Fərdi Tayfur: “Azərbaycan musiqi yarışmasına mənim mahnımla qatılmışdı” - FOTO
23 may 2011 20:10 (UTC +04:00)

Fərdi Tayfur: “Azərbaycan musiqi yarışmasına mənim mahnımla qatılmışdı” - FOTO

Türkiyənin məşhur və nüfuzlu sənətçilərindən olan Fərdi Tayfurla İstanbulda keçirilən mötəbər 17-ci Kral TV mükafatlandırma mərasimində qarşılaşdıq. 17 ildir, təşkil olunan bu tədbirə bütün sənətçilər məsuliyyətlə yanaşır və böyük önəm verirlər. Fərdi Tayfur mərasimə vaxtından əvvəl gəldi və ilk sıralarda oturub tədbirin başlanmasını gözlədi. Gələn qonaqların ilk salamlaşdığı və diqqət göstərdiyi şəxslərdən biri Fərdi Tayfur idi. Lent.az-ın İstanbula ezam olunmuş əməkdaşı tədbir öncəsi “Fərdi baba” ləqəbi ilə məşhurlaşan sənətçidən müsahibə götürüb.

- Sizə “Fərdi baba” deyirlər, çox sevilirsiniz. Sizin üçün damarlarını belə kəsməyə hazır olanlar var. İntihara səbəb olacaq bu sevgini anlamaq bir az çətindir...

- Əslində damar kəsmə əhvalatı mənlik deyil. İllərdir, mətbuatda bunun müzakirəsi və mübahisəsi gedir. O dedi-qodunu adıma yapışdırdılar. Bu damar kəsmə olayları daha çox Müslüm Gürsəslə bağlıdır. Onun üçün bu çılğınlığı etdilər. Deyirlər ki, bu addım böyük sevgini sübut etmək atılır, məncə, sənətçi sadə insanlardan bir az uzaqdır, onlara pərəstişkarların əli çatmır.

- Lakin buna baxmayaraq sizə fərqli sevgi nümayiş etdirilər. Sizi nə üçün sevirlər?
- Mənim çox gözəl mahnılarım, filmlərim var. Həmişə çox yaxşı musiqilər yazmağa, insanların zövqünə və düşüncələrinə uyğun mahnılar oxumağa çalışmışam. Özümdən çox sevənlərimi düşünmüşəm. Hər şeyi onların seçiminə, ixtiyarına buraxdım. Bir də, təmkinli insanam.

- Sizi, Orxan Gəncəbayı və Müslüm Gürsəsi daha çox qiymətləndirir və fərqli yanaşırlar. Baxmayaraq ki, sizin nəsildən olan başqa istedadlı və sevilən müğənnilər var. Bu yanaşma yəqin ki üçünüzün də oxşar xasiyyətlərdə, özünüzün qeyd etdiyiniz kimi təmkinli olmağınızla bağlıdır?

- İnsanlar səmimiyyəti qəbul edir və daha çox onlara meyl göstərirlər. Mən yalanı sevmirəm. Elə yalançıları da sevmirəm. Dürüst olmağı və dürüst insanlarla olmağı sevirəm. Ətrafıma yaltaq insanları yaxın qoymuram. Bu günədək də yaltaq olmadım. Məncə şəxsiyyət ,insanlıq və sənət bir arada olanda sənətçi həmişə hörmətli olur.

- Sənətdən getmək istədiyini anlar olubmu, indi bu kimi düşüncəniz var?

- Əlbəttə var, amma buraxmazlar məni! Səhnəyə çıxdığım vaxt o sevgini görürəm. Oldu, yalan deyə bilmərəm. Çox yorulduğum və “Artıq bəsdir!” dediyim anlar oldu. Amma insanlar mənə sənətdən ayrılmağa imkan verməz. Bilirəm, sabah desəm ki, sənətdən ayrılıram, buna imkan verməyəcəklər.

- Sizcə sənətin yaşı varmı? Yaşa dolanların sənətdən getməsi məntiqlidir?

- Gerçək sənət yaşı və zamanı gözləmir. Ona qiymət vermir. Sizə bir şey deyim, mən həmişə solist olmaq istədim. Solist kimi insanların qarşısına çıxmaq və tanınmağı arzuladım. Amma həmişə kütlə, türk xalqı məni assolist olaraq qəbul edib. Bu günədək də belə də təqdim etdilər.


- Rəqibləriniz oldu? Rəqabəti hansı şəkildə apardınız?

- Yox. Hərə öz yolu ilə getdi. Orxan Gəncəbayın yolu və yeri ayrıdır, Müslüm Gürsəsin də həmçinin. Məncə rəqabət fərqli və gözəldir. Sənətin ən gözəl tərəfi elə rəqabətdir. Amma biz bu rəqabəti gözəl oxumaqla, saysız-hesabsız konsert verməklə aparmalıyıq. Çıxıb dedi-qodu etməməliyik. Bir-birimizin yolunu kəsməməliyik.

- Sizi hansı dönəmdə daha çox sevdilər? Çox populyar olduğunuz zamanla bugünkü statusunuz arasında müqayisə aparırsınız?

- Son vaxtlar haqqımda bir az yalan, şayiə dolaşdı. Bir az bu səbəbdən incidim, küsdüm. Təəssüf ki, sənətçi üçün sevginin azaldığı və çoxaldığı dönəm var.

- Bu gün müşahidə edib gördüm ki, sizin üçün mükafatlar, təqdimatlar əhəmiyyətlidir. Diqqətə və hörmətə qarşılıq verməyə çalışırsınız.

- Əslində sizə deyim ki, mükafat bəhanədir. Müğənnilərin bir-birilə adi günlərdə toplaşıb görüşməsi çətin məsələdir. Düzünü desəm, mən həmkarlarımı mükafatlandırma mərasimlərində filan görürəm. İndi də dostlarımı gördüm, uzun zamandır, görmədiyim həmkarlarımla rastlaşdım. Belə tədbirlərin mənim üçün maraqlı və təqdirəlayiq tərəfi odur ki, sevilib-seçilən gənclərlə tanış oluram.

- Deməli siz digər həmkarlarınızdan fərqli olaraq gənc müğənnilərə, onların sənətinə loyal yanaşırsınız? Yenilikləri qəbul etmək sizə çətin gəlmir?

- Zaman! Kütləvi informasiya vasitələrinin, televiziya kanallarının çoxalması hər şeyi dəyişdirir. Dözmək məcburiyyətindəyik. Mən zamanla ayaqlaşmaq məcburiyyətindəyəm.

- Zamanla ayaqlaşırsınızsa onda yəqin xəbəriniz var. Bu il “Eurovision” birincisi olduq. Azərbaycan qalib oldu.

- Mən sizi təbrik edirəm. Çox gözəl bir hərəkət idi, o qıza çox təşəkkür edirəm (Nigar Camalı nəzərdə tutur-L.Y.), həyəcanla o bayrağı qaldırdı. Dünya bu sevgini, qardaşlığı görməli idi. Əgər indi məndən soruşsanız ki, Türkiyə bunu edərdimi? Heç sanmıram! Heç sanmıram! Biz bunu etməzdik! Azərbaycan kimi kimsə bu addımı atmazdı.

- Səmimiyyətinizə görə təşəkkür edirəm.

- Mən təşəkkür edirəm. Azərbaycanda məni çox sevirlər, bunu bilin! Sovetlər Birliyi dövründən bu yana menecerlər məni Azərbaycana dəvət etdilər. Bir də sizə maraqlı bir şeyi deyim. Azərbaycan uzun illər əvvəl Türkiyənin turizm cənnətlərindən sayılan Kuşadasında keçirilən “Bəyaz göyərçin” musiqi yarışmasına mənim mahnımla qatılmışdı. “Bir damla yaş” - mahnının adı belə idi. Azərbaycandan rusdilli kollektivi gəlmişdi, onda Sovet İttifaqı dövrü idi, rusca danışırdılar. Yadımdadır, sözləri oxuyanda çox əziyyət çəkdilər.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 893

Oxşar yazılar