36 yaşında ilk dəfə pul görən vəhşi Hollivud ulduzunun QƏRİBƏ HƏYATI
19 avqust 2022 19:19 (UTC +04:00)

36 yaşında ilk dəfə pul görən vəhşi Hollivud ulduzunun QƏRİBƏ HƏYATI

Görəsən, müasir insanlardan uzaq yaşayan vəhşi qəbilə insanlarını bizim dünyamızla tanış etsək nə olar? Onlar özlərini necə apararlar, biz onlara nə verib, onlardan nə almış olarıq? Maddi demirəm, mənəvi baxımdan. Bunun bir nümunəsini N Xau adlı qəbilə insanı öz yaşamı ilə müasir insanlığa göstərdi.

Lent.az daha bir maraqlı həyat hekayəsini təqdim edir.

Kino bir qəbilə üzvünün həyatını necə dəyişdi, bunu biləcəksiniz.

Onun ulduzu 70-ci illərin sonunda parladı. Xau təxminən, 1944-cü ildə Namibiyada Kalahari səhrasının şimal qərbindəki Tsumke bölgəsində vəhşi bir qəbilədə doğulmuşdu. 70-ci illərin sonunda, yəni N Xaunun təxminən, 36 yaşı olanda onun yaşadığı ərazidə  Hollivud “Tanrılar dəli olub” adlı serial çəkilməyə başladı.

Rejissor çəkiliş qrupuna yaxınlaşan vəhşi qəbilə adamını - N Xaunu da bir epizoda çəkir. Bunun maraqla qarşılandığını görüncə, onlar N Xaunu dilə tutub bir təhər filmədə rol verirlər. O, rol oynamırdı, sadəcə çılpaq, vəhşi formada kameraların qarşısına çıxır, gördüyü hər şeyə, hər yeniliyə vəhşi bir təəccüblə baxırdı. Kadrdakı elə bu məqamlar amerikalı tamaşaçıların böyük marağına səbəb oldu. Odur ki, rejissor da N Xaudan əl çəkmədi, beləcə vəhşi qəbilə adamı dönüb oldu Hollivud ulduzu.

Bu film sahiblərinə milyonlar qazandırsa da, N Xau burdan 300 dollar qazandı. Pulla nə edəcəyini bilmirdi, ümumiyyətlə, ilk dəfə pul görmüşdü. Lakin Hollivud hər kəs kimi, vəhşi qəbiləlinin də gözünü açdı. Onu tez-tez Avropaya, Yaponiyaya ABŞ-ın müxtəlif şəhərlərinə dəvət edirdilər.

Şöhrəti dünyanı bürümüşdü. Filmdə bir neçə seriya çəkildikdən sonra  N Xau 80 000 dollar tələb etdi və bu pula öz yaşadığı qəbilədə içində suyu olan kərpic bir ev tikdirdi. Az sonra düşdüyü mühitdən başı fırlanan qəbiləli içkiyə və siqaretə alışdı. O, ağ adamların pul qazandığı bir fiqura, oyuncağa çevrilmişdi.

1997-ci ildə qəbilə adamı müasir dünyanın xaosuna dözə bilməyib, xanımı Kora və 4 qızı, iki oğlu ilə yenidən öz qəbiləsinə döndü, bir daha da sivil dünyanın həsrətini çəkmədi. 2003-cü ilə qədər öz qəbiləsində sadə həyat sürdü və isti bir avqust günündə Hollivud ulduzu odun toplamağa gedib geri dönmədi. Onu 3 gün sonra səhrada ölü tapdılar. İylənmiş cəsədini vəhşi heyvanlar parçalamışdı. Ağ adamların dünyasına düşmüş qəbilə adamının həyatı elə başladığı yerdə, Kalahari səhrasında sona çatdı.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3711
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar