Adını fala baxaraq qoydu, sevdiyi qadına görə sürgün olundu - Ömrü həsrətlə keçən böyük Şəhriyar
18 sentyabr 2023 18:33 (UTC +04:00)

Adını fala baxaraq qoydu, sevdiyi qadına görə sürgün olundu - Ömrü həsrətlə keçən böyük Şəhriyar

Bu gün cisminin və ruhunun bütün zərrələri ilə Azərbaycan, türkçülük aşiqi olan böyük Şəhriyarın anım günüdür. 

Lent.az vətən torpağında qürbət ömrü yaşamış bu böyük şairin ömür yolu barədə maraqlı faktları təqdim edir. 

O əslində tibb üzrə ali təhsil almışdı, lakin öz dediyi kimi eşq onu şair eləmişdi. Öncə bu qovuşa bilmədiyi sevgilisinə duyulan nisgil idi, sonra Tanrıya. Ömrünün sonlarına yaxın dostlarından biri ondan soruşmuşdu:

- Şair, eşq nədir?

- Məni özünə aşiq etmiş o qız olmasaydı, indi həkim idim. Amma Şəhriyar olmayacaqdım. İnsan müxtəlif yaşlarda müxtəlif cür aşiq olur. Ömrünün sonunda başa düşür ki, bütün eşqlər Allaha imiş, bir ömür onu axtarırmış.

Qısa qeyd: Onun əsl adı Seyid Məhəmmədhüseyn Behcəti Təbrizi idi. 1906-cı ildə Təbrizin Başmeşə məhəlləsində hüquqşünas ailəsində doğulub. İlk təhsilini Təbrizin Motahari və Tehranda Darülfünun məktəblərində alıb. Tibb kollecində təhsil aldıqdan sonra notarius və bank işlərində çalışıb. 20 yaşından etibarən yazdığı türk və fars dilli şeirlərlə şöhrətlənib. 
Milli həmrəylik ideyasını təbliğ edən şairin yaradıcılığı qəzəl, qəsidə, məsnəvi, qitə və rübailərlə zəngindir. Bütün ömrü boyu Şimali Azərbaycana can atan şairə bu torpaqları görmək qismət olmayıb. 

Bəs Şəhriyar adı haradan idi? O çox sevdiyi böyük şairlərin qəzəlləri ilə istixarə etməyi (fal açmağı) sevirdi. Özünə təxəllüs seçərkən sevdiyi şair Hafizin divanına üz tutur və bir neçə dəfə Şəhriyar sözü ilə qarşılaşır. Beləcə öz adını Şəhriyar qoyur. 

Şəhriyarın həyatında və yaradıcılığında çox sevdiyi bir qızın, Sürəyyanın böyük rolu olub.

Sürəyya o qədər  gözəl idi ki, şair onu Pəri adlandırırdı. Sevgiləri qarşılıqlı idi. 
Bir dəfə Şəhriyarla Sürəyya Behcətabad parkında görüşməklə bağlı razılığa gəlirlər. Sürəyyanı ondan alıb ərə verməyə hazırlaşırlar. Sevgilisini son dəfə görmək ümidi ilə gecə həmin yerə gələn şair səhərədək gözləyir, amma Sürəyya gələ bilmir. Elə həmin gecə onun ən məşhur qəzəllərindən biri, “Behcətabad xatirəsi” qəzəli yaranır.

“Ulduz sayaraq gözləmişəm hər gecə yarı,
Gec gəlmədədir yar yenə, olmuş gecə yarı”.

Rza şah Pəhləvinin yaxın qohumu Əbdülhüseyn Teymurtaş Sürəyyaya aşiq olur və onunla evlənir. Daha doğrusu atasından pul gücünə alır. Teymurtaş Sürəyyanın könlünün Şəhriyarda olduğunu bildiyi üçün şairi inqilabi şeir yazmaqda ittiham edib həbs etdirir, əslində məramı onu öldürtmək idi. Lakin Sürəyyanın yalvarışları ilə həbs olunmuş  Şəhriyarı sürgün elətdirməklə kifayətlənir. Şəhriyar sürgündə ikən Teymurtaş Sovet kəşfiyyatçıları tərəfindən zəhərlənib öldürülür. Şəhriyar hər söz düşəndə “Teymurtaşı mənim cəddim öldürdü” deyərmiş. 

Şəhriyarın ikinci ən məşhur “Yar qasidi” qəzəli də Sürəyyanın toy gününə həsr olunub.
O, Sürəyyanı ömrünün sonuna qədər unuda bilmədi.

Sürəyyadan sonra Şəhriyarın bütün əsərlərində yanğı, ağrı və kədər var. Deyilənə görə, Şəhriyar xəstələnib xəstəxanada yatırmış. Pəri bunu duyub yanına gedib. Pərinin qucağında artıq süddən kəsilmiş bir uşağı da varmış. Şəhriyar həsrətindən solmuş Sürəyyasını görüb, bədahətən bir qəzəl deyir. 

“Sən öz cigər parəni də sütdən ayırmışsan, ancaq mən hələ də bildiyin səni sevən o dəli qanlıyam, hələ unudulmamışsan. Atan öz gövhərini altuna satdı, eşqin dədəsi yansın ki, dədəmi yandırdı”.

Şəhriyarın öz ana dilində şeir yazmasına anası Kövkəb xanım səbəb olub. O, “oğlum, o yazdıqlarını bir az da mənim anladığım dildə yaz!” deməklə oğlunun ruhunda inqilaba yol açır. Şəhriyar 48 yaşında bibisi nəvəsi Əzizə ilə evlənir. Aralarında 25 il yaş fərqi varmış. Bir satirik şeirində  Şəhriyar həyat tarlasında özünü öküzə, evləndiyi xanımı da buzova bənzədərək,

“Yar günümü göy əskiyə tutdu ki, dur məni boşa,
Cütcü görübsən heç cütə, öküz qoyub buzov qoşa!” deyir.

Şəhriyarın 3 uşağının anası Əzizə gənc yaşda ölüb. Şəhriyar ondan sonra evlənməyib və çox mənəvi acılar çəkib.

Şəhriyar soydaşı inqilabçı Pişəvərini sevmirdi. Bunun da səbəbi var idi. Pişəvərini Stalin dəstəkləyirdi və Təbrizdə çıxan “Azərbaycan” adlı qəzetin hər nömrəsinin ilk səhifəsində “millət atası” deyə Stalinin şəkli yer alırdı. Şəhriyar Stalini millət atası kimi görmürdü. 

Məşrutə inqilabı illərində ailəsi onu Heydərbaba dağının ətəklərindəki Xoşginab kəndinə, nənəsinin yanına göndərir. Bu, səfər sonralar  məşhur “Heydərbabaya salam” poemasının  yazılmasına səbəb olur.

Şairin adını və “Heydərbabaya salam” poemasını Türkiyədə M.Ə.Rəsulzadə tanıtdırıb. 
M.P.Vaqifin 250 illik yubileyində Azərbaycan Yazıçılar İttifaqı Şəhriyarı Bakıya dəvət edib, lakin ona süni əngəllər yaradılıb və şairin böyük arzusu həyata keçməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6885
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar