Azərbaycanın yeganə kinostudiyası əsaslı təmirə dayanır - EKSKLÜZİV
01 aprel 2011 17:17 (UTC +04:00)

Azərbaycanın yeganə kinostudiyası əsaslı təmirə dayanır - EKSKLÜZİV

Kinostudiyanın direktoru Xamis Muradovun Lent.az-a verdiyi eksklüziv məlumata görə, təmir işləri ilə əlaqədar olaraq aprelin 5-də Fransa şirkətinin əməkdaşları Bakıya gələcəklər. Onlar kinostudiyanın laboratoriyaları, texnikası ilə tanış olacaqlar. Bundan başqa mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə də görüşəcəklər.

Xamis Muradov bildirib ki, kinostudiyanın təmir işləri məhz həmin şirkət tərəfindən həyata keçiriləcək: “Təmirlə bağlı daha ətraflı məlumat sonra fransızlar gələndən sonra bilinəcək. Onu deyə bilərəm ki, kinostudiya yeni müasir texniki avadanlıqla da təchiz olunacaq. Həmin yeni texnika Fransadan gətiriləcək. Təmirin nə qədər davam edəcəyini bilmirəm. Amma bir ilə qurtarsa, buna yalnız sevinərəm”.

Direktor onu da vurğulayıb ki, təmir müddətində kinostudiya öz işini davam etdirəcək, filmlərin istehsalı yarımçıq dayandırılmayacaq.

Qeyd edək ki, “Azərbaycanfilm” Kinostudiyası 50 il bundan qabaq tikilib və o vaxtdan əsaslı təmir olunmayıb. Kinostudiyanın laboratoriyası 20 ilə yaxındır ki, fəaliyyət göstərmir. Pavilyonları pis vəziyyətdədir. İstilik sistemi 25 ildir yoxdur. Səsyazma sexi, otaqları, dəhlizləri bərbad haldadır. Çəkiliş texnologiyası isə 1974-cü ildə alınan texnologiyadır. Buna görə də film istehsalı zamanı kinostudiya texnikanı Rusiya, Gürcüstan, ya da İrandan icarəyə götürür.

Onu da xatırladaq ki, 2005-ci ildə kinostudiyada təmir işləri başlasa da, yalnız dam örtüyünün yenilənməsi ilə kifayətlənmişdi. Bu 5 il müddətində ölkənin ilk və yeganə kinostudiyasının əsaslı təmir işləri yarımçıq dayandırılmışdı.

Xəyalə MURADLI
# 645

Oxşar yazılar