“Hökmdarın taleyi”nin ilk geniş premyerası oldu
23 may 2009 15:30 (UTC +04:00)

“Hökmdarın taleyi”nin ilk geniş premyerası oldu

Mayın 22-də Heydər Əliyev Sarayında İlyas Əfəndiyevin “Hökmdar və qızı” faciəvi dramı əsasında Elçinin ssenarisi ilə çəkilmiş “Hökmdarın taleyi” filminin ilk geniş premyerası keçirilib.

APA-nın məlumatına görə, filmin nümayişindən əvvəl ekran əsərində əsas rolların ifaçıları tamaşaçılar qarşısına çıxıblar.

Filmin premyerasında aktyorlarla master-klasslar keçən və baş rolun ifaçısı xalq artisti Fəxrəddin Manafov çıxış edib: “Bu film 28 May Respublika Günü və İlyas Əfəndiyevin 95 illik yubileyi ərəfəsində geniş ictimaiyyətə təqdim olunur. Film bizim tariximizdən bəhs olunur, tarix isə millətin tərcümeyi-halıdır. Tariximizin dərdli, ağrılı səhifələri çox olub. Bu gün o səhifələri sizlərlə birgə vərəqləyəcəyik”.

Filmdə 200-ə qədər insan çalışdığını qeyd edən xalq artisti Müdafiə Nazirliyinin əsgər və zabit heyətinin də buraya əlavə olunacağı təqdirdə, bu rəqəmin 1000-ə çatacağını söyləyib . F. Manafovun çıxışından sonra isə film nümayiş olunub.

Qeyd edək ki, film “A.S.V.A Profi Studia XXI” Prodüser Mərkəzində istehsal olunub. “Hökmdarın taleyi” filminin çəkilişləri iki il davam edib. Filmin baş prodüseri Vaqif Əsədullayev, quruluşçu rejissorları Ramiz Fətəliyev və Dilşad Fatxulin, quruluşçu operatoru Dilşad Fatxulin, bəstəkarı isə Polad Bülbüloğludur. Filmdə xalq artisti Fəxrəddin Manafov həm aktyorlarla master-klasslar keçirib, həm də filmdə baş rolu - İbrahim xan obrazını canlandırıb. Filmdə Məmməd Səfa, Kamran Yunus, Vidadi Həsənov, Günəş Əliyeva, Aysu Əfəndiyeva, Yuri Balıyev, Mehriban Zəki, Sənubər İsgəndərli, Manaf Dadaşov, Muxtar İbadov, Aleksandr Şarovski, Leyli Hüseynli, Əli Cəfərov, Rusiya aktyorları Daniil Spivakovski, Aleksandr Qalibin, İlya Şakunov, Tacikistan aktyoru Saydo Kurbanov və başqaları çəkiliblər.

Film “Mostfilm”in nəzdində fəaliyyət göstərən “Ton studio”da Azərbaycanda indiyədək istifadə edilməyən “Dolbi 1/5” sistemində səsləndirilib. Filmin kiçik miqyasda premyerası ötən ilin mayında “Azərbaycan” kinoteatrında keçirilib.
# 569

Oxşar yazılar