Kəndli-şəhərli məsələsi yenə ortalıqda. Uzun müddətdir bitməyən dava.
İndi bir az da irəli gedib sosial şəbəkələrdə həştəqlə paylaşırlar. Cəmiyyətin kifayət qədər ciddi dərdi olduğu halda paylaşılan həştəqlərə baxın - “kənd, kəndli, kəndçi, bakılı”...
Əvvəlcə məsələnin məğzini xatırlatsam yaxşı olar. Deməli, Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə müsahibə verib. Deyəcəksiniz ki, nə olsun? Həmişə verir də. Amma bu dəfə yenə də “köhnə dava” məsələsi gündəmə gəldi. O, müsahibəsində heç çəkinmədən, əvvəl də olduğu kimi “kəndli, bakılı” məsələsini açıb. Açmaqla qalmayıb, rayonlarımızdan Bakıya gələnləri şəhərə uyğunlaşa bilməməkdə sərt ittiham edib.
Şoumenimiz deyir ki, Bakıya gələn insanlar urbanizasiya prosesini keçə bilmirlər.
Bir növ “Bakıda bakılı qalmayıb, qaqaş” şablonundan istifadə edərək, özünü “ağ adam” adlandırıb.
Bəzi insanlar isə bu sözlərin küyünə düşüb “Mən kəndçi deyiləm” deyib, necə deyərlər, yaxalarından “şüarlar asır”.
Bu insanlar öz aləmlərində “kəndçi”, “kəndli” sözünü mədəniyyətdən uzaq hesab edirlər. Hətta bir qrup şəxslər öz aralarında geyim tərzini xoşlamadıqları insanlara qarşı “kəndçisən” ifadəsini işlədir.
Elə bizim aktyor, şoumen və daha çox ixtisaslara yiyələnən Bəhram Bağırzadəmiz də regionlarımızdan gələnləri bir növ “kəndçisən” deyib, aşağılayıb.
Məncə, bu hadisələr bir daha təsdiqləyir ki, bizim bir çox tanınmışlarımızın mədəniyyətdən danışması uğurlu deyil. Çünki onlar unudulmamaq üçün nə isə söz deyib gündəmə gəlirlər. Söyülmək naminə olsa belə...
Hətta deyə bilərəm ki, indi özünü söydürmək də qabiliyyət tələb edir. Bu da bir iş, bir peşə, bir xidmətdir.
Bu da belə… Məncə, məsələ isə çox dərindir. Özünü söydürmək məqsədi olanları müzakirə edərək gündəmə gətiririk. Yenə gündəmimiz söyən, söyənə…