kulis.az internet dərgisi fəaliyyətə başladı
04 aprel 2011 13:58 (UTC +04:00)

kulis.az internet dərgisi fəaliyyətə başladı

Lent.az-ın verdiyi məlumata görə, saytın baş redaktoru gənc yazıçı-publisist Qan Turalıdır.

İnternet dərgidə Azərbaycan və dünya mədəniyyəti ilə bağlı materiallar əksini tapacaq. Başqa sözlə, ədəbiyyat, kino, teatr, televiziya və mədəniyyətin digər sahələri ilə bağlı tənqidi analitik yazılar, araşdırmalar, müsahibələr, köşə yazıları saytda yer alacaq. Kulis.az-ın bir çox maraqlı layihələri də var. Bu sırada internet dərgidə intihar etmiş yazıçılarla bağlı silsiləni, maraqlı fotosessiyaları qeyd etmək olar. Dərgi məşhur italyan filosofu və yazıçısı Umberto Ekonun köşə yazılarını da çap edəcək.

Baş redaktor Qan Turalı bildirib ki, Kulis.az alternativsiz bir internet dərgi kimi fəaliyyət göstərəcək. Azərbaycanda ayrı-ayrılıqda ədəbiyyat, kino saytları olsa da, kulis.az internet dərgisi mədəniyyətin bütün sahələrini əhatə edəcək. kulis.az-ın yazarları arasında gənc yazıçı və publisistlər Mirmehdi Ağaoğlu, Elmir Həsənli, Sevda Sultanova, Nərmin Kamal, Günel Mövlud və digərləri var.
# 1319

Oxşar yazılar