Ramiz Əzizbəylinin ilk “cızma-qaralarının” təqdimatı oldu
04 aprel 2011 16:09 (UTC +04:00)

Ramiz Əzizbəylinin ilk “cızma-qaralarının” təqdimatı oldu

Lent.az-ın məlumatına görə xalq artisti Ramiz Əzizbəylinin “Cızma qaralarım” adlı ilk kitabının təqdimat və müzakirəsi keçirilib. Kitabda Ramiz Əzizbəylinin 10 ildən artıq bir dönəmdə qələmə aldığı “And içmişəm”, “Millət”, “Tövbə” kimi şerləri, “Yol”, Mıx”, “Yuxu” kimi hekayələri və publisistikası toplanıb.
Tədbiri açan Yazıçılar Birliyinin katibi Rəşad Məcid Ramiz Əzizbəylini 25 ildir tanıdığını və dostluq etdiyini dedi: “Kitabının adını çox təvazökarlıqla qoysa da AYB-nin 10 ildir ki, üzvüdür, mətbuatda xeyli şer və hekayələri çıxandan sonra onu Birliyə üzv etdik.”

Çıxışından sonra Rəşad Məcid mərasimi idarə etməyi yazıçı Elçin Hüseynbəyliyə təklif etdi. Elçin Hüseynbəyli Ramiz Əzizbəyli ilə birgə yaradıcılıq işlərindən söz açdı: “Onu bir rejissor kimi, aktyor kimi tanıyırdım, indi bir qələm adamı kimi kəşf etdim. İstedadlı insan hər sahədə özünü realizə edə bilir. Odur ki, bu hamı üçün gözlənilməz ola bilər, amma mənim üçün onun gözlənilən addımıdır.”

Xalq artisti İlham Namiq Kamal da Ramiz Əzizbəylinin fəaliyyətindən söz açdı və onun da çalışdığı Mədəniyyət və İncəsənət Universitetinin kollektivi adından həmkarlarını təbrik etdi.

Yazıçı-dramaturq Əli Əmirli, şairlər İlyas Tapdıq, Ramiz Rövşən Ramiz Əzizbəylinin “Cızma qaraları” haqda rəy bildirdilər.

Ramiz Əzizbəyli 9 yaşından televiziyada, sonradan teatrda və kinoda çalışır. Xalq artisti, aktyordur. Həm də “Pirverdinin xoruzu”, “Bəxt üzüyü”, “Yalan” filmlərinin rejissorudur.

Q. Ramilə
# 645

Oxşar yazılar