“Aypara” qrupu ilk solo konsertini verib
17 may 2011 11:30 (UTC +04:00)

“Aypara” qrupu ilk solo konsertini verib

“Xilaskar” adlı konsert Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə Füzuli rayonun Horadiz şəhərində Muğam Mərkəzində baş tutub. Konsertdə xanəndə Aytən Məhərrəmova, tarzən Ədalət Behbudov və kamança ifaçısı Pərviz Fərhadov iştirak edib.


Pərviz Fərhadov Lent.az-a deyib ki, konsert proqramı maraqlı məqamları ilə yadda qalıb. Tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanan “Aypara” ilk konsertində sevilən xalq mahnıları, təsnif və muğamları səsləndirib: “Bu, bizim ilk solo konsertimiz idi. Ona görə də həyəcan keçirirdik. Amma konsert çox yaxşı keçdi və tamaşaçılar tərəfindən də bəyənildi. Qeyd edim ki, bir müddət öncə bizim “Xətrinə dəymərəm” adlı ilk albomumuz işıq üzü görüb. Bundan başqa, 2-ci Respublika muğam müsabiqəsinin qalibi olduq. Daha sonra 2-ci Beynəlxalq Muğam Müsabiqəsində Azərbaycanı təmsil etdik. Bu uğurlardan sonra isə ilk solo konsertimizi təşkil etdik”.

Kamança ifaçısı qeyd edib ki, bu konsert digər rayonlarda da davamlı olaraq təşkil olunacaq. Pərviz Fərhadov bu günlərdə Türkiyədən qayıtdıqlarını da bildirib. Onlar Türkiyənin TRT Avaz və TRT Müzik kanallarında qrup olaraq çıxış edib.


Qeyd edək ki, “Aypara” qrupunda fəaliyyət göstərən gənc ifaçılar hazırda xalq artisti, professor Siyavuş Kəriminin rəhbərlik etdiyi Azərbaycan Milli Konservatoriyasının tələbələridir. Gənclər sənətin sirlərini müəllimləri xalq artisti Mənsum İbrahimovdan, əməkdar artistlər Elçin Həşimov və Elnur Əhmədovdan öyrənirlər.

Xəyalə Muradlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1370

Oxşar yazılar