Ermənistan dünya mədəni irsinə təhlükə yaradır
07 oktyabr 2020 11:16 (UTC +04:00)

Ermənistan dünya mədəni irsinə təhlükə yaradır

Xəbər verildiyi kimi, Ermənistan silahlı qüvvələri oktyabrın 4-də Azərbaycanın ikinci böyük şəhəri, qədim Gəncəni ağır artilleriyadan atəşə tutub. 

Lent.az xəbər verir ki, nəticədə 1 mülki şəxs həlak olub, 32 nəfər yaralanıb. Şəhərdəki mülki obyektlər, yaşayış binaları, müxtəlif tikililərə yanaşı, dövlət tərəfindən mühafizəyə götürülən (inv. 3838) tarixi abidəyə ciddi ziyan dəyib.

Ümumiyyətlə, Gəncə şəhərində dövlət qeydiyyatına alınmış 195 daşınmaz tarix-mədəniyyət abidəsi mövcuddur. Həmin abidələrdən 1-i dünya əhəmiyyətli arxeoloji, 15-i ölkə əhəmiyyətli memarlıq, 3-ü ölkə əhəmiyyətli bağ-park, monumental və xatirə, 169-u yerli əhəmiyyətli memarlıq, 6-sı yerli əhəmiyyətli bağ-park, monumental və xatirə abidələri, 1-i dekorativ-tətbiqi sənət nümunəsidir. Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən dünya əhəmiyyətli arxeoloji abidə kimi dövlət mühafizəsinə götürülmüş “Köhnə Gəncə” (orta əsrlər), ölkə əhəmiyyətli memarlıq abidələri olan İmamzadə kompleksi (XVII—XIX əsrlər), Uğurlu xan və Şah Abbas karvansaraları (XVII-XVIII əsrlər), Gəncə çayının sahilində yerləşən Gəncə qalası və qala divarları (XV—XVI əsrlər) şəhərin zəngin mədəni irsindən xəbər verir.

Ermənilər Gəncə ilə yanaşı, tarixi abidələrlə zəngin Bərdəni də intensiv atəşə tuturlar.  1322-ci ildə tikilmiş Bərdə türbəsi, VI əsrə aid köhnə şəhər divarlarının qalıqları, XVIII əsrə aid İbrahim məscidi, Tərtər çayı üzərində VII-IX əsrlərə aid iki körpü, XIV əsrə aid Axsadan baba türbəsi, Şirvanlı kəndində yerləşən XVIII-XIX əsrlərə aid hamam və digər abidələr də təhlükə altındadır.

Eləcə də, erməni vandallarının birbaşa hədəfində olan Tərtərdə də tarixi abidələrimiz, mədəniyyət nümunələrimiz hər an məhv edilə bilər.

Rayonda 24 tarix və mədəniyyət abidəsi var. Onlardan 1-i dünya, 15-i ölkə əhəmiyyətli arxeoloji abidədir. 7 abidə yerli əhəmiyyətli memarlıq, 1-i isə yerli əhəmiyyətli arxeoloji abidədir.  Həmin abidələr Tərtər şəhərində, Buruc, Hacıqərvənd, Evoğlu, Hüsənli, Sarov, Borsunlu, Bəyim Sarov, Xoruzlu, Dəmirçilər kəndlərində yerləşir. Göstərilən ərazilərdə 3 məscid, 15 kurqan, 2 nekropol, 2 yaşayış yeri, 1 buzxana 1 türbə mövcuddur. Son dövrlərdə rayonun ərazisində olan tarixi və memarlıq abidələrinin təmiri və bərpası istiqamətində müəyyən işlər görülüb.

 Azərbaycan tərəfindən müvafiq beynəlxalq təşkilatlar vasitəsilə edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq, Ermənistanın növbəti dəfə mülki əhali və obyektləri, tarixi abidələri hədəfə alması beynəlxalq humanitar hüququn, o cümlədən "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" UNESCO-nun 1954-cü il Haaqa Konvensiyası, "Dünya mədəni və təbii irsin mühafizəsi haqqında" UNESCO-nun 1972-ci il Konvensiyası, hərbi münaqişələr zamanı mülki şəxslərin qorunması ilə bağlı 1949-cu il Cenevrə konvensiyası, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyası və digər beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasının, bu ölkənin təcavüzkar siyasətini davam etdirməsinin göstəricisidir.

Nəhayət, Azərbaycan Mədəniyyət Nazirliyinin bəyanatında da deyildiyi kimi, Ermənistan Azərbaycanın tarixi-mədəni irs mərkəzi olan qədim Gəncə, Bərdə və Tərtərə raket zərbələri endirməklə nəinki Azərbaycanı, eyni zamanda dünya mədəni irsini, ümumbəşəri dəyərləri hədəf aldığını, özünün uzun illərdən bəri sürən vandalizm siyasətini bir daha nümayiş etdirir. Dağlıq Qarabağdakı qondarma rejimin başçısının Gəncənin atəşə tutulması ilə bağlı məsuliyyəti nümayişkaranə şəkildə öz üzərinə götürməsi isə erməni tərəfinin riyakar siyasətinin daha bir təsdiqidir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 958
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar