Azərbaycan kitabları Əbu-Dabi Beynəlxalq Kitab Sərgisində
16 mart 2011 11:02 (UTC +04:00)

Azərbaycan kitabları Əbu-Dabi Beynəlxalq Kitab Sərgisində

Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı, respublikamızın sərgi üzrə əlaqələndirici Elbəy Əlinin Əbu-Dabidən Lent.az-a verdiyi xəbərə görə, 2011-ci il mart ayının 15-də başlayan möhtəşəm kitab bayramının kataloqunda Azərbaycan da yer alıb. 168 adda 265 nüsxə kitabla, ölkəmizi tanıdan çox sayda informatik bülletenlər, albomlar, broşurlar, jurnallar və kataloqlarla tədbirə qatılan milli ekspozisiya ilk gündən böyük maraq doğurub. Mövzusuna görə rəngarəng olan kitablar arasında Azərbaycan tarixinə və xalqımızın müstəqillik uğrunda mübarizəsinə, Heydər Əliyevin zəngin irsinə və həyat yoluna, müasir dövrdə dövlətimizin apardığı iqtisadi, siyasi, mədəni həyatına aid nəşrlər, eyni zamanda incəsənət, mədəniyyət, ədəbiyyat istiqamətli kitablar var. Əbu-Dabi Beynəlxalq Kitab Sərgisində Azərbaycan kitablarının nümayişi martın 20-ə qədər davam edəcək.


Elbəy Əli bildirib ki, bu ilin sentyabr ayının 26-dan 30-a qədər II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının keçiriləcəyi nəzərə alınaraq, il ərzində Azərbaycan kitab sənətinin uğurları dünyanın ən nüfuzlu sərgi-yarmarkalarında nümayiş etdiriləcək. London, Moskva, Frankfurt, İstanbul, Minsk və digər şəhərlərdə təşkil olunan ənənəvi sərgilər bu sıradandır.

Xəyalə
# 624

Oxşar yazılar