Ramil Qasımov: “Koroğluya məhz Bülbülün ifasında vurulmuşam” - FOTO
29 mart 2011 17:12 (UTC +04:00)

Ramil Qasımov: “Koroğluya məhz Bülbülün ifasında vurulmuşam” - FOTO

İlk dəfə olaraq, tamaşada Koroğlu partiyasını gənc və istedadlı vokalçı Ramil Qasımov ifa edib. Azərbaycan səhnəsində Koroğlu partiyasının ən gənc ifaçısı sayılan Ramil Qasımovun debütü tamaşaçıların böyük marağına səbəb olub və tamaşa anşlaqla baş tutub. Uğurlu debütü ilə əlaqədar Ramil Qasımov bu gün mətbuat konfransı keçirib.


Lent.az-ın məlumatına görə, gənc vokalçı ilk olaraq, Koroğlu partiyasına teatrın rəhbərliyi tərəfindən dəvət olunmasından danışıb. O qeyd edib ki, 11 ildir, Musiqili Komediya Teatrında çalışır. Sənətin sirlərini isə Bülbülün tələbəsi olmuş Mobil Əhmədovdan öyrənib. Ramil Qasımov bu partiyaya hazırlaşdığı müddətdə 1 ay Qobuda atla məşq edib: “Təbii ki, Koroğlunun əvvəlki ifaçılarını izləmişəm. Ən çox da Bülbüldən təsirlənmişəm. Koroğluya məhz Bülbülün ifasında vurğun olmuşam. Amma Lütfiyar İmanovun da ifasını çox bəyənirəm. Onu da deyim ki, Lütfiyar İmanov mənim solo konsertimdəki çıxışı zamanı “mən Koroğlunu Ramil Qasımovun ifasında duyuram” demişdi. Mənim üçün də ən yaxın obraz birinci növbədə Koroğlu, ondan sonra isə Əsgər obrazıdır”.


Koroğlunun gənc ifaçılarına gəlincə, Ramil onların hər birinin ifasının özünə məxsus olduğunu deyib: “Mən heç bir ifanı nə pisləyə, nə də tərifləyə bilərəm. Hərənin özünə məxsus ifası var”.

Jurnalistlərin suallarını cavablandıran vokalçı operamızın şah əsəri sayılan “Koroğlu”nun film-opera variantını hazırlamaq fikrində olduğunu da dilə gətirib. Onu da deyib ki, onun ifasında növbəti “Koroğlu” operası yeni teatr mövsümündə - sentyabr ayında nümayiş olunacaq.


Ramil Qasımov bədii rəhbəri olduğu “Biz Bakıdanıq” estrada simfonik orkestri və “R&D” şirkəti barədə də söhbət açıb. Orkestri yaratmaqda məqsədin istedadlı və peşəkar gəncləri bir araya toplamaq olduğunu söyləyib. Bildirib ki, aprel ayından etibarən orkestr “Səni tərənnüm edirəm, Azərbaycanım” şüarı altında regionlarda, ilin sonunda isə ölkə xaricində konsertlər verəcək. Şirkətin həyata keçirdiyi layihələrdən də danışan R.Qasımovun sözlərinə görə, məqsədləri sırasında unudulmuş sənətkarların disklərini və kitablarını çap etdirmək də var. Məsələn, indiyə qədər Elxan Əhədzadə, Eldar Axundov, Oqtay Hacıyev və Rəşid Şəfəqin diskləri işıq üzü görüb.

Sonda martın 27-də nümayiş olunan “Koroğlu” operasından bir parça nümayiş etdirilib.

Xəyalə Muradlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1423

Oxşar yazılar