"Ad günü" filmində hadisə:  su ilə tost deyə bilməyən Səməndər Rzayevə içki gətirdilər
28 yanvar 2025 17:00 (UTC +04:00)

"Ad günü" filmində hadisə: su ilə tost deyə bilməyən Səməndər Rzayevə içki gətirdilər

Bu günlərdə təkrar baxdım, neçənci dəfə, düzü bilmirəm, amma baxdıqca baxmaq istədiyim filmlərdəndir. Sovet dönəmində çəkilmiş Azərbaycan filmləri elə mətbəximiz kimi ləzzətlidir, biri mədəni təmin edir, o biri mənəviyyatı.

Lirik-psixoloji janrda çəkilib. Dostluğu, mənəviyyatı, insanlığı təlqin edir. İnsanın insana, inamı, etibarı, sevgisi, əxlaq, mənəviyyat ön plandadır. Rasim Ocaqovun Rüstəm İbrahimbəyovun ssenarisi ilə ekranlaşdırdığı “Ad günü” filmindən danışıram. 1977-ci ilin filmidir. 1995-ci ildə isə filmin qəhrəmanının sonrakı taleyindən bəhs edən, yenə Rüstəm İbrahimbəyovun ssenarisi ilə Rasim Ocaqovun çəkdiyi “Həm ziyarət, həm ticarət” filmi dram janrındadır. Lirik psixoloji janrdan drama keçmiş həyatdan danışır. 

Moskva dediyini etdi

Film şəkili Mustafa müəllimin (Hacı İsmayılov) Bakıya ezamiyyəti ilə başlayır. Qohumu Nazimin (Fuad Poladov) evində üzdə arzuolunan, amma əslində istənməyən qonaq qalan Mustafa poçtda xoşagəlməz təsadüf nəticəsində Fəridə (Şəfiqə Məmmədova) ilə tanış olur. Mustafa Fəridəyə ona Bakını göstərməyi təklif edir. Mustafanın boynunda ağır yük onların birlikdə yağışa düşdükləri səhnədə Fəridə deyir ki, zəhrimar elə bil vedrədən tökülür. Vedrədən olmasa da, iki yanğınsöndürən maşından yağdırılıb.  İki maşının gur yağışı altında Şəfiqə Məmmədova ilə Hacı İsmayılov bir neçə kadr çəkilməli olurlar. Yaradıcı heyət sabaha onların çəkilişə gələcəyini gözləməyib, amma gəliblər. Hacı İsmayılov deyir ki, səhər çəkilişdən qalmayım deyə, evə gedəndə bol spirtlənmişəm.

Filmin ikinci xətti Əlinin həyatıdır. Hə, bu yerdə onu da deyim ki, “Ad günü” filminin ssenarisini Rüstəm İbrahimbəyov özünün “Ezamiyyət” və “Ad günü” hekayələri əsasında qələmə alıb, ikisini bir süjet xəttində birləşdirib. Ayrı-ayrı həyat yaşayan iki insan oxşar həyat hekayələri ucbatından sonda bir araya gəlməklə hüzur tapır və dostlaşırlar. 

Əli (David Uplisaşvili) oğluna ad günü etmək adı ilə uşaqlıq dostlarını bir araya yığıb necə yaşadığını, ailəsini göstərmək istəyir. Qapı-qapı gəzib onları dəvət edir və ciddi cəhdlə tədbirə hazırlaşır.

Onun bu cəhdləri filmin ən maraqlı xəttidir. Bazarlıq səhnəsi və bazardan qayıdanda pilləkənləri qalxdığı hissələr insan xarakterini açan səhnələrdir. Yeri gəlmişkən, bazarlıq səhnəsinə sovet senzoru etiraz edib ki, bazarda o qədər bolluq sovet adamını qıcıqlandıra bilər, bizdə bazar o cür bol olmur. Rasim Ocaqov onlara sübut edib ki, səhnə Bakı bazarlarından birində çəkilib, real səhnədir və ağlınız özünüzə getməsin (təbii ki, bu müəllifin əlavəsidir) bizim torpaq hər məhsul yetişdirdiyindən bazarlarımızda bolluq olur, sizə də göndəririk. Yenə Moskva öz dediyini deyib, film Azərbaycandan başqa harda nümayiş olunsa o səhnə çıxarılıb.

Fəridə ilə Bakını gəzmək adı ilə yük daşımalı olan Mustafa isə yağışa düşdüyündən Fəridə onu evinə dəvət etməyə məcbur qalır. Təbii ki, yağış kəsənə qədər.

Əlinin də tədbiri baş tutub, yəni belə görünür ki, hər iki tərəf arzusuna çatıb. Əligildə qonaqlar əylənirlər, Əli isə yorğun olduğundan bir qədəh içki onu tutur və yatıb qalır. Mustafaya Fəridənin mətbəxində yer açılıb. Gecənin yarısında yağış kəsir və Fəridə Mustafanı yola salır. Şəkili Mustafa gecə vaxtı tanımadığı Bakının küçələrində qalır. Rüstəm İbrahimbəyovun hər iki hekayəsində hadisələr Bakı ilə Moskvanın arasında olur. Yəni Mustafa Bakıdan Moskvaya gedir və hadisələr orda başına gəlir. Kinoda isə Şəkidən Bakıya gəlir.

Əli oyananda artıq “Lələ köçüb, yurdu qalmış” olur. Nə qonaq var, nə məclis, Əli isə onlara nə qarmonda ifa edib məharətini göstərə bilib, nə də ünsiyyətdə ola bilib. Həvəsi qalıb içində.

Mustafanın da Fəridə ilə gecələmək həvəsi içində sərgərdan gəzir. Beləliklə, oxşar tale onları gecənin bir yarısı rastlaşdırır. İnsanlığa inam, etibar dolu, bol səhnə bundan sonradır.

Hə, onu da deyim ki, Mustafa roluna əslində Akif Rüstəmovu seçmişdilər. Bir gün Rasim Ocaqov kinostudiyanın kafesində çay içərkən qonşu masada əyləşən Hacı İmayılovu görür:  “Çay içirdim Hacı girdi içəri, çay aldı oturdu, gözümü çəkə bilmirdim ondan, xalis Mustafa idi”.

Hacı İsmayılovun isə bundan xəbəri yoxdur: “Oturub çay içirdim, çiynimə bir əl toxundu, dönüb gördüm Rasim Ocaqovdur. Dedi ki, səni yeni filmimdə rola dəvət edirəm. O vaxta qədər heç foto sınağına da çəkilməmişdim”.

İkinci əsas obraz olan Əlini isə tanınmış gürcü aktyoru  David Uplisaşvili oynayır.

Onu Rasim Ocaqov Tbilisidəki Şota Rustaveli adına teatrdan dəvət edib. Elə düşünməyin ki, Rasim Ocaov Əli roluna çəkməyə  “Azərbaycanfilm”də aktyor tapmayıb. Yox, sadəcə o vaxt qayda belə idi, 15 respublikalardan birində çəkilən filmə o birindən də aktyor dəvət olunurdu, qardaşlaşma siyasəti, amma bəzən birtərəfli aparılırdı. Əlini filmdə Şahmar Ələkbərov səsləndirib. Hərdən səsindən tutub obraza da Şahmar Ələkbərov canlandırıbmış kimi baxmağa çalışıram, alınır da. Şahmar Ələkbərova bir qədər başqalaşmaq lazım olardı.

David Uplisaşvili "Ad günü" filmindəki Əli obrazına görə layiq görüldüyü Azərbaycan Dövlət Mükafatı laureatı diplomunu ona Heydər Əliyev şəxsən təqdim edib: “Heydər Əliyev mükafatı mənə təqdim edəndə dedi ki, mən bilmirdim ki, sən gürcüsən: “Azərbaycanlı obrazını elə yaratmısan ki, elə bildirim ki, sən bizim aktyorsan”. Bu mənim üçün çox yaxşı kompliment idi”.

David Uplisaşvili həm də Gürcüstanın əməkdar artistidir.

Müsahibələrinin birində “Ad günü”nə çəkilməyindən danışan David Uplisaşvili Rasim Ocaqovu böyük rejissor adlandırıb. O, bu film sayəsində çoxlu azərbaycanlı dostlar qazandığını da deyib. Onu da deyib ki, yenə Azərbaycan filminə dəvət olunsa, məmnuniyyətlə dəvəti qəbul edər.

Ona qarmon çalmağı öyrətməsi üçün rejissor ustad qarmon ifaçısı Aftandil İsrafilovu dəvət edib. Gürcü aktyora həmin mahnını qarmonda çalmağı öyrətmək üçün Aftandil İsrafilov xeyli vaxt ayırır. Uzun  məşqlərdən sonra nisbətən alınıb, ifa Aftandil İsrafilovundur, aktyor sadəcə imitasiya edir, səhnə 3 dubla çəkilib.

Gürcü aktyor uşağı necə ağladıb...

Qonaqlıq səhnəsində maraqlı bir fakt olub. Uşaq anasının qucağından ağlayıb, düşüb o biri otağa keçməlidir. Nə illah edirlərsə, uşaq ağlamır, axırda gürcü aktyor uşağı çimdikləyir, uşaq ağlayır.

Film rus dilində çəkilib, o dildə Şəki ləhcəsində danışmaq olmur.

Qəhrəmanın Şəki ləhcəsində danışması arzusunu Rasim Ocaqov ikinci filmdə,  “Həm ticarət, həm ziyarət”də reallaşdırıb.

Filmin ev səhnələri kinostudiyanın pavilyonunda çəkilib.

Bəzi səhnələr, məsələn, Əlinin bazardan qayıdanda qaranəfəs pilləkənləri qalxdığı səhnə Rasim Ocaqovun öz yaşadığı binanın qonşuluğunda lentə alınıb.

Mustafanın gecənin qaranlığında məyus halda, yağışın altında Bakıda avtovağzal axtardığı kadr araba ilə çəkilib. Həmin səhnəni çəkən operatorlardan biri Kənan Məmmədov deyir ki, kameralar polietilen torbalara salınmışdı, amma Zaur Məhərrəmovla mən suyun içində idik. Qucağına sarı, islanmış yarpaqları yığıb payız ruhu yaratmaq üçün arada kadra səpələyən Rasim Ocaqov özü də həmçinin.

Filmin çəkilişlərində spirtli içkidən istifadə olunmur, yoxsa çəkiliş bitincə aktyorlar sərxoş olar. Səməndər Rzayev də içən adam, su ilə sağlıq deyə bilmir, sonunda real alınsın deyə rejissor şampan şərabı aldırmalı olur ki, aktyor sağlığı inandırıcı desin. Su ilə 4-5 dubla alınmayan səhnə, şampan şərabı ilə bir dublla başa gəlib.

Filmə 1978-ci ildə Azərbaycan dövlət mükafatı, 1979-cu ildə Bakıda VIII Ümumittifaq televiziya filmləri festivalında I mükafat və 1980-ci ildə Berlində ADR televiziyasının diplomu verilib.

Əsas rolları Hacı İsmayılov, Şəfiqə Məmmədova, David Uplisaşvili, Şükufə Yusupova, Elxan Qasımov, Sədayə Mustafayeva, Hüseynağa Sadıqov, Fuad Poladov, Ağahüseyn Kərimov və Rafiq Əzimov ifa edirlər.

Hələlik, ikinci film -“Həm ziyarət, həm ticarət” barədə növbəti yazıda.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3498

Oxşar yazılar

Sənubər İsgəndərova  və Ceyhun Mirzəyev "Fəryad" filmində

İsmayılın fəryadı, son hayqırtı, ikinci dəfə öldürülən Xocalı qurbanları – BİZİM FİLMLƏR

26 fevral 2021 , 10:40
Hamilə aktrisanın əri öldü, dəhşətli qəzanın qarşısı alındı, “Nərgiz xala” niyə qəzəbləndi? – Bizim filmlər

Hamilə aktrisanın əri öldü, dəhşətli qəzanın qarşısı alındı, “Nərgiz xala” niyə qəzəbləndi? – Bizim filmlər

19 avqust 2020 , 10:15
Yoxa çıxan “məbəd”, baş tutmayan partlayış, bəxtsiz sevgililərin aqibəti – “Ölsəm, bağışla...”

Yoxa çıxan “məbəd”, baş tutmayan partlayış, bəxtsiz sevgililərin aqibəti – “Ölsəm, bağışla...”

14 may 2020 , 12:13
Ölüm ayağında konsert, gözəl aktrisanı aldadan rejissor, qorxulu xəncər yarası... - “Bizim filmlər”

Ölüm ayağında konsert, gözəl aktrisanı aldadan rejissor, qorxulu xəncər yarası... - “Bizim filmlər”

28 aprel 2020 , 11:36
Yataq səhnəsinə etiraz edən xalq artisti, Oqtay üçün ağlayan Əsmər, nakam sevginin sonu... – BİZİM FİLMLƏR

Yataq səhnəsinə etiraz edən xalq artisti, Oqtay üçün ağlayan Əsmər, nakam sevginin sonu... – BİZİM FİLMLƏR

4 mart 2020 , 11:31
Moskvanın qadağası, Heydər Əliyevin dəstəyi, özünü asan vicdan... – Bizim filmlər

Moskvanın qadağası, Heydər Əliyevin dəstəyi, özünü asan vicdan... – Bizim filmlər

5 fevral 2020 , 16:43
O əjdahadan bizdə olsaydı, 43 dəfə baxardıq... – Məşhur filmin gizli qalan məqamları

O əjdahadan bizdə olsaydı, 43 dəfə baxardıq... – Məşhur filmin gizli qalan məqamları

24 dekabr 2019 , 10:00
Cins şalvarlı ərəb, ehtiraslı səhnəyə çəkilən türk qızı, söyüş söymək istəməyən azərbaycanlı professor... – “Bizim filmlər”

Cins şalvarlı ərəb, ehtiraslı səhnəyə çəkilən türk qızı, söyüş söymək istəməyən azərbaycanlı professor... – “Bizim filmlər”

7 dekabr 2019 , 13:00