Tacir Şahmalıoğlu: “Allah haqqı, öpüşdüyüm erməni deyil, kürddür...” – MÜSAHİBƏ
04 aprel 2011 18:10 (UTC +04:00)

Tacir Şahmalıoğlu: “Allah haqqı, öpüşdüyüm erməni deyil, kürddür...” – MÜSAHİBƏ

Azərbaycanın tanınmış müğənnisi, əslən Qarabağdan olan Tacir Şahmalıoğlunun Moskvadakı məclis zamanı çıxışını əks etdirən videosu “Youtube” saytında yayılıb. KİV-də yer alan məlumatlara görə, videoda azərbaycanlı sənətçinin eyni səhnəni bölüşdüyü, bir yerdə muğam oxuduğu ifaçı əslən ermənidir. Tacir Şahmalıoğlu bunu təkzib etsə də, Lent.az-a müsahibə verərək, məsələyə daha geniş şəkildə aydınlıq gətirib.

- Mətbuatda yazılanlar həqiqətə uyğun deyil. Mənim öpüşüb-görüşdüyüm o adam kürddür. Adı da Viledir. Sadəcə, erməni mahnıları da oxuyur. Amma özü kürddür, erməni yox. Mən onunla görüşmüşəm. Erməni ilə heç vaxt öpüşüb-görüşmürəm. Gedib deməliyəm niyə erməni mahnısı oxuyursan?

- Heç olmasa qarabağlı kimi etiraz edə bilməzdiz?

- Mən müğənniyəm, boksçu deyiləm. Mənim nə işimə qalıb ki, o erməni mahnısı oxuyur, ya kürd mahnısı...

- Sizin də mübarizəniz öz səsinizlə, musiqinizlə olmalıdır. Mütləq deyil ki, boksçu olasınız.

- Mən musiqini Azərbaycanca oxuyuram, ermənicə yox. Başqasına da zəmanət vermirəm. Kim nə dilində necə oxuyur, bu məni heç maraqlandırmır.

- Siz o toya gedəndə orada ermənilərin olduğunu bilirdiz?

- Xeyr, bilmirdim. Məni o toya gədəbəyli dostum Nazim dəvət etmişdi. Orada restoranı var. Mən o məclisə Azərbaycan tərəfdən dəvət alıb getmişəm. Öz mahnımı oxuyub, çıxmışam. Nə işimə qalıb kim nə mahnı oxuyub? Mən Moskvada erməniyə kəllə atmalıyam? Ora Moskvadır. Bakı olsaydı, hə, siz deyəndir. Siz yaxşı bilirsiz ki, Moskvada erməni-müsəlman söhbəti yoxdur. Orda ermənilərlə müsəlmanlar ağız-ağıza öpüşürlər. Onlara bir söz deyən yoxdur heç.

- Siz hesab edirsiniz ki, atdığınız addım doğrudur?

- Mənim addımlarım həmişə doğru olub. Mən səhv addım atmıram. Ömrüm boyu da səhv addım atmamışam. Dünəndən nə qədər jurnalist mənə zəng vurub. Mən əminliklə deyirəm ki, həmin adam kürddür, erməni yox. Bunu sübut da edə bilərəm.

- Necə sübut edə bilərsiz?

- Mən həmin adamla sizi görüşdürə bilərəm. Bu hadisə dekabrın 31-də olub. Mən ora həmin “Prestij” restoranının yiyəsi tərəfindən dəvət aldım. Mənim dostumdur, adı Nazimdir, Gədəbəydəndir. Özü də məni ora gitaraçı Elmanla birlikdə dəvət etdi. Biz ora qonaq getmişik. Nəyimizə lazım ora erməni, yəhudi gəlib, ya yox. Bu, məni maraqlandırmır. Bir də ki, oxuduğum zaman məni çox adam gəlib öpə bilər. Mən necə bilim ki, o, ermənidir? Alnına yazılmayıb axı. O ki qaldı orda görüşdüyüm ifaçıya, o, kürddür. Özü də neçə illik dostumdur. Erməni mahnıları da oxuyur. Amma bu da həqiqətdir ki, həmin məclisdə erməni olub. Duet oxuduğum da yenə həmin kürddür. Quran haqqı! Mən bunu bütün təfsilatı ilə deyə bilərəm. Lap istəyirsiz, mən o adama deyim sizə zəng vurub danışsın da. Görün ermənidir, ya kürd.

- Məncə, pis olmaz.

- Hə, nolar. Xahiş edərəm, sizə zəng vursun. O, öz dilində də mahnı oxuyur, erməni dilində də. Mən isə orda doğma Azərbaycan dilində mahnı oxumuşam. Duet oxumamışam. Mən onunla necə duet oxuya bilərəm axı? Sadəcə, mənimlə oxuduğu türk mahnısıdır. Selami Şahinin mahnısını oxuyanda gəldi mikrofonu əlimdən aldı, bir bənd də o ifa etdi. Bu qədər.

- Amma bu video “Youtube”da erməni tərəfindən yerləşdirilib.

- Onu bilmirəm, kim tərəfindən, nəyə görə qoyulub. Mən faktlardan danışıram. Mənim o məclisdə oxuduğum Azərbaycan mahnısı olub. Əlimdən mikrofonu alan isə kürddür. Bundan artıq heç nə deyə bilmərəm. Mən yaxşı sənətkaram. Azərbaycanın da bədbəxtliyi ondadır ki, yaxşı sənətkarı dartıb salırlar quyunun dibinə. Məni də quyuya salmaq istəyirlər. Amma alınmayacaq. Quru palçıq divara yapışmır. Məni xalq necə tanıyır, axıra kimi də elə tanıyacaq. Bilirlər ki, mən qarabağlıyam, qeyrətli oğlanam.

- Deməli, bunu özünüzə qarşı bir kampaniya hesab edirsiz?

- Bəli. Mənə qarşı kampaniya qurulub. Bilmirəm kimlər tərəfindən. Sayta video yerləşdirmək çətin bir şey deyil ki. İstənilən adam edə bilər. Bunu da yerləşdirən məni istəməyən adamdır. Bilə-bilə yerləşdirib ki, söz-söhbət yaransın. Necə olur, 35 ildir sənətdəyəm, hələ bir dəfə adıma bir mənfi gəlmədi. Amma indi belə bir şey ortaya çıxdı? Hamısı boş şeylərdir. Orda yazılmayıb axı, o ermənidir. Məni hirsləndirən odur. Orda yazılsaydı, deyilsəydi ki, bu adam ermənidir, bu, ayrı məsələ. Onda mən ayrı cür cavab verərdim. Amma faktı mən bilirəm. Bilirəm ki, o erməni deyil. Allah haqqı, erməni deyil, kürddür! Mən oxuyanda gəlib mənim üzümdən öpür. Hər məclisdə belə şeylər olur. Pərəstişkarlarım, məni çox istəyənlər, gəlib üzümdən öpürlər. Burda qəbahətli bir iş yoxdur. Biz öz torpağımızda nəsə deyə bilərik. Əgər Azərbaycanda belə bir şey olsaydı, deyərdiz ki, Qarabağlı ola-ola Bakıda ermənilərlə yeyib-içirsiz. Buna mən razıyam. Amma ora Moskvadır. Heç kim heç nə deyə bilməz. Əvvəldən məclisdə ermənilərin olduğunu bilməmişəm. Uşaqların danışığından sonra başa düşmüşəm ki, ermənilər də var. Ancaq birini də nə dindirmişəm, nə də salam vermişəm. Elmanla yan-yana oturmuşuq. Bizi dəvət edəndə də durub ifa eləmişik, vəssalam.

İmkanınız varsa, yaxşı sənətkarlara dəstək verin. Qırx arşın quyunun dibinə salmayın. Bu, bizə yaraşmır. Məni hamı yaxşı tanıyır. Amma adama belə qara yaxmazlar. Mənim sizə dediyim fikirlər faktdır. Mən o məclisdə heç bir erməni ilə öpüşüb-görüşməmişəm. Heç bir erməniyə salam verməmişəm. Yanımdakı da kürd dostum Viledir.

Xəyalə Muradlı
# 2123

Oxşar yazılar