Lent.az-ın müsahibi Azərbaycan Dövlət Milli Gənc tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Elnur Hüseynovdur.
- Elnur, xoş gördük. Məhəmməd Əmin Rəsulzadə obrazını sizin simanızda görmək gözəl idi. Amma ümumilikdə tamaşaçı Elnuru uşaq verilişlərinin aparıcısı kimi tanıyıb sevib. Uzun müddət ekranlarımızdan övladlarımız sizi sevə-sevə izləyiblər. Təəssüf ki, bu gün teleməkanda aparıcısı olduğunuz uşaq verilişi yoxdur. Ümumiyyətlə, uşaqlarla bağlı tamaşa, film, ədəbiyyat, verilişlər sizi qane edir?
- Azərbaycanda uşaqlar üçün maraqlı obraz, qəhrəman qıtlığı yaşanır. Bir zamanlar uşaqlar “Xoruz baba”nı, “Savalan baba”nı az qala öz babalarından çox sevirdilər. Mən də efirdə “Ağıllı” adlı bir obraz təqdim etdim. Amma bu uşaqlar arasında nə dərəcədə rəğbət qazanır bu sual altındadır. Göstərdiyimiz əmək uşaqlar arasında daha az yayılır, nəinki sosial şəbəkələrdə bəsit adamların dillərindən eşitdikləri vulqar ifadələr. Baxırsan ki, çəkdiyin əmək hədər gedir.
- ARB Günəş kanalında yayımlanan verilişiniz niyə dayandırıldı?
- Sponsor olmadığına görə. Uşaq verilişlərində reklam etmək istəmirlər. Öz gücümüzə bu verilişi ayaqda saxlamağa çalışdıq. Bəzən çəkiliş üçün yerimiz olmadı, parklarda, ağacların altında çəkdik. Ssenarini elə yazırdıq ki, guya belə də olmalıdır. Amma axırda telekanal rəhbərliyi bildirdi ki, bizim verilişin reytinqi yoxdur deyə daha yayımlanmayacaq. Amma bizim izləyicilərimiz var idi. Bir ana mənə deyirdi ki, autizmli övladım ancaq sizə baxa-baxa yemək yeyir, başqa cür yedirə bilmirik. Reytinqə qurban getdik. Amma bu gün yaraşıqlı bir oğlan, gözəl bir qız yaxınlaşıb deyəndə ki, uşaq vaxtı sizin verilişlərə çox baxmışıq bu mənim üçün dünyaya dəyir.
- Bəzi müğənnilər efirə çıxıb milyonluq villalarından, çox bahalı avtomobillərindən, aylıq 100- 150 minlik qazanclarından, toy bazarlarından danışırlar. Bu mənada aktyorların bəxti daha az gətirib. Necə dolanırsınız?
- Yaxşı ki, teatr var. Əməkdar artistəm, bir də Prezident mükafatçısıyam. O olmasa nə edərəm bilmirəm. Dövlətim məni çətində qoymaz deyə inanıram. Evim yoxdur, illərdir kirayədə yaşayıram. Mənə ev verilsin demirəm, amma aktyorlara elə bir şərait yaradalar, bina tikələr biz kirayə haqqı kimi aylıq ödənişlərimizi edək, sonunda o ev bizə qalsın. Belə praktika dünyanın bir çox ölkələrində var, bizdə də olsa yaxşı olardı.
- Filmlərə dəvət alırsınız?
- Təəssüf ki, yox. Bu gün filmlərə bir qrup aktyoru çəkirlər. Rasim Balayevin bir sözü var, deyir əsl aktyorlar teatrda yetişir. Mən gündüz Buratino, axşam III Riçard tamaşasında Bekingem rolunu oynayıram. Ustad sənətkarların dediyinə görə pis oynamıram. Amma filmlərə dəvət yoxdur. Əlbəttə istərdik dəvət olsun, film tarixdir yaddaşdır, qalır sabahkı günlər üçün. Tamaşa belədir ki, bu gün oynadın bitdi. Küçədən tapdıqları adamları filmə çəkirlər, bizi yox. Rejissordan soruşsan, deyəcək “sənə uyğun rolumuz yoxdur”. Universal aktyoram. Küçədən keçən təsadüfi adamları gətirincə peşəkar aktyoru çək də. Naibə Allahverdiyeva, Nübar Novruzova, Şəfəq Əliyeva, Tariyel Qasımov, Yasin Qarayev kimi aktyorların yaşının və sənətinin elə bir dövrüdür ki, iştirak etdikləri hər film sambala minir, kolorit qatırlar. Naibə xanımın filmdə bir epizodda balkona çıxıb “ay uşaq, orda səs-küy salmayın, gedin, başqa yerdə oynayın” deməsinin özü belə ayrı bir rəngdir, gözəllikdir. Bunu edin də. Rejissorlar bunu anlamırlar. Uşaqlar üçün filmlər yoxdur. Mən dostum, rejissor Heydər Vüqaroğlu ilə birlikdə 2 uşaq filmi çəkdik. Bütün aktyorlar qonorarsız çəkildilər və cəmi bir dəfə efirdə göstərildi. Biz bütün varlığımızla buna can atırıq, amma gərək buna dəyər verilə. Təəssüf ki, film sektorundakılar bizi görmürlər.
- Kimlərlə eyni səhnədə olmaq sizə xoşdur?
- Naibə xanımla. Səhnəmizin sultanı deyirəm ona. Çətin deyəcəyim heç kim yoxdur. Yasin Qarayev bizim ağsaqqalımızdır. O teatra gələn gün hamı onun otağına girir, masaya şirniyyat düzülür, salamlaşıb şirniyyat yeyib gedirlər. Bizim kollektiv çox mehribandır. Böyüyə-kiçiyə hörmət var. Mən öz doğma atamdan çox Yasin Qarayevə qulluq göstərirəm. Çünki teatrdakıları ailəmdəkilərdən daha çox görürəm.
- Səhnəyə küsülü çıxdığınız adam olub?
- Olub. Axı biz aktyorlar uşaq kimiyik. Bu gün küsüb sabah barışmışıq. Səhnədə tamaşaçıya bunu yansıtmaq cinayətdir.
- Teatrla bağlı maraqlı xatirələriniz də var yəqin.
- Əlbəttə var. Tələbə idim ora ilk qədəm basanda. Tələbə də kasıb olur, bilirsiniz. Birini tapırsan, birini tapmırsan. Bir dəfə təqaüd almışdım. Getdim özümə ərzaq aldım, qaymaq, şəkər tozu filan. Yaxşı yeyib getdim işə. Səhnədə məşq zamanı ürəyim gedib yıxılmışam. Yəqin bədənim belə bolluğu götürməyib də (gülür). Gözümü açdım ki, yığılıblar başıma. Naibə xanım dayanmadan deyirdi ki, o yəqin acdır ona görə ürəyi gedib. Mən elə deməyə çalışırdım ki, yemişəm, sözümü bitirə bilmirdim. Yemək sözünü anlayıb bircə. Nə isə özümə gəldim, məni götürüb apardı yaxındakı kafeyə, kabab aldı. Yedik. Dedi “bayaq nəsə pıçıldayırdın bayılanda, nə deyirdin?”. Utandım deməyə ki, yemək yemişdim, tox idim. Dedim elə yeməyə görə ürəyim getmişdi. Naibə xanımın böyük ürəyi var. Çıxarıb cibimə pul da qoydu, dedi , “tələbəsən, özünə qulluq elə”.
- Biz söhbətə bir qədər ayaqdan başladıq. Başa doğru gələk. Səhnəyə necə gəldiniz?
- 1978-ci ildə Neftçalanın Xəzər kəndində anadan olmuşam. Orta məktəbdən incəsənətə meylim olub. Səhnəciklər qururdum. “İstedadlar axtarırıq” adlı müsabiqə keçirilirdi 80-ci illərdə. O müsabiqəyə parodiyalarla qatıldım və mənim ifam bəyənildi. Bakıda Heydər Əliyev adına sarayda keçirilən yekun konsertdə də iştirak etdim. Teymur Əmrah, Nəzakət Teymurova da o festivalda iştirak edirdilər. 7-ci sinifdə oxuyurdum onda. Bəyəndilər, münsiflik edənlərdən biri, bəstəkar Oqtay Rəcəbov məni axtarıb tapdı, İncəsənət gimnaziyasına qəbul etdilər. Bu sənətdə mənə ən çox dəstəyi böyük qardaşım Elçin verib.
- Yenə parodiyalar edirsiniz?
- Hərdən bir. O zamanlar bu sahəyə o qədər çox maraq hiss edilmədiyini gördüm, həvəsim öldü. Afaq Bəşirqızını, Nəsibə Zeynalovanı, Amaliya Pənahovanı parodiya etmişdim. Afaq xanım bir gün buna görə, hətta zəng vurub mənimlə şəxsən tanış oldu, “dedi, adə qırışmal, deyirlər sən mənim səsimlə məndən yaxşı danışırsan”. Bəyəndiyini dedi, dəstəyini təklif etdi. Sağ olsun. İncəsənət Universitetində oxuya-oxuya AZTV- də səhnəciklərə çəkilirdim və rejissor Loğman Kərimov efirdə oynadığım səhnəcikləri görüb bəyənmiş, məni Gənc Tamaşaçılar Teatrına dəvət etmişdi. İlk rolum “Mənim ağ göyərçinim” tamaşasında oldu və çox bəyənildi. İndi “Sabaha saxlamayaq” verilişində aparıcılıq edən Vüsalə Məmmədova mənim sevgilim rolunu oynayırdı. Çox yaxşı cütlük idik.
- Sonda bir sual vermək istəyərdim. Aktyor ömrünün çətinliyini görərək, övladlarınızın yolunuzu getməsini istəyərdiniz?
- 2 övladım var. Bir qız, bir oğlan. Qızım ali məktəbdə oxuyur tərcümə yolunu seçib. Oğlum mənim yolumu gedəcək deyəsən. İstedadı var. İstərdim ki, sırf maddiyata görə, başqa yolu seçsin. Səhnədə kralam, vəzirəm, həyatda kasıb bir oğlan.