənətdən əlavə toylara da gedirdim, gecə 2-3-də gəlirdim evə. Mənə heç nə demirdi, başa düşürdü. Elə olub ki, aclıq da çəkmişik. Bir dəfə evə gəldim, gördüm, uşaqlar yatıb. Saat çox tez idi. Dedim, nə tez yatıblar? Dedi, yeməyə heç nə yox idi, uşaqlar acından ağlayıb yatdılar. Ondan sonra dedim, nəticə çıxarmaq lazımdır. Əziyyətə qatlaşdım, işlədim. Elə olurdu, 300 manata toya gedib 4-5 min manatla gəlirdim. Onda pulu verirdim ki, get, özünə nə istəyirsən al. 

- İstəyirəm "Balacalar Teatrı" haqqında danışaq.

- Bu teatrın adını bir neçə dəfə dəyişdim. Əvvəl "Bakı Karlik" teatrı qoymuşdum. Sonra bir dostum dedi, Karlik sözü beynəlxalq aləmdə yaxşı qəbul edilmir. Karlik qısa boylu, inkişafdan qalan insanlara deyirlər. Ona görə razılaşdım. Belə daha şirin alınır. Bu cür insanları yığıb cəmiyyətə inteqrasiya etmək istədim. Hətta bir aktyorumuz var, metroya, avtobusa minə bilmir, taksi ilə gəlib-gedir. Yavaş-yavaş bu qəlibləri qırmaq istəyirəm. 

- Siz bu kompleksi nə vaxt qırdınız?

- Uşaq olanda bilmirdim belə olduğumu. Bizim nəsilimizdə də olmayıb belə şey. Özü də mənim əkiz bacım var. Boyu 1.90 metrdir. 44 ölçü ayaqqabı geyinir. Özümü dərk edəndən sonra kompleks edirdim. Sonra Moskvaya getdim, oranın çox köməyi oldu. Əvvəl 1 metr boyum var idi, indi 1.45 metrdir. Bütün bunları gözümün önünə gətirdim və düşündüm ki, belə bir teatr yaradım. 7-8 nəfər yığışdı. Artıq bir tamaşamız hazırdır. Bir aktrisamız var, Ülviyyə Qarayeva, o, Mədəniyyət və İncəsənət Universitetini bitirib, amma bu da kifayət etmir. Boyuna görə teatrlara qəbul etmirlər. Mənim özümə də dəfələrlə  yox deyiblər. Demişdim, nizamnaməni göstərin görüm, harada yazılıb ki, aktyorun boyu bu qədər olmalıdır? İndi ikinci tamaşamızı hazırlayırıq. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi də dəstək göstərəcək. 

Boy kompleksinə gəlincə, ailə quranda da kompleks yaşayırdım. Yoldaşım boyca məndən uzundur. Onunla harasa gedəndə metro, avtobusda sıxılırdım ki, mənə gülərlər. Yoldaşım təskinlik verirdi mənə. Deyirdi ki, sən mənim gözümdə ən uca adamsan, belə şeyləri boş ver. Yoldaşım deyirdi, sən mənim gözümdə Babək, Koroğlusan. Sonradan ailə, uşaq... Artıq qocalmışıq, bundan sonra nə kompleks? Hərdən tədbirlərdə danışıram ki, yaxınlarımın gözündə Koroğlu, Babəkəm, Van Damam. Bir dostum var, müğənnidir, deyir, böyüklüyün ondadır ki, hamı səninlə görüşəndə əyilir (gülür).

- Qocalmışam deyirsiz, amma cavan qalmısız...

- Yaxşı baxırlar, ona görə (gülür).

- Teatrdakı aktyorlar hansı ixtisasa sahibdilər?

-  Ülviyyə Qarayevadan başqa hamısı orta məktəb məzunlarıdır. Amma fikrim var ki, hamısını qiyabi də olsa təhsil alsınlar, nəzəri hissələri öyrənsinlər. Düzdür, hələlik qazancımız yoxdur. Onlar da təmənnasız gəlib-gedirlər. İstəyirəm onları qocalar evinə, uşaqlar evinə, hərbi hissələrə aparıb görüşlər keçirim.

- Küçə tamaşaları göstərməzsiz? Məncə, maraqla qarşılanar.

- Mən bunu Lononda gördüm. Elə bir eksperiment etmək olar.

- 65 yaşınız olacaq. Və teatrda bu yaşda artıq təqaüdə çıxarırlar...

- Ümumiyyətlə, bu hər sahəyə aiddir, insanı vərdiş elədiyin sahədən uzaqlaşdıranda çox yaşamır. Mənə görə, aktyor səhnədə ölməlidir. Hazırda 10-15 tamaşanın repertuarında varam.

- Fəxri adınız da yoxdur...

- Əbülfəs Qarayevin dövründə mənə fəxri ad vermədi. Teatr dəfələrlə namizədliyimi verdi, amma olmadı. Efirlərə çağıranda deyirlər, Əməkdar artistsiniz? Deyirəm, yox. Heç bir fəxri adım yoxdur. Rəhmətlik Qənirə Paşayeva görüş üçün məni dəvət etdi. Dedi, Natiq müəllim, siz Əməkdar artistsiniz? Dedim, yox. Dedi, necə yəni yox? Dedim, yox, verdilər mənmi bilmədim? Əbülfəs Qarayev kimə gəldi fəxri ad payladı.

45 ildir rəsmi olaraq səhnədəyəm, amma fəxri ad vermədilər. Nazirliyə dəvət də etdilər. Elçin Əfəndiyevin tamaşasını oynamışdım. Elçin müəllim Əbülfəs Qarayevə dedi, Natiqin adı var fəxri adlar siyahısında? O da dedi ki, yox. Dedi, niyə vermirsiz? Dedi, yəqin, verilər. Elçin Əfəndiyev dedi, gəlsin yanıma, amma mən getmədim. 

- Niyə getmədiz?

- Niyə gedib xahiş edim ki, mənə ad versin? İndi düşünürəm ki, təmiz öz adımla qalmağım daha yaxşıdır. Fəxri ad olanda 70 yaşa qədər saxlayırlar səhnədə. Amma bu halda bilmirəm nə olacaq. Doğrudur, bu, Sovetdən qalma bir şeydir. Başqa hansı ölkədə var bu? Mənasız şeylərdir. Amerikada Xalq artisti var? Bundan əlavə o qədər sənətçilərimiz var ki, o adı almayıblar. Səməndər Rzayev kimi bir sənətkar Əməkdar artist olaraq dünyasını dəyişdi. Mənim gördüyüm işin 10 faizini etməyən var ki, Xalq artistidir. Necə olur bu? Hər yerdə olduğu kimi qaranlıq məqamlar bizdə də var. Bir dostum var, Səbuhi Rəhimli. Bürclər haqqında yazır. Bir dəfə Əbülfəs Qarayevə yazmışdı ki, heç olmasa Natiqə fəxri ad verərdiniz də, gərək hamıya pulla verəsiz?

-  Siz daha çox "Aramızda qalsın" serialı ilə məşhurlaşdınız.

- O vaxt "Karvan" qrupu var idi. Onun klipinə çəkildim. O məni bir az tanıtmışdı. Ondan başqa "Bizim restoran" adlı serialda Roza Zərgərli mənim həyat yoldaşım idi. Ən uzunu isə "Aramızda qalsın" serialı oldu. Birinci bir neçə seriyalıq təklif almışdım. Sonra isə daimi müqavilə imzaladıq. Onda "Xəzər TV"yə türklər rəhbərlik edirdi. Ən yüksək maaş da onların vaxtında idi. Onlar getdi, yenə qiymətlər aşağı düşdü. Onda 2000-2800 maaş alırdım. Amma indi həm də öz işlərimin çoxluğuna görə çox istəmirəm gedim. Verilişə gedəndə düşünmək lazımdır ki, orada kimlər olacaq? Seçim etmək lazımdır. Səviyyəni biləsən gərək.

- Səviyyə demişkən, verilişlərdəki səviyyəni necə şərh edərsiz?

- Mən başa düşürəm, özəl kanallardır. İşçiləri saxlamaq üçün pul qazanmalıdır. O gün bir verilişə getdim, çox səviyyəli, qonaqlar da çox yaxşı idi. O vaxt kimi gəldi efirə buraxmaq yox idi. Deyirlər ki, reytinq olmalıdır ki, sponsor pul versin. Kimlərsə pul verir, necəsə efirə çıxır. Küçəni gətiriblər efirə. Ailəylə heç kim verilişlərə baxa bilmir. Broyler toyuqları kimi daraşıblar kanalların canına. Yerindən duran, ərindən boşanan müğənni olur. Do, re nədir, bilmirlər. Desən, canlı mahnı oxu, oxuya bilmir. Adi adamı da efirə 10 gün çıxar, tanınacaq, amma tanınmaq sənət deyil axı. Bir dəfə efirə çıxmışdım. Sonda aparıcı dedi, müəllim, olmadı axı, qalmalaq olmalıdır, onda reytinq yuxarı olur. Niyə qalmaqal olsun? Sən normal veriliş apar, 1-2 dəfədən sonra reytinq də olacaq. 

- Müğənnilikdə olduğu kimi aktyorluqda da belələri var.

- Bəli. Bəzən birini efirə çağırıb aktyor kimi təqdim edirlər. Deyirəm, yaxşı, o aktyordursa, mən kiməm? Onlar aktyor deyil axı. Tiktokerlər indi gəlib efirdə aktyorluq, aktrisalıq edir. Niyə bu adı ucuzlaşdırırsız? Belə şeylərə görə adam çox vaxt efirlərə çıxmaq istəmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 286

Oxşar yazılar