Nurəddin Mehdixanlı: “Bu adamlar mənim ömrümü əlimdən aldılar” – MÜSAHİBƏ
25 fevral 2011 10:56 (UTC +04:00)

Nurəddin Mehdixanlı: “Bu adamlar mənim ömrümü əlimdən aldılar” – MÜSAHİBƏ

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Nurəddin Mehdixanlının Lent.az-a müsahibəsi

- Gözləmə otağında görüşməyimizdən belə başa düşdüm ki, indi də aktyorların jurnalistləri qrim otağına aparmağına icazə verilmir. Necə ki, bir müddət əvvəl müsahibə verməyə qoymurdular.

- Əslində heç kimə qadağa qoyulmamışdı və heç kimin də ağzını bağlamamışdılar. Kim istəyirdi, danışmağı bacarırdısa, danışırdı. Amma kimlərinsə şəxsi ağrıları, problemləri, narahatlıqları vardısa və hər gün danışırdılarsa da, içində bir şey yox idi.

- Kimlərsə də qorxub danışmırdı...

- Yox, əslində yox. Bilirsiniz necədir? Danışmaq xətrinə danışmaq lazım deyil. Mən hesab etmirəm ki, bu, bizim görəcəyimiz işlərə yardımçı olacaq. İstənilən söhbət nəyəsə xidmət etməlidir. Axır zamanlar görürəm ki, biz hamımız danışırıq, amma ortalıqda iş yoxdur. İş görmək lazımdır, çünki iş görən adamın danışmağa vaxtı olmur. Bir də elə adamlar var ki, gündəmdə qalmaq üçün danışırlar, amma danışdıqlarının arxasında da bir fəaliyyət yoxdur. O ki qaldı jurnalistlərə qrim otağına getməyə icazə verilməməyinə, bura da gözəldir, istidir, rahat əyləşmək üçün şərait var, rahat da söhbət edirik, kimsə bizə mane olmur. Amma qrim otağının öz özəlliyi var. Ora bizim bir dünyamızdır. Hər şeyi sizlərə göstərsək, maraqsız olar. Teatrı sirli saxlamaq daha yaxşıdır.

- Amma əvvəl belə bir problem yox idi axı. İndi nə oldu?

- Hə, düzdür. 1987-ci ildən Akademik Milli Dram Teatrında bütün mənalarda açıq qapı siyasəti başladı. Nəticədə teatr zaman keçdikcə nüfuzdan düşdü. Aktyorlar adiləşdilər, çoxu ciddiyyətini itirdi. Davranışı, ağlı, intellekti ilə hətta teatrın qarderobunda belə işləməyə layiq olmayan adamlar aktyor, aktrisa kimi Akademik Dram Teatrının səhnəsinə yol açdılar. Nəticə etibarilə də teatrın itirdikləri daha çox oldu, nəinki qazandıqları. Bu teatrın bir xüsusiyyəti var – universitet auditoriyasından çıxıb teatra gələnlər burada yetişə bilirlər. Amma hətta başqa teatrlarda ən uğurlu işlərin sahibi olan aktyorlar belə bu teatrda uğur qazana bilmirlər, itib batırlar. Çünki hər yerin özünün daxili qayda-qanunları, tələbləri, ölçüləri var. Kənardan gələn və teatrın daxili atmosferinə uymayan çox adamlar daxili atmosferi dağıtdılar, müəyyən mənada daha güclü çıxdılar. Və Akademik Dram Teatrı uduzdu. Ona görə də bir az toparlanmağın vaxtıdır. Qapıları bir az bağlamaq lazımdır ki, sabah onları açanda göstərə biləcəyin bir şey olsun.

- İslahatlar çərçivəsində müsabiqə dediyiniz açıq qapı siyasətinə son qoymaq və bura layiq olmayanları kənarlaşdırmaq üçün keçiriləcəkdi. Amma keçirilmədi və dediyiniz o adamlar hələ də teatrda işləyirlər.

- Təbii ki, islahatların başında Mədəniyyət və Turizm Nazirliyi durur. Teatr rəhbərliyi də birbaşa bu işlərin içində idi. Sonradan qərar verildi ki, hamıya bir il imkan verilsin. O müddətdə hamını işinə görə seçsinlər. Bu niyyətlə müsabiqə ləğv olundu. Amma mənim şəxsi fikrim ondan ibarətdir ki, bu işi dayandırmaq lazım deyildi. Müsabiqə mütləq olmalıydı. Bu islahat sona qədər aparılmalıydı. Bu teatrın tələblərinə cavab verməyəcək şəxslər getməliydilər. Bəlkə başqa teatrlarda daha yararlı olacaqdılar. Bu teatr elə belə gəlib dramaturqun sözlərini əzbərləyib ona hamballıq etmək demək deyil. Yazıçı yazır, rəssam çəkir, amma aktyor insan yaradır. Deməli aktyor o qədər dolu olmalıdır ki, boynuna qoyulmuş bu yükü daşıya bilsin. Amma aktyor var ki, son 10 ildə bir kitab oxumayıb. Aktrisa var ki, 15 ildə bir qəzet üzü açmayıb, nəinki dünyadan, Azərbaycanda nələrin baş verdiyindən belə xəbəri yoxdur. Bu islahatlar başlayanda çox adamlar narahat oldular. Özü də narahat olanların əksəriyyəti o adamlar idi ki, burda işləməyə layiq olmadıqlarını bilirdilər. Yenə deyirəm, bu işi dayandırmaq lazım deyildi. Çünki getməli olan adamlar artıq psixoloji cəhətdən getməyə hazır idilər, barışmışdılar. Heç kim barmaqla göstərməmişdi ki, bu adam gedəcək, bu qalacaq. Amma hər kəs öz taleyini bilirdi. Əgər insan özünə arxayın deyilsə, bundan ötrü kimlərisə günahlandırmaq lazım deyil. Çox qəribədir, bu işi bacarmırlar, amma deyirlər burda qalmalıyam. Akademik Milli Dram Teatrında akademik tələblərə cavab verə biləcək insanlar çalışmalıdır.

- Bu baxımdan müsabiqənin ləğvini geriyə atılmış bir addım hesab etmək olar?

- Yox, bunu həm də başa düşmək lazımdır. Cəmiyyətdə müəyyən anlaşılmazlıqlar var idi ki, uzun illər bu teatrda çalışmış insanları niyə bu qədər aşağılayırlar, müsabiqəyə salırlar. Özü də bu məsələdə xüsusən aktyorları aşağılayan yazılar yazıldı. Bizi ağrıdan məsələlər də oldu. Getməyə layiq olan da, olmayan da meydanda olacaqdı və qarışıqlıq yaranacaqdı. Cəmiyyəti inandırmaq olmur. Yenə deyirəm, mən müsabiqənin tərəfdarı idim. Amma sənət dostlarımın narahatçılığını bəzən anlamırdım. İslahatlar tutaq ki, aparıldı. Məgər bu teatrı Rafiq Əzimovsuz, Ramiz Novruzsuz, Bəsti Cəfərovasız, Firəngiz Mütəllimovasız, Sənubər İsgəndərlisiz, Rövşən Kərimduxtsuz təsəvvür edirsiniz? Yaxud gənc uşaqlar var - Rəşad, Elnar, Anar, İlyas - gənc və istedadlıdırlar. Mən onlarsız bu teatrı təsəvvür etmirəm.

- Bəs kimlərsiz təsəvvür edirsiniz?

- Təbii ki, mən sayardım. Amma mən kimlərinsə adını çəkməyi qəhrəmanlıq nümunəsi hesab etmirəm və bu, böyük bir cəsarət də tələb etmir. Amma bu adları aktyorların dilindən eşitməyə çalışmayın. Çünki nəticə etibarilə bu proseslərin başında biz dayanmırıq. Teatrda uğursuz, layiq olmayan insanlar işləyirlərsə, bunun günahkarı biz deyilik. Onları bura biz götürməmişik. Əgər Akademik Dram Teatrının uğursuz tamaşaları olubsa, bunun günahını aktyorlarda axtarmaq lazım deyil. Teatra pyesi biz gətirmirik, rejissoru biz təyin etmirik, rolları biz bölmürük.

- Amma o cür tamaşalarda oynamağa razı olursunuz.

- Necə razı olmayacaqsan, aktyorun roldan imtina etməyə haqqı yoxdur.

- İndiki müqavilədə də şərtlər belədir?

- Bəli, indi də belədir. Bir dəfə ərizə yazıb imtina edə bilərsən ki, bu rol mənim yaradıcılıq imkanlarıma uyğun gəlmir. İkinci dəfə imtina edə bilməzsən. Deyəcəklər onda sən burda niyə işləyirsən. Dünən Hamlet idin, bu gün qəbir qazanı oynayacaqsan. O roldan imtina et, bu roldan imtina et, bunun axırı necə olacaq?! Sadəcə aktyorlar ona görə qınaq obyektinə çevrilirlər ki, son məhsulu onlar göstərirlər. Mən demirəm bizim bütün işlərimiz uğurludur. Amma hədəfi yayındırıb aktyorun üzərinə yönəldirlər. Özü də çoxları bunu bilərəkdən edir. Əgər bu gün müasir Azərbaycan dramaturgiyasında bir-iki nəfərdən başqa kimsə yazmırsa və yazılanlar bu günün tələblərinə cavab vermirsə, biz neyləməliyik?! Əgər bu gün Azərbaycanda üç-dörd rejissordan başqa rejissor sözünə layiq olan adam yoxdursa, bunun günahkarı biz deyilik. Amma bu gün Azərbaycan teatrının Vaqif İbrahimoğlu, Mehriban Ələkbərzadə, Rövşən Almuradlı, Azər Paşa Nemətov, Bəhram Osmanov kimi rejissorları var və bunları kimsə inkar edə bilməz. Bəxtiyar Xanızadə özünün teatr məktəbini yaradıb. Biz bu illər ərzində onların imkanlarından düzgün və səmərəli istifadə edə bilmişikmi?!

- Mərahim Fərzəlibəyovun adını çəkmədiniz.

- Teatrda baş rejissor işləyən və bir zaman çox uğurlu tamaşalar qoymuş bizim hörmətli Mərahim Fərzəlibəyovun baş rejissorluğu dövründə “Azdrama”nın 3 tamaşası bağlanıb. Mənə belə gəlir ki, özünə hörmət edən baş rejissor elə o zaman papağını götürüb deməli idi ki, “mən baş rejissorluğu idarə edə bilmirəm”. Amma dörd il oturdu o vəzifədə. Və o dörd il mənim ömrümdən getdi. Eləcə də bir çox digər aktyorların. Rejissorlardan, dramaturqlardan fərqli olaraq, aktyorun sənət ömrü həm də yaşı ilə bağlıdır. Mən 5 il bundan qabaq edə biləcəyimi indi edə bilmərəm. Bu adamlar mənim bütün ömrümü əlimdən aldılar. Sən adını baş rejissor kimi yazdırdın, amma mənim 4 il ömrüm xərcləndi. O 4 ildə mən heç bir iş görmədim. O nə tamaşa idi – “Şeyda”. Hüseyn Cavid çox böyük dramaturqdur. Amma niyə “Şeyx Sənan”ı, “Dəli Knyaz”ı, “İblis”i qoymadın? Onları qoymaq üçün rejissora ağıl və intellekt lazımdır. Bu gün teatrın başında bu sahə üzrə elmlər doktoru, professor olan bir insan gəlib. Mənə elə gəlir gec gəlib. 10-15 il bundan qabaq gəlməli idi. Mən son 10-15 il ərzində bu teatrın divarları arasında peşəkar teatr tənqidi eşitməmişəm. Çünki bir çox teatr tənqidçilərimiz ancaq vəzifəli adamların əsərlərini gəlib tərifləyirlər, yazılar yazırlar ki, işləri düşəndə müəyyən problemlərini həll etsinlər. Bugünkü Azərbaycan teatrında bir çox problemlərin yaranmasında teatr tənqidimiz günahkardır. Azərbaycanda ensiklopedik biliyə malik olan və Azərbaycan teatrını vergülünə, nöqtəsinə kimi tanıyan İlham Rəhimli niyə yazmır? Niyə Məryəm Əlizadə, Aydın Talıbzadə ayrı-ayrı tamaşalar haqqında yazırlar? Niyə yazmaq istəmirsiniz? Kimlərləsə pis olmamaq üçün. İllər boyu layiq olmadığımız tərifləri eşitmişik. İndi bizə deyəndə ki, bunu düz etmədin, üsyan edirik ki, mən dahiyəm. Xeyr. Özünə dahi deyənin ağlına şübhə etmək lazımdır. Bəzən görürsən ki, elədiyi bir şey yoxdur, amma çıxıb deyir mən filan rolu yaratdım. İnsan bu qədər özündən müştəbeh, ağlını itirmiş olar ki, desin mən yaratdım?! Bəzən İsrafil İsrafilovu elə təsəvvür edirlər ki, elə bil əlində qılınc dayanıb. Xeyr, elə şey yoxdur. İsrafil İsrafilov nə istəyir ki? Deyir, vaxtında işə gəl. Deyirlər, “nizam-intizam başqa şeydir...” Nədir nizam-intizam? Vaxtında iş yerinə gəlməkdir, səhnəyə hazır çıxmaqdır, məşqə, tamaşaya gecikməməkdir. Əgər xoşun gəlmirsə, başqa yerə get, o yerə ki, səndən belə şeyləri tələb etmirlər. Məgər kiməsə deyirlər ki, çəkilişə, dublyaja getmə? Get, amma əsas iş yerin buradır. Qalan işlərini də bura görə müəyyənləşdir.

- Bəs deyirlər, teatrda bir sıxıntı, gərginlik var...

- Yalandır! Kökündən yanlışdır! Bunu tam məsuliyyətlə deyirəm. Kiminsə özünün şəxsi sıxıntıları, problemləri varsa və bunların teatra aid olmayan səbəbləri varsa, bunu teatrın yaratdığı sıxıntı kimi cəmiyyətə sırımaq lazım deyil. Mən tamamilə açıq danışmaq istəmirəm. Heç kimi də incitmək istənmirəm. Amma dediklərimi deyirəm. “Mən 30 il bu teatrda çalışmışam...” Çox gözəl. Çalışmağa davam et. Kim sənə nə deyir? Sadəcə iş tələb olunur. Mənə elə gəlir ki, biz işləməyi yadırğamışıq. Daha çox boş buraxılmışıq. Mən başa düşürəm, aşırı azadlıq verilmişdi. Çünki teatr işləmirdi, təmirdəydi. İndi hər şeyi qaydasına qoymaq lazımdır ki, iş getsin, onda da əks reaksiya başlayır. Amma bir şeyi anlamaq lazımdır ki, biz bu işi görməliyik. Mənim heç bir sıxıntım, gərginliyim yoxdur. Heç kimdən də qorxmuram. İstənilən müsabiqəyə, imtahana hazıram. Mən bir şeyi bilirəm ki, dünənki ədalar bu gün keçməyəcək. Çox zaman bəzi narahatlıqlar da ordan gəlir. Dünənki meydan oxumalar olmayacaq axı. Amma bu teatrı yaşatmaq istəyiriksə, işimizə əxlaqla yanaşacağıq. Akademik Dram Teatrında çalışan insanlar bir şeyi anlamalıdırlar ki, onların səviyyələri akademik olmalıdır. Hətta intriqa olursa, o da akademik səviyyədə olmalıdır. Bazar, qaraçı səviyyəsində yox. Yəni səhnədə yaradıcı mənada yarışmaq lazımdır.

- Sizi səhnədə yeni hansı rollarda görəcəyik?

- Vaqif İbrahimoğlu “Lənkəran xanının vəziri” tamaşasını hazırlayır. Məşqlər gedir. Mənə xan rolu verilib. Balaca bir roldur, amma mənim üçün maraqlıdır, işləyirəm. Hüqonun “Qadın məhəbbəti” əsəri tamaşaya qoyulacaq. Vali olacağam. “Xanuma”da bir zamanlar Əliağa Ağayevin oynadığı rolda oynayacağam. Perspektivdə başqa gözəl əsərlər də var. Demək olar ki, teatrın bütün heyəti tamaşada məşğuldur.

- Bir sözlə, Nurəddin Mehdixanlı teatrın gələcəyini yaxşı görür.

- Mən ömrümü verdiyim bir teatrın uğurunu istəyirəm. Mən istəyirəm bizim övladlarımız peşəmizlə fəxr etsinlər. Teatrımın adı gələndə oğlum qürurlansın ki, atam orada işləyir. Belə şeylər olmasa, insanda peşmançılıq yaranır ki, nədən bu sənəti seçdim. Olub belə anlarım. Getmək də istəmişəm. Çünki illər boyu özünü hazırla, sonra da boş-boş otur. Teatrda mənasız əsərlər qoyulsun, kimlərsə tarixə baş rejissor kimi düşsün, mən ömrümü boşuna xərcləyim, tamaşaçı da gəlib tamaşanın yarısından çıxıb getsin. Heç kimin bu teatrın taleyilə oynamağa haqqı yoxdur. Bilmirəm bundan sonra nə qədər ömrüm qalıb, hansı işləri görə biləcəyəm. Amma mən bir şeyi bilirəm ki, artıq teatrın başında bu sahənin peşəkarı əyləşib. Halbuki elə rəhbərlər olub ki, iclasda iki kəlmə sözü bir-birinin ardınca qoşub danışa bilməyiblər. Mən iclasda da dedim, sabah bu teatrda mənə yer olmayacaqsa, papağımı götürüb rahatca gedəcəyəm. Niyə arzu olunmayan yerdə olum, kiminsə minnətini götürüm? Kimsə mənə desin ki, saxlayaq da səni, xalq artistisən. Mən bunu qəbul etmərəm. mən hesab edirəm ki, bu teatrın aktyor sarıdan problemi yoxdur. Sadəcə olaraq, teatrı artıq yüklərdən xilas etmək lazımdır.

- O da qaldı yenə bir ildən sonraya.

- Bu, mütləq olmalıdır. Biz onu da bilirdik ki, 32 nəfər bu teatrdan gedəcəkdi. Amma olmadı. İllərlə səhnəyə çıxmayan aktyor, aktrisamız var. Buna görə mütləq müsabiqə lazım idi. Ancaq gətirilənlər də bura layiq olmalıdırlar. Əgər birini çıxarıb yerinə onun kimisini gətirəcəksənsə, heç nə dəyişməyəcək. Fəlakət olacaq. Bu, bir şansdır. Ya Akademik Milli Dram Teatrı dəyişib yaşayacaq, ya da bu teatra xilas yoxdur.

Xəyalə MURADLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1754

Oxşar yazılar