Türkiyənin məşhur ulduzları Eldar və Nigarla öyündülər - SORĞU - FOTO
18 may 2011 19:10 (UTC +04:00)

Türkiyənin məşhur ulduzları Eldar və Nigarla öyündülər - SORĞU - FOTO

Azərbaycanın “Eurovision-2011” Mahnı Müsabiqəsindəki birinciliyi Türkiyədə əsl rezonansa səbəb olub. Türkiyənin sənət dünyası Eldar və Nigarın qalibiyyətini öz ölkələrinin qələbəsi kimi qəbul edirlər. Lent.az-ın Türkiyədəki əməkdaşı Türkiyənin məşhur ulduzlarının “Eurovison” qalibiyyətimiz haqqında fikirlərini soruşub. Sənət aləminin məşhurları təmsilçilərimizdən, “Running Scared”ən və özəlliklə Nigarın bayraq jestindən agız dolusu danışıb.

Hülya Avşar Lent.az vasitəsilə ifaçılarımıza təşəkkürlərini və sevgilərini yollayıb: “Təbrik edirəm. Türkiyənin bayrağı ilə səhnəyə çıxmaqları məni çox qürurlandırdı. Mənim əvəzimdən Eldar” və Nigara sevgi və öpüşlərimi göndərin”.

Fərdi Tayfur isə Azərbaycan kimi heç bir ölkənin, hətta Türkiyənin belə bu cür gözəl bir addım ata bilməyəcəyi qənaətindədir: “O bayraq qaldırma olayı Azərbaycan adına çox mədəni, gözəl bir davranışdır. Azərbaycana da bu yaraşır! İndi məndən soruşursunuz Türkiyə qalib gəlsə, belə bir addım atardımı? Yox, Azərbaycan qədər kimsə belə bir böyük addım atmazdı deyirəm”.

Səlami Şahin bütün Türk dünyasını təbrik edib: “Çox xoşbəxt oldum, özümüz qalib gəlmişik sanki! Azərbaycan Osmanlı dövründən Türkiyə ilə qardaşlıq münasibətindədir. Həmişə qardaşıq deyirdik, bu da qardaşlıq nümunəsi! Bütün Türk dünyasını təbrik edirəm!”

Yonca Evcimik özü bu müsabiqəni bəyənməsə də, nəticən razı qalıb: “Bu il Azərbaycanla sözün əsl mənasında qürur duydum. Özümüz qalib olmuş kimi sevindim. Bayrağı görəndən isə sevincim ikiqat artdı. Çox təbrik edirəm sizi!”

Kutsi müsabiqə başladığı gündən Azərbaycanı favoritlər sırasında görüb: “Əvvəla onu deyim ki, Azərbaycanın “Eurovision” mahnısı oradakı mahnıların arasında favorit mahnım idi. Tez-tez bu mahnını dinləyirəm . Zatən ən yaxşı mahnı olduğu üçün də birinciliyi aldı”.

Meyra Sərdar Ortac vasitəsi ilə Azərbaycan mədəniyyətini tanıyıb: “Sərdar sizin ölkənizi çox sevir. Heyf ki, müsabiqəni izləyə bilmədim. Lakin müsabiqə Türkiyə üçün Nigarın jesti ilə yadda qaldı. Hamı bayraq olayından danışır. Biz o tərəfləri çox sevirik. Artıq Nigar da Türkiyənin göz bəbəyi oldu!”

Fərhad Köçər üçün bu qalibiyyət mənəvi dəstək olub: “Azərbaycanın müsabiqədə atdığı addım, çox həssas və ağıllı addım idi. Xüsusilə bu dönəmlərdə bu jesti ilə Azərbaycan Türkiyəyə böyük bir mənəvi dəstək verdi. Onları təbrik edirəm. Nigar bizə çox böyük bir jest etdi. O məğlubiyyətin, qanıqaraçılığın ardınca Nigar elə bil ki, ürəyimizə su səpdi. Onu düşünən, ağlına gətirən hər kəsə təşəkkür edirəm”.

Burak Kut bu addımı başlanğıc kimi qiymətləndirir: “Məni Azərbaycandan sevən çoxdur. Tez-tez onlardan mesaj alıram. Ona görə Azərbaycanı təqib edirəm. İştirakçıları çox bəyəndim. Bu bir başlanğıc oldu. Gələcəkdə Türkiyə də qalib gəldiyi zaman Azərbaycan bayrağını qaldırmalıdır”.

Kubat “yaxşı” jestə görə təmsilçilərimizə təşəkkür edib: “Vallah sizin qələbəniz mənim üçün möhtəşəm bir duyğudur. Biz iki dövlət, tək millətik. Türkiyə ələnəndə üzüldük, lakin Azərbaycanla yenidən qazanmış olduq. Əslində digər dövlətlərə bir az haqsızlıq etdik. Türkiyə həm ələndi, həm də qazandı! Qürurumuzu oxşadınız, mahnı da gözəl idi. Hamınızı canı-dildən təbrik edirəm! Məncə bu jest hər şeydən öncə atmosferdən yaranan bir duyğu idi. Azərbaycan bunu etdi, həm də çox “yaxşı” bir addım atdı!”

Kənan Doğulu 4-cü dəfə müsabiqəyə qatılan Azərbaycanın əldə etdiyi nailiyyəti xüsusi vurğulayıb: “Çox xoşbəxt oldum, özü də 4-cü dəfə müsabiqəyə qatılan bir ölkənin əldə etdiyi bu qalibiyyətin xüsusi çəkisi var. Azərbaycanlı qardaşlarımız, təmsilçilərinizi təbrik edirəm. İnanıram ki, bu il çox güclü təşkilati tədbirlər görüləcək. Azərbaycanın belə bir jesti təsirli idi. Mən də qalib olduğum vaxt əlimə bayraq verilsəydi, mütləq Azərbaycan bayrağını qaldırardım”.

Sönər Arıca dostluğun tərifini belə izah edib: “Azərbaycanı, təmsilçiləri ağıllı məntiqli davranışlarına görə təbrik edirəm. Və onlara təşəkkür edirəm. Dostluq belə olur!”

Faruk Ka mükafatlandırma mərasiminə qatılmaqla Azərbaycanın jestinə qarşılıq verməyə çalışıb: “Eurovision”da Nigarın atdığı addım məni o qədər təsirləndirdi ki, sevginin qarşılığında “Kral TV” mükafatlandırma mərasiminə Azərbaycan bayrağı ilə qatılmağı özümə borc bildim. Mənim əvvəldən Azərbaycan sevgim vardı, bu addım sevgimi daha da artırdı”.

Meral Konrat önümüzdəki il Azərbaycana gəlməyə tələsir: “Azərbaycan zatən mənim ikinci vətənimdir. Onları çox sevirəm. İzləyəndə gözlərim doldu. Önümüzdəki il inşallah, mütləq Azərbaycanda keçiriləcək müsabiqəyə gəlmək, ölkəmizi dəstəkləmək istəyirəm”.

Yusif Güney “həmyerli” kimi təmsilçilərimizlə qürur duyur: “Mən Azərbaycana tez-tez gələn müğənnilər sırasındayam. Artıq Nigar və Eldarın həmyerlisinə çevrildim. Buna görə də qələbəyə görə məni də təbrik etmək lazımdır. Çox xoş, təsirli, gözəl bir hadisə idi”.

Lalə Yusiqfqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 887

Oxşar yazılar