Dövlət Tərcümə Mərkəzi erməni vandalların 1915-ci ildə Türkiyənin Van şəhərində dinc əhaliyə qarşı törətdiyi soyqırımın canlı şahidi olmuş dahi rus yazıçısı Lev Tolstoyun qızı – yazıçı-publisist Aleksandra Tolstayanın xatirəsini əks etdirən “Lev Tolstoyun qızı erməni vəhşilikləri haqqında” adlı sənədli material hazırlayıb.
Mərkəzdən Lent.az-a verilən məlumata görə, ingilis, rus, türk, fars, ərəb, gürcü, fransız, ukrain, ispan və alman dillərinə tərcümə edilən materialın dünyanın aidiyyətli mətbuat orqanlarına göndərilməsi, beynəlxalq internet məkanında və sosial şəbəkələrdə yerləşdirilməsi nəzərdə tutulur.
Dahi rus yazıçısı Lev Tolstoyun kiçik qızı Aleksandra Tolstaya (1884–1979) məşhur Yasnaya Polyana muzeyinin və Tolstoy Fondunun yaradıcısı olmaqla bərabər bədii və publisistik əsərlər müəllifi kimi də tanınır.
1915-ci ildə Aleksandra Tolstaya Rusiya imperiyasının təmsilçisi qismində Qırmızı Xaç Cəmiyyətinin xətti ilə Türkiyənin Van şəhərinə göndərilir və orada erməni yaraqlılarının türklərə qarşı törətdikləri vəhşiliklərin canlı şahidi olur, gördüklərini gündəliyində qeyd edir.
“...Yerlə yeksan olmuş Van şəhəri... Bizim gəlişimizə qədər bu şəhərdə ermənilərlə türklər arasında dəhşətli döyüşlər baş vermişdi.
Türklər ermənilər tərəfindən zəbt edilən dağüstü qalanı mühasirəyə almışdılar. Ermənilər qalanın müdafiəsi üçün vəhşi kimi vuruşurdular. Qadınlar gecələri gündüzlərə qataraq mərmilər düzəldir, türklərə atırdılar. Onlar bu vəziyyətə çox tab gətirə bilməzdilər, ərzaqları bitmişdi, silah-sursat, barıt ehtiyatı tükənmək üzrəydi. Əgər bizim kazaklar vaxtında onların köməyinə yetişməsəydi, şübhəsiz, ermənilər təslim olacaqdı. Hər iki tərəfdən xeyli sayda insan tələfatı ilə nəticələnən qanlı döyüşlər oldu. Ölənlərin meyitlərini gölə atırdılar...
Türk əsgərləri şəhəri tərk edəndə, təxminən 1000 nəfər Vandan çıxa bilmədikləri səbəbdən əsir götürüldü...”
* * *
“...Ermənilər şəhərin türklər yaşayan ərazisinə od vurdular, gil tikililər çətin alışdığından onları ayrı-ayrı yandırdılar...”
* * *
“...Məni burada görəcəyim işlərlə bağlı təlimatlandırmışdılar...
İki böyük məktəb binası. Tamamilə bomboş qalmış iri otaqlarda nə çarpayı, nə stul var. Döşəmədə üstləri əsgi-üsgüylə örtülmüş çirkli, cansız bədənlər. Türklərdir... kişilər, qadınlar, qocalar, cavanlar, uşaqlar...
Körpələrin iniltisi, hönkürtü səsləri, sayıqlamalar... Bəzilərinin sifətində şübhəli ləkələr var.
Bu nədir? Cüzam?..
Çirkli, çəlimsiz əllər bizə tərəf uzanır... Qadınlar ağlaya-ağlaya: “Xanım, xanım!” – deyə yalvara-yalvara bizdən imdad diləyirlər...
Gözüm, bir küncə qısılmış, qolları, sanki ölmüş kimi qəribə şəkildə yanlarına düşən bir qadına sataşdı. Onun lap astadan gələn iniltisi güclə eşidilirdi...
Mənim sual dolu baxışlarıma cavabında mister Yarrou vəziyyəti izah etdi:
– Onun qollarını dartıb kökündən çıxarıblar.
– Bunu kim edib? Nə səbəbə?
– Ermənilərlə qarşıdurmalar zamanı...
– Ermənilər edib? Niyə axı onlar sadə bir qadına belə işgəncə veriblər? – heyrətlə soruşdum. – Amma qəzetlərdə oxumuşdum ki, burada vəhşiliklər törədən, erməniləri kəsib-doğrayan türklərdir. Heç nə anlaya bilmirəm...
– Qırğın hər iki tərəfdən olub. Təbii ki, hərbi qarşıdurmada başqa cür ola da bilməz. Türklərlə ermənilər arasında düşmənçilik əsrlər boyu davam edir.
Amma burada – Vanda biz ermənilərin, insanlıq adına ləkə olan vəhşiliklərinin şahidi olduq. Ermənilər qadınların döşlərini kəsir, qollarını, əllərini dartıb çıxarır, ayaqlarını sındırırlar... Bu qeyri-insani vəhşilikləri, günahsız qurbanları mən öz gözlərimlə görmüşəm...”