Bəstəkarlar İttifaqında toplantı keçirilib
22 iyun 2009 11:30 (UTC +04:00)

Bəstəkarlar İttifaqında toplantı keçirilib

Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda son bir il ərzində təşkilatın gördüyü işlərdən bəhs olunub. Bu barədə Lent.az-a Bəstəkarlar İttifaqının mətbuat xidmətindən məlumat verilib.

İclasda İttifaqın sədri Firəngiz Əlizadə bu il Azərbaycan Bəstəkarlar İttifaqı üçün son dərəcə əhəmiyyətli olan bir çox tədbirlərin olduğunu deyib: “Bunların arasında ötən ilin avqust ayında Bəstəkarlar İttifaqının Naxçıvan bölməsinin yaradılmasının 30 illiyi münasibətilə Muxtar Respublikaya etdiyimiz səfəri xüsusi vurğulamaq istəyirəm. Bəstəkarlar İttifaqının Naxçıvan bölməsi çox fəal işləyir. Artıq Naxçıvan Konservatoriyasında bəstəkarlıq fakültəsi də fəaliyyətə başlayıb.

Bundan başqa, İttifaqın Şəki bölməsini açdıq. Şəkidə hazırda bəstəkar olmasa da, çoxlu musiqişünaslar fəaliyyət göstərir. Bu müsiqişünaslar hazırda çalışdıqları musiqi məktəblərində bəstəkarlığa meyl edən uşaqlar ilə aktiv iş aparırlar.

Ötən ilin sentyabr ayında Ağcabədi şəhərində Üzeyr Hacıbəylinin adını daşıyan Muğam Mərkəzinin açılışında iştirak etdik. Bu mərkəzin hər şəraiti var, həm yay, həm də qış konsert salonu musiqiçilərin ixtiyarına verilib.

Ötən il Bəstəkar İttifaqı üçün əhəmiyyətli məqamlardan biri də Gülüstan Sarayında “Üzeyir dünyası” layihəsinin təqdimatı oldu. Sevindirici haldır ki, Bəstəkarlar İttifaqının üzvləri belə bir möhtəşəm layihənin həyata keçrilməsində yaxından iştirak ediblər”.

Sənətşünaslıq doktoru Zemfira Səfərova çıxışında I Muğam Festivalı çərçivəsində keçirilən Beynəlxalq Simpoziumla bağlı düşüncələrini tədbir iştirakçıları ilə paylaşıb. Bəstəkarlar İttifaqının Şuşa bölməsinin sədri, Əməkdar İncəsənət Xadimi Rauf Əliyev rəhbərlik etdiyi bölmənin fəaliyyəti ilə bağlı məlumat vermişdir. Bölmənin qarşısında duran problemlərdən ən vacibinin məkanla bağlı olduğunu vurğulayan R.Əliyev hazırda paytaxtda fəaliyyət göstərən Şuşa musiqi məktəbləri ilə tez-tez təmasda olduğunu qeyd edib.

İclasın sonunda bir daha çıxış edən Sədr F.Əlizadə iştirakçılara yaradıcılıq uğurları diləyib və bildirib ki, bəstəkarlar və musiqişünasların fəaliyyəti üçün normal şəraitin yaradılması rəhbərlik etdiyi qurumun qarşısında duran ən vacib məsələlərdən olacaq.

Lalə Yusifqızı
# 530

Oxşar yazılar