Mənsum İbrahimov, “Qarabağ” muğam qrupu və uğurlu qastrol səfəri
06 aprel 2011 13:02 (UTC +04:00)

Mənsum İbrahimov, “Qarabağ” muğam qrupu və uğurlu qastrol səfəri

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, xalq artisti, “Şöhrət” ordenli Mənsum İbrahimov aprelin 1-dən 5-ə kimi qastrol səfərində olub. Məşhur xanəndə “Qarabağ” muğam qrupu adı altında musiqiçiləri ilə birgə əvvəl Belçikada, sonra Hollandiyada konsert proqramları ilə çıxış edib.

Səfərdən qayıdan Mənsum İbrahimov təəssüratlarını ilk olaraq Lent.az-a bölüşüb. O bildirib ki, Hollandiyanın məşhur Troppen teatrının təşkil etdiyi səfər çərçivəsində ilk konsert aprelin 1-də Belçikanın Antverpen şəhərində baş tutub. Anşlaqla keçən konsertdə Azərbaycanın Belçikadakı səfiri Emin Eyyubov və səfirliyin əməkdaşları da iştirak edib: “Konsert çox gözəl keçdi. Hətta konsert başa çatandan sonra salonun rəhbəri – musiqişünas xanım bizə yaxınlaşıb söhbət edəndə gözləri doldu. Dedi “mən sizin musiqinizə, muğamlarınıza valeh oldum. Bundan sonra mən sizin musiqinizin təbliğatçısı olacam”. Biz ona Heydər Əliyev Fondunun buraxdığı “Qarabağ xanəndələri” diskini və öz albomumuzu hədiyyə verdik. Çox böyük məmnuniyyətlə qəbul etdi və bizi payızda orada daha bir konsert vermək təklifi irəli sürdü”.

Mənsum İbrahimov Hollandiya baş tutan növbəti üç konsert barədə də məlumat verib. Konsertlər aprelin 2-də Utrexdə, 3-də Amsterdamda olub. Azərbaycanın Hollandiyadakı səfiri Fuad İsgəndərovun da qatıldığı konsert tamaşaçılar tərəfdən böyük maraqla qarşılanıb: “Səhəri gün isə Haaqada “Əli və Nino” kitabının yeni variantının təqdimat mərasiminə dəvət aldıq. 24 ölkənin səfirinin, 2 nazir müavininin, diplomatların da qatıldığı çox möhtəşəm bir tədbir idi. orada gürcü musiqiçilərilə yanaşı, biz də “Qarabağ” muğam qrupu olaraq çıxış etdik. Hətta gürcü musiqiçilərlə birgə ifamız da oldu. Bütün mahnıları da mikrofonsuz səsləndirdik. Çünki zalın gözəl akustikası vardı. Elə orada da bizə yeni təklif gəldi. Oktyabrda böyük bir konsert proqramı ilə çıxış etməyimizi istədilər”.

Xalq artisti konsertlərin bu qədər uğurlu keçməsində onu müşayiət edən musiqiçilərin də böyük zəhmətini xüsusi vurğulayıb: “Qeyd etdiyim kimi, hər dörd konsertdə “Qarabağ” muğam qrupu adı altında çıxış etdik. Bütün afişalarda, proqramlarda da bu cür yazılmışdı. Hesab edirəm ki, bunun özü də bir təbliğat vasitəsidir. Biz musiqiçi olaraq Qarabağın Azərbaycanın əzəli, əbədi torpağı olduğunu dünyaya bu cür tanıdırıq. Bir ildir, hansı ölkəyə səfərə getsək, “Qarabağ” ansamblının adını xüsusi vurğulayırıq. Budəfəki konsertlərdə məni əməkdar artistlər Elçin Həşimov və Elnur Əhmədovla yanaşı, balabanda Nizami Allahverdiyev, nağarada Kamran Kərimov müşayiət etdi. Çox xoş təəssüratlarla geri döndük. Düzdür, xeyli gərgin səfər oldu. İstirahət etmədən bir-birinin ardınca ayrı-ayrı şəhərlərdə konsert vermək çətin idi. Amma çəkdiyimiz zəhmət qazandığımız uğura dəydi”.

Xəyalə Muradlı
# 719

Oxşar yazılar